Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1023/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC – yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Chevrolet Cruze” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat (beş min manat) sığorta ödənişinin, sığorta ödənişinin gecikdirildiyi günlərin sayına görə 566,28 manat dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş 150 manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rusumunun cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sürücü X4 mülki məsuliyyəti cavabdeh "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası haqqında şəhadətnaməsi ilə sığorta olunmuş “MMZ 4505” yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində idarə etdiyi zaman, yol hərəkəti qaydalarını pozub ona məxsus “Chevrolet Cruze” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və ona maddi ziyan vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsində “MMZ 4505" yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 təqsirli olması Sabunçu DYPİ-nin inzibati xəta haqqında protokolu ilə təsdiqlənmişdir. TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarla X4 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərin yüklü dərəcədə olmasına baxmayaraq qanunvericiliyə və hadisədə təqsirli şəxsin mülki məsuliyyətinin icbari sığortası haqqında Sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən ona 5000 manat ödənilməli olmasına rəğmən “Xalq Sığorta ASC məqsədyönlü şəkildə təmir xərcini ödəməmiş, ilkin olaraq ziyanın 1810 manat, etiraz etdikdən sonra isə təkrar qiymətləndirmə aparılaraq 2130 manat ziyan hesablamışdır. Həmin məbləğ də az olduğundan o, yenidən etiraz etmiş və təkrar hesablama aparılmaqla 2560 manat ziyan hesablanmışdır. Cavabdeh onun get-gələ salmış, yekunda qeyd olunan qəza və dəymiş maddi ziyan üçün 2560 manat ziyan olduğunu bildirmişlər. O, həmin məbləğlə razılaşmayaraq avtomobilin cavabdeh tərəfindən təmir edilməsini tələb etsə də, cavabdeh bundan yayınmışdır. Artıq üç aydır ki, onun hüquqları pozulur, əmlakına dəymiş real ziyan ödənilmir. Dəymiş ziyanın müəyyən edilməsi məqsədilə servisə müraciət etmiş və “Performance Centre”-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, qəza nəticəsində ona məxsus “Chevrolet Cruze” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6292 manat məbləğində ziyan dəymişdir. Ondan başqa hər hansı sənəd tələb olunmadığından və bütün sənədlər artıq oktyabr ayından verilmiş olduğundan qanunun imperativ qoyduğu göstərişə əsasən zərərçəkmişə dəymiş zərərə görə sığorta ödənişi çoxdan ödənilməli idi. Məlumdur ki, cavabdeh bunu etməmişdir. AR “İcbari Sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, cavabdeh sığorta ödənişini ödəməyi gecikdirdiyi 90 gün üçün ödənilməmiş 566,28 manat dəbbə pulu (90 x 6,292 = 566,28) onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, sığorta şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər düzgün qiymətləndirilməmişdir. Ardıcıl olaraq üç dəfə qiymətləndirilmə keçirilmişdir. Birinci dəfə 1810 manat, ikinci dəfə 2130 manat, üçüncü dəfə 2560 manat qitymət müəyyənləşdirilmişdir. Lakin, iddiaçının sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, iddiaçının avtomobilinə dəymiş zərər bundan çoxdur. Məhkəmə prosesinin uzanmaması üçün ekspert rəyi ilə razılaşır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini 2560 manat sığorta ödənişinin ödənilməsi hissəsində qəbul edir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı 822376 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı, “Chevrolet Cruze” markalı, ** SO *** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə 19:00-da Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı, İ.Quliyev küçəsində si “MMZ 4505" yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı avyomobili idarıə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Chevrolet Cruze” markalı, ** SO *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi zədələnmişdir. İş materiallarında olan Best Service Bakunun xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** SO *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinin dəyəri 1750 manat, xidmət haqqı 810 manat olmaqla, 2560 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Performance Center tərəfindən tərtib edilmiş 24 dekabr 2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze” markalı, ** SO *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinin dəyəri 4732 manat, xidmət haqqı 1560 manat olmaqla, 6292 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli 9/1250 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «X3» və “Best Service” tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Chevrolet Cruze” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4075 manat müəyyən edilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli 13 saylı hüquqi yardımın göstərilməsi barədə müqavilənin surətindən və ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 150 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab edilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən isə, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Mübahisə predimeti olan avtomobilə dəymiş zərərin məbləğinə münasibətdə mməhkəmə qeyd edir ki, “Chevrolet Cruze” markalı, ** SO *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən 6292 manat məbləğində, cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən 2560 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Chevrolet Cruze” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4075,0 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Həmçinin nəzərə alır ki, ekspert rəy verərkən hər iki tərəfin təqdim etdiyi qiymətləndirmə aktını nəzərə almışdır. İddiaçının nümayəndəsi və vəkili ekspert rəyi ilə razı olduğunu bildirmiş, cavabdeh tərəf isə ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, 4075,0 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” AR Qanunun 18.1.-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2.-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iddia tələbinin “sığorta ödənişinin gecikdirildiyi günlərin sayına görə 566,28 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, ıığortaçı sığorta ödənişini iddiaçının təklifi qəbul etməməsi səbəbindən ödəmədiyindən bu hal gecikdirmə kimi qiymətləndirilməməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 150 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 150 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 150 manat məbləğində vəkil xidməti xərci cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq şəkildə işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57.65 (əlli yeddi manat altmış beş qəpik) manat pul cavabdeh Xalq Sığorta” ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 20.35 (iyirmi manat otuz beş qəpik) manat (78-57.65=20.35) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4075 (dörd min yetmiş beş) manat sığorta ödənişinə görə pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən hüquqi yardıma görə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57.65 (əlli yeddi manat altmış beş qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 20.35 (iyirmi manat otuz beş qəpik) manat (78-57.65=20.35) iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1023/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1023/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver