Məhkəmə qərarları › İş №e-2(003)-472/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-472/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-472/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimenin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahlarından doğulmuş 09 yanvar 2022-ci il təvəllüdlü Dilşad və 31 mart 2024-cü il təvəllüdlü Xalidə adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində, iki uşağa görə ayda cəmi 470 manat alimentin tutularaq uşaqlar 18 yaşına çatana qədər ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi ailə münasibətlərinə daxil olaraq ailə qurmuş, cavabdehlə nikahlarından 09 yanvar 2022-ci il tarixdə Dilşad, 31 mart 2024-cü il tarixdə Xalidə adlı uşaqları doğulmuşdur. Cavabdehlə faktiki ailə münasibətləri pozulmuşdur, artıq bir ilə yaxındır ki, ayrı yaşayırlar. Bu müddət ərzində Cavabdeh uşaqlarının qayğısına qalmamışdır, onların saxlanmasında iştirak etməmişdir, uşaqların maddi ehtiyaclarını ödəmək isə onun üçün çətindir. Hazırda cavabdehlə aralarında uşağın saxlanması üçün alimentin tutulması barədə saziş yoxdur. Uşaqların qayğısına qalmaq üçün əlindən gələni edir, lakin uşaqları tək saxlamaq onun üçün çətindir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh uşaqların saxlanılmasında qəti iştirak etmədiyi üçün cavabdehdən uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ minimum məbləğdir, uşaqlar isə minimum səviyyədə deyil, layiqli səviyyədə saxlanmalıdır. Həmin layiqli səviyyənin təmin edilməsi üçün işləyir, bundan başqa uşaqların tərbiyəsi ilə məşğul olur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iddia ərizəsinin dəlillərini müdafiə etməklə yanaşı izahatında əlavə olaraq bildirdi ki, artıq uzun müddətdir ki, iddiaçı ilə cavabdeh birlikdə yaşamırlar. Cavabdeh həmin müddətdə uşaqlara heç bir maddi yardım etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin (nümayəndəsi) izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 283243 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 09 yanvar 2022-ci il tarixdə X2 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 996417 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 31 mart 2024-cü il tarixdə X3 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 noyabr 2024-cü il tarixli MŞB/11/2024-01126 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə yaşayış dövründə 09 yanvar 2022-ci il təvəllüdlü Dilşad və 31 mart 2024-cü il təvəllüdlü Xalidə adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh 09 yanvar 2022-ci il təvəllüdlü Dilşad və 31 mart 2024cü il təvəllüdlü Xalidə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf Cavabdeh rəsmi iş yerinin olması barədə mötəbər sübutlar təqdim etməmiş, eləcə də cavabdehin rəsmi iş yerinin olması iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etsə də, cavabdehin maddi vəziyyəti, eləcə də müəyyən olunmuş diqqətəlayiq hallar baxımından ədalətli olmamışdır. Göstərilənlərə əsasən məhkəmə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması meyarını eləcə də cavabdehin müəyyən olunmuş diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, alimentin məbləği cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləğində 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Bununla yanaşı məhkəmə alimentin məbləğinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarından görünür ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göründüyü kimi hazırki vəziyyətdə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edildiyindən, məhkəmə hesab edir ki, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla minimum əmək haqqına münasibətdə müəyyən edilməlidir. Belə ki, iddiaçı 2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin il üzrə minimum əmək haqqı isə 345 manat müəyyən edilmişdir. Hazırda alimentin məbləği minimum əmək haqqı məbləğininin (345 manat) müvafiq misli həddinə müəyyən edilməli olduğundan, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (210X100:345=60.8) 0,61 mislində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, alimentin tutulması İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 noyabr 2024-cü il tarixindən başlayaraq 09 yanvar 2022-ci il təvəllüdlü X2 və 31 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər uşağa görə 0.61 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə alimentiin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, “ilkin mediasiya sessiyası” zamanı iddiaçı tərəfindən ödənilmiş 60 manat rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də ödənilməli olan 70.4 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq 09 yanvar 2022-ci il təvəllüdlü X2 və 31 mart 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər uşağa görə 0.61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. “İlkin mediasiya sessiyası” zamanı İddiaçı tərəfindən ödənilmiş 60 (altımış) manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli olan 70.4 (yetmiş manat, qırxi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar