Məhkəmə qərarları › İş №e-2(003)-576/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-576/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-576/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsini və onun 10422 manat aliment borcunun 7722 manat hissəsini ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından 3 övladları xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişlər. Daha sonra onun cavabdehlə münasibəti korlanmışdır. Buna görə də o, 2021-ci ilin sentyabrında cavabdehlə birgə yaşadığı evi tərk edib atasının evinə qaytımışdır. Onların nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə pozulmuş və onların 3 azyaşlı övladlarının atalarının yanında qalmaları qət edilmişdir. Bu barədə Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə qeyd aparılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. O, cavabdehlə ayrıldıqdan sonra X11 ilə birgə yaşamışdır və həmin şəxslə faktiki ailə münasibətlərində olmuşdur. Elə həmin dövrdə onların faktiki nikahından 2 övladları - xx.xx.2022-ci ildə 1 qız uşağı, xx.xx.2023-cü ildə isə 1 oğlan uşağı doğulmuşdur. Məhkəmədə işə baxıldığı zaman onun himayəsində 8 aylıq körpəsi olmuş, eyni zamanda, həmin dövrdə yenidən hamilə olmuşdur. Onun 2-ci övladı məhkəmənin yuxarıda qeyd edilən qətnamnəsi çıxarıldıqdan 2 ay sonra doğulmuşdur. Onun 2-ci dəfə ailə həyatı qurmasından və himayəsində körpə övladlarının olmasından məlumatsız olan məhkəmə qətnamədə hər uşaq üçün ondan 193 manat aliment tutmaq qənaətinə gəlmişdir. Lakin hazırda onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı yoxdur. Onun övladları körpə və südəmər olduğundan o, övladlarına baxmaqla məşğuldur. O, heç yerdə işləmir və evdar qadındır. Onun aylıq gəliri, vəsaiti, ali təhsili yoxdur. İş yeri olan qadınlara belə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə hamilə vaxtı və uşaq doğulduğu zamandan 3 yaşına çatanadək sosial güzəştlər nəzərdə tutulur. Lakin məhkəmə qətnaməsində bu hallar nəzərə alınmamışdır. O başa düşür ki, övladların saxlanmasına görə hər iki valideyn bərabər məsuliyyət daşıyır. Lakin o, hər uşaq üçün 193 manat məbləğində aliment ödəmək iqtidarında deyil. O, hər uşaq üçün hər ay 50 manat, ümumilikdə 150 manat məbləğində aliment ödəyə bilər. O, həmin məbləği hazırda faktiki nikah münasibətlərində olduğu şəxsin köməyi ilə ödəməyə çalışar. Ondan alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmağa başlanılmışdır. Onun aliment borcu 10422 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hazırda işləmir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı vəzifəsində çalışır. İddiaçı ikinci nikahdan doğulmuş uşaqlarının atasının X11 olması faktının müəyyən edilməsi tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin nikahın pozulması və alimentin ödənilməsi barədə qətnaməsi çıxarılarkən məhkəmə iddiaçının ikinci nikahdan doğulmuş uşağının olması barədə məlumatsız olmuşdur. İddiaçının ikinci nikahdan doğulmuş 1 övladı Sabunçu Rayon Məhkəməsinin nikahın pozulması və alimentin ödənilməsi barədə qətnaməsi çıxarıldıqdan sonra dünyaya gəlmişdir. Aliment borcunun ödənilməməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə iddiaçının hamilə olması və yeni doğulmuş uşağa baxması ilə bağlı işləyə bilmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirə bilməməsinin əsası kimi göstərilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 130140/17 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023-011 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 Cavabdeh 10422 manat aliment borcunun olması göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini və 327 manat təqaüd aldığını bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh ilə X3 birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 boşanmadan sonra atası Cavabdeh himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X1 hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. AZ-İ seriyalı, 452839 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə Cavabdeh və X3 nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Rzazadə soyadı verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar - işləməməsi, evdar qadın olması, ikinci dəfə nikah qurması və həmin nikahdan iki uşağının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılarkən bu əsaslar nəzərə alınmışdır. Həmçinin, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, o, əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 193 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında isə hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar