Məhkəmə qərarları › İş №e-2(004)-1023/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1023/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1023/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı2 cavabdeh X1 qarşı “aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcunun müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh X1 qarşı “aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcunun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 oglunun 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri olan mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin obyektin aylıq icarə haqqı 5000 manatın, RANGE ROVER markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alış qiyməti 360.000 manat pul vəsaitinin 1/3 hissəsi miqdarında aliment üzrə borclarının müəyyən edilməsi, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 saylı, 23 may 2001-cı il tarixli qərarına uyğun olaraq X3 oglunun direktor vəzifəsində işlədiyi X2 aldığı aylıq əmək haqqı və Baş həkim vəzifəsində işlədiyi 5 saylı Klinik Xəstəxanasından aldığı aylıq əmək haqqı ilə bağlı 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay başqa gəlirləri üzrə aliment borclarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-209/2023 nömrəli qətnaməsi ilə Fazil Alməmmədov və İddiaçı2 arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların İddiaçı2 yanında qalması və uşaqların saxlanılması üçün Fazil Alməmmədovdan hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İddiaçı cavabdehin qazancından tutulmalı olan 1/3 hissədə alimentin düzgün müəyyən edilmədiyini, cavabdehin digər başqa gəlirləri (qeyri-yaşayış yerinin icarəsi, iki müəssisədə müxtəlif vəzifələrdən əldə etdiyi gəliri də nəzərə alınmaqla) 1/3 məbləğinin hesablanmadığından icra məmurunun hərəkətlərindən şikayət edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi alimentlə bağlı mübahisə həllini tapmış, yekun məhkəmə aktı qəbul edilərək icraya yönədilmişdir. Hal-hazırda sözügedən icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatındadır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə ilə bağlı artıq icra sənədi mövcud olduğundan, qeyd olunan tələb məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı icra məmurunun hərəkətləri ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında (8 indeksi ilə) baxılmalıdır. Tələbkar alimentin borclunun bütün qazancı (başqa gəlirləri də daxil olmaqla) hesablanaraq müəyyən edilməsi ilə bağlı icra sənədini icra edən icra məmuruna müraciət etmək hüququ vardır. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı2 cavabdeh X1 qarşı “aylıq əmək haqqı və başqa gəlirlər üzrə aliment borcunun müəyyən edilməsi” tələbinə tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı2 izah edilsin ki, icra məmurunun hərəkətlərindən icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar