Məhkəmə qərarları › İş №e-2(004)-1028/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1028/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1028/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Aztelecom” İstehsalat Birliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi ziyanın əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh “Aztelecom” İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Aztelecom” İstehsalat Birliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)- 81/2013 nömrəli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilərək X6 məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilmişdir.

2. Həmin hökmdən görünür ki, X8 “Aztelecom” İB-də işləmişdir. ...Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Faiq Qocayev tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan M.Cavadovanın ölümünə səbəb olmuş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev tərəfindən verilmiş hökmün qanuni qüvvəyə minməsi barədə arayışdan görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)- 81/2013 nömrəli hökmü xx.xx.2013-cü il tarixdə qanuni qüvvəsini almışdır.

4. xx.xx.2024-cü il tarixli, EM-913VK-17143/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən tərəflər aralarında hüquqi yardımın göstərilməsi üçün haqq 300 manat müəyyən edilmişdir.

5. **********9 nömrəli qəbz ilə 300 manat məbləğdə pulun iddiaçı tərəfindən “Ekol” Vəkil Bürosuna ödənildiyi təsdiq olunur.

6. Hüquqi yardım göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə haqqın məbləği 300 manat olaraq razılaşdırılmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 manat məbləğdə mənəvi zərər, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumunun əvəzi olaraq 195 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, iddiaçı mərhum X4 ilə xx.xx.1979-cu ildə ailə həyatı qurmuşdur. Ağır bir hadisə yaşamış, evliliyin 34-cü ilində həyat yoldaşını itirmişdir. Bu hadisənin onda yaratdığı travma, verdiyi hədsiz əzab-əziyyət kəlimlərlə ifadə ediləcək formada deyil. Mariya ilə həm evlilikdən öncə, həm də evlilik dövründə münasibətləri çox yaxşı olmuşdur. O 58 yaşında həyatının ən ağır itkisini yaşamışdır. Artıq 69 yaşı var, lakin Mariyanın itkisinin yaratdığı ağrı və iztirablar hələ də onun qəlbindədir. Bu çətin günlərdə yaşadığı əzab və çarəsizlik onu dərindən sarsıtmış, bu dərdlə yaşamağa davam etmişdir. xx.xx.2013-cü ildə, yoldaşı X7 Qəsəbəsində yaşayan anasına dəymək üçün evdən çıxmış, gecəni anası ilə birlikdə qalmış, xx.xx.2013-cü il tarixdə ona xəbər verilmişdir ki, səhər tezdən Mariya anasının evindən çıxıb Bakı-Qazax yolunu keçərkən Qazax istiqamətində hərəkət edən avtomobil onu vurmuş və Mariya aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir. Bu hadisə ilə bağlı məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, X8 xx.xx.2013-cü il tarixdə, saat 06:50 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Honda Accord” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətinə hərəkət sürəti 3.24 yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda 85-90 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə əsasən yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, avtomobilin qabaq sağ hissəsi ilə yolun sağıdan soluna hərəkət edən piyada X3 vuraraq ona sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, beyin toxumasına, beyin mədəciklərinə qansızma, sol bazu və baldır sümüklərinin açıq, sol köprücük və döş qəfəsinin sol yarısında 1-2-3-4-5-6-7-8-9-10-cu qabırğaların qapalısınıqları, alının, sağ yanağın sıyrıqları, sol bazunun qançırı kimi həyati, ölümlə birbaşa səbəbli əlaqələri olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə onun ölümünə səbəb olan hadisə törətmişdir. Bu işlə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-81/2013 nömrəli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, həmçinin, X8 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə İcra şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulması hökm edilmişdir. Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-81/2013 nömrəli hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Vəfat edən şəxs onun həyat yoldaşı olmuşdur, işləməklə ailəni yeganə dolandıran şəxs idi. Təqsirləndirilən şəxsin təqsiri – yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Məhkum olunmuş X8 hadisəni törədərkən Cavabdeh İB-də sürücü işləmişdir. Göründüyü kimi onun həyat yoldaşının vəfatı Cavabdeh İstehsalat Birliyinin əməkdaşının təqsiri ucbatından baş vermişdir.

b) iddiaya etiraz

9. Cavabdehin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Etirazın əsaslarına görə, iddiaçı iddia ərizəsinə işləmək qüvvəsinin olmaması və xəstə olması barədə hər hansı bir sübut əlavə etməmişdir. Təqdim edilən sənədlərdən isə bunu müəyyən etmək mümkün deyildir. Buradan da belə nəticəyə gəlmək olur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş hüquqlardan sui-istifadə edir. İddiaçının X2 vəfatından 12 il sonra Cavabdeh MMC-yə qarşı iddia qaldırması əslində dəymiş mənəvi zərərin kompensasiyasından çox bir növ hüquqdan sui-istifadə xarakteri daşıyır. Bundan əlavə, təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. İddiaçı öz iddia ərizəsində tələb etdiyi məbləğin ödənilməsi üçün cavabdehin kifayət qədər maddi imkanının olduğunu qeyd etmişdir. Lakin nəzərə almaq lazımdır ki, zərərvuran şəxs cavabdehin işçisidir və iddia təmin ediləcəyi halda, cavadehin həmin məbləği reqres qaydada öz işçisindən tələb etmək hüququ vardır. Belə olan halda isə, iddia tələbi qaldırarkən, cavabdeh hüquqi şəxsin deyil, birbaşa zərərvuran şəxsin maddi durumu nəzərə alınmalıdır. İddianın əsassız və gəlir əldə etmək məqsədi daşıdığına digər bir sübut isə İddiaçı iddia ərizəsində istinad edilən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-81/2013 nömrəli məhkəmə hökmündə qeyd edilən ifadəsidir. Belə ki, qeyd edilən hökmün ikinci vərəqində İddiaçı hər hansı şikayət və tələbinin olmadığı qeyd edilmişdir. Mənəvi zərər anlayışı ilə bağlı məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. İddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İddiaçı iddia ərizəsində ailəni dolandıran yeganə şəxsin həyat yoldaşı X1 qeyd etsə də əmək qabiliyyətinin olmamasını təsdiqləyən məlumatları qeyd etməmişdir və bu da tələb olunan mənəvi zərərə görə kompensasiyanın ədalətliliyini şübhə altına alır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edib, izahatında bildirdi ki, iddiaçının həyat yoldaşı 2013-cü ildə baş vermiş yolnəqliyyat hdisəsi nəticəsində vəfat etmişdir. Bu hadisədən sonra iddiaçının həyatı demək olar ki, məhv olmuşdur. Hazırda qanuni qüvvəyə minmiş məhkəmə hökmü var və cavabdehin əməkdaşının təsirliliyi sübuta yetirilmişdir. Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsın şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin habelə hüquqi şəxsin əmlakına və işgüzar nufuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu səbəbdən də vurulmuş zərərin Cavabdeh İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, hadisədən 13 il keçdikdən sonra vurulmuş ziyanı tələb etmək hüquqdan sui-istifadədir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən iddia tərəfi hər dəfə müxtəlif bəhanələr ilə tələbi artırır və bunun özü də düşündürür ki, hüquqazid bir hal vardır. Həmin məbləğ iddia təmin ediləcəyi təqdirdə Cavabdeh İB-dən tutulacaq, bundan sonra isə qurum həmin məbləği reqres qaydasında hadisəni törətmiş şəxsdən tələb edəcəkdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.”

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, cavabdeh ilə əmək münasibətlərində olan X8 əmək vəzifələrini icra edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının həyat yoldaşı X4 vəfat etmişdir. İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. X8 hadisədə təqsirli bilinərək onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-81/2013 nömrəli hökmü ilə müəyyən cəzaya məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir.

21. Hazırda iddiaçı ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 35000 manat məbləğdə pulun tutulmasını tələb edir.

22. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının həyat yoldaşının vəfat etməsi mübahisəsiz olduğundan iddiaçının mənəvi sarsıntı keçirməsi və bunun cavabdeh qurumun əməkdaşının təqsirli hərəkəti ilə birbaşa səbəbli əlaqəsinin olması da mübahisəsiz olaraq qəbul edilməlidir. İddiaçının mənəvi sarsıntı keçirdiyini sübut etmək üçün hər hansı əlavə rəsmi sənədə, sübuta lüzum yoxdur. Çünki bu işin ümumi halları ilə, ağlabatan müşahidə nəticəsində müəyyən olunur.

23. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

24. Hazırkı işin halları baxımından da qeyd olunanlar sübut olunur və işin bu faktiki halları isə iddiaçıya çəkdiyi mənəvi iztirabların kompensasiyanı tələb etmək hüququ verir.

25. Cavabdeh tərəfin iddianın rədd edilməsinə yönəlmiş dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının cinayət işinin gedişi zamanı təqsirləndirilən şəxslə barışıq əldə etməsi, ona qarşı heç bir şikayət və tələbinin olmaması məzmundə ərizə təqdim etməsi iddiaçıya mənəvi zərərin vurulduğunu istisna edən hal deyil. Bu yalnız iddiaçının cavabdehin cinayət məsuliyyətini yüngülləşdirməyə xidmət edən humanist addımı kimi qiymətləndirilə bilər. Həmin vaxt təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan ödənilməsi faktı isə nə hökmün məzmunundan, nə də işin digər hallarından müəyyən olunur.

26. Eyni zamanda cavabdehin iddia təmin olunacağı təqdirdə işçisindən reqres qaydada zərərin əvəzini tələb etmək niyyətində olması hazırkı vaxtda onun hüquqi şəxs olaraq işçisinin vurduğu zərərə görə məsuliyyətini istisna etmir və müstəqil əsas kimi iddianın rədd olunmasına səbəb ola bilməz.

27. Məhkəmə qeyd edir ki, iddianın əsaslığı yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapır. Bununla belə, mənəvi zərərin məbləği müəyyənləşdirilərkən mənəvi iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti, keçirilən psixoloji stressin, sarsıntı və emosional gərginliyin səviyyəsi və s. vacib hallar nəzərə alınmalıdır.

28. Bu konteksdə işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi kompensasiyanın məbləği 9000 manat həddində müəyyən edilməlidir. Bu məbləğ işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində - hazırkı vaxtda zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

30. Belə ki, baş vermiş hadisədən artıq 12 ilə yaxın müddət keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz.

31. Bundan əlavə, iddiaçı hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 195 manat məbləğdə pulun tutularaq ona ödənilməsini xahiş edir.

32. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EM-913VK-17143/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən tərəflər aralarında hüquqi yardımın göstərilməsi üçün haqq 300 manat müəyyən edilmişdir, **********9 nömrəli qəbz ilə 300 manat məbləğdə pulun iddiaçı tərəfindən “Ekol” Vəkil Bürosuna ödənildiyi təsdiq olunur.

33. Odur ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 195 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.

36. Belə olan halda isə, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğin iddianın təmin olunan hissəsinə münasib 110 manat hissəsi cavabdehdən tutulmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi ziyanın əvəzi olaraq 9000 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat olmaqla, cəmi 9410 manat məbləğdə pul “Aztelecom” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Mənəvi ziyanın əvəzi olaraq 9000 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 manat olmaqla, cəmi 9410 manat məbləğdə pul “Aztelecom” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar