Məhkəmə qərarları › İş №e-2(003)-408/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-408/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-408/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıll rayonunun Qarabağ qəsəbəsi deyilən ərazidə 3 sot torpaq sahəsində tikilmiş 3 otaqlı evin tikintisinə sərf edilmiş 20.000 manat pulun yarısını, yəni, 10.000 manat məbləğində pulun və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1089/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Cavadehlə xasiyyətləri uyğun gəlmədiyindən məhkəmə qaydasında boşanmışdırlar. Keçmiş arvadının bibisi xx.xx.1963-cü il təvəllüdlü X2 (mob: ***-***-**-**) İsmayıllı rayonu H.Əliyev prospekti d.1, ev 4-də qeydiyyatda olan (hazırda Bakı şəhəri Əhmədli kəndində yaşayan) İsmayıll rayonunun Qarabağ qəsəbəsi deyilən ərazidən 3 sot torpaq sahəsini 3000 manata almışdır. Həmin torpaq sahəsində 20.000 manat xərcləyərək 3 otaqlı ev tikmişdir. Aralarında olan alqı-satqını reallaşdırmaq üçün notariusa getməlidilər. Anacaq Elnarə ona demişdir ki, “tələsmə, bibim Elmira sənədləri bizə verəcək”. Dəfələrlə ona müraciət etməyinə baxmayaraq sənədləri onlara verməmişdir. Sonralar başa düşmüşdür ki, keçmiş arvadı ilə yola getmədiyinə görə onlar əlbir olub onun tikdiyi evi mənimsəmək istəyirlər. Həmin tikintiyə 20.000 manatdan artıq xərc çəkmişdir. Evi tikən ustalar tikinti materialı almışdır mağazalar şahiddir ki, bu evin tikilisi üçün nə qədər pul sərf etmişdir. Artıq bilir ki, Cavabdeh ona pulu verməkdən boyun qaçırmaq üçün bəhanələr gətirir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hətta o, İsmayıllı rayon Polis İdarəsinə müraciət etmiş, ona bildirilmişdir ki, mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehlə 2016-cı ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarında 2 övladları anadan olmuşdur. 2021-ci ildə qaynatası Fikrət torpağı onlara bağışlamışdır. O, evin tikilməsinə başlamış və təxminən tikinti işləri 2020-2023-cü illərdə olmuşdur. Lakin torpaq sahəsinin və evin rəsmi sənədləri yoxdur. Yəni ki, torpaq və ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda evin tikintisi başa çatmışdır və evin açarları ondadır. Evin tikintisinə ümumilikdə 20000 manat xərc çəkmişdir. Ev yaşayış üçün tam hazır deyildir. Cavabdehlə xx.xx.2023-cü ilədək fatiki birgə yaşamışdırlar. Sonra ayrılmışlar və cavabdeh başqa şəxsə ərə getmişdir. Evin tikintisinə çəkdiyi 10000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehlə ailəli olmuş və məhkəmə qaydasında boşanmışdırlar. Birgə nikah müddətində 2 övladları anadan olmuşdur. İddiaçı ilə boşandıqdan sonra ailə qurmuşdur. İddiaçı ona qarşı şər və böhtan xarakterli iddia irəli sürmüşdür. Hazırda mübahisə etdiyi evə heç bir xərc çəkməmişdir. Həmin ev bibisi Elmira Çələbovaya məxsusdur. İddiaçının həmin evlə bağlı heç bir hüquqi bağlılığı yoxdur. Buna görə də, iddianı əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun oğludur. Özü İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. Mübahisəli evi tərəflər birgə yaşadıqları müddətdə tikmişdirlər. Ustalara pulu oğlu Səttar vermişdir. Səttarın evə nə qədər pul xərcləməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki,cavabdeh onun qardaşı qızıdır. Özü hazırda Bakı şəhərində yaşayır. Mübahisəli torpaq sahəsi və ev ona məxsusdur. Həmin evi qardaşı, yəni cavabdehin atası Fikrət tikmişdir. İddiaçının həmin evin tikilməsində heç bir zəhməti və xərci olmamışdır. Hazırda evdə heç kim yaşamır. Evin açarları hazırda özündədir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materillarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1089/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 02 iyun 2016-cı il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində bağlanmış 76 №-li akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş 29 sentyabr 2017-ci il təvəllüdlü X4 və 20 aprel 2019-cu il təvəllüdlü X8 anası Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə, 29 sentyabr 2017-ci il təvəllüdlü X4 və 20 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 fevral 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İiş materiallarında olan İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X6 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, o, HK-1/1257 nömrəli material üzrə cinayət işi başlanması rədd etmişdir. İş materiallarında olan İsmayıllı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 574 nömrəli məktubundan görünür ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 16 saylı iclasında İsmayıllı şəhər sakini X1 ərizəsini nəzərə alıb, ona bələdiyyənin ehtiyyat fondu torpaqlarında fərdi ev tikmək üçün 0,03 ha torpaq sahəsi satılması barədə qərar qəbul etmişdir. Həmin torpaq sahəsinin Çələbiyeva (Çələbova) Elmira Əsgər qızından aldığı və həmin torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsi barədə ərizənizdə bildirmisiniz. İsmayıllı Bələdiyyəsi olaraq bildirilir ki, vətəndaşların şəxsi mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısı notarial qaydada həyata keçirilir. Ona görə də, torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün notarial orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, X7 İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 17 saylı qərarı ilə 300 kv.m həyətyanı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikaha daxil olmuşlar və xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Hazırda tərəflərin arasında nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1089/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı mübahisələndirildiyi, yəni İsmayıllı rayonu, Qarabağ qəsəbəsi adlanan ünvanda yerləşdiyini iddia etdiyi evə və torpaq sahəsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı tərəfindən təqdim edilmiş diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı, bir nəfər şəxsin ünvanını bildirmədən, yol və ev göstərməsi, iddiaçı kənardan isə səslənərək, evi özü tikdiyini, materiallar aldığını, ustaların ödənişlərini özü ödədiyini deyir. Digər şəxs isə evi Səttarın tikdiyini deyir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Belə ki, əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə müəyyən edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (Ailə Məcəlləsinin 36.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Göründüyü kimi, ər-arvadın şəxsi mülkiyyəti o vaxt onların ümumi birgə mülkiyyətinə çevrilə bilər ki, tərəflər nikah dövründə əmək sərf etməklə və ya pul xərcləməklə, əmlakın ümumi dəyərini, ilkin dəyəri istisna olmaqla xeyli artırmış olsunlar (məsələn qanuni əsaslarla ev tikilməsi, yenidənqurma işlərinin görülməsi və s.). Belə olan halda əmlak ümumi birgə əmlak kimi bölünə bilər. Hazır ki, iş üzrə tərəflər arasında mübahisə predmeti olan əmlak öz başına tikilidir. İddiaçı mübahisəli tikilinin onun vəsaiti hesabına tikilməsi, çəkilmiş xərclər barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, özbaşına tikinti olan fərdi yaşayış evi fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsində əldə edilməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilmədiyindən, cavabdeh həmin faktları sübut etmək vəzifəsindən azaddır. İddiaçı evin tikintisinə çəkdiyi xərcə görə 10000 manat pul tələb etsə də, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla iddiaçının tələbini sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 120 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar