Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1052/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh dəyəri 6500 manat olan 1 ədəd dəst boyunbağının alınaraq ona verilməsi barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 iyul 2022-ci ildə rəsmi olaraq Cavabdeh ilə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahları həmin tarixdə Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1507 nömrə ilə qeyd edilmişdir. O, 9 həftəlik hamilədir. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan başa düşmüşlər ki, onlar tamamilə ayrı-ayrı adamlardır. Bunun nəticəsində aralarındakı münasibətlər dözülməz bir həddə çatmışdır. Faktiki olaraq aralarındakı ailə münasibətləri bitdiyindən bu şəraitdə bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdehlə barışmaq, eləcə də, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanılması mümkün deyil. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Həmçinin cavabehə məxsus olan mənzildə ona məxsus olan cehiz əşyaları və bir ədəd qızıl zinət əşyası qaldığından, tərəfindən həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. İcra mərhələsində cavabdeh ona məxsus olan cehiz əmlaklarının götürülməsinə etiraz etməmişdir. Buna görə də Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin müvafiq aktı ilə icra vərəqəsində qeyd olunan cehiz əmlakları tərəfindən cavabdehə məxsus olan mənzildən götürülmüşdür. Lakin icra vərəqəsində qeyd olunmuş və cavabdehlə aralarında olan toy ərəfəsində ona hədiyyə edilmiş qızıl- zinət əşyası olan bir ədəd dəst boyunbağını cavabdeh ona verməmiş və bildirmşdir ki, həmin əşya yoxdur. Lakin tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, həmin dəst boyunbağı onda olmuş və cavabdehlə olan toylarında ondan istifadə etmişdir. Lakin cavabdehdən ayrılan zaman həmin boyunbağı cavabdehə məxsus olan və birlikdə yaşadıqları mənzildə qalmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edtmişdir ki, iddiaçı ilə cavabdeh 20 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı tərəfindən münasibətlərin gərgin və həyat şəraitinin dözülməz olması göstərilsə də, cavabdeh bunu tamamilə inkar edir və münasibətlərin və həyat şəraitinin normal olduğunu iddia edir. Hətta, cavabdeh iddiaçının hamilə olduğunu bildikdən sonra həm məhkəməyəqədər, həm məhkəmə zamanı nikahın pozulmaması üçün səylər göstərmişdir. İddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən 24 sentyabr 2022-ci il tarixdə normal şəkildə atasının evinə getmişdir ki, bir müddət orada yaşayacaq. Cavabdeh buna etiraz etməmişdir. İddiaçı atası evinə gedərkən, öz şəxsi əşyalarını və qızıl-zinət əşyalarını da götürmüşdür. Qızıl-zinət əşyalarının tam götürülməsini də cavabdeh mediasiya təklifini aldıqdan və əşyalara baxış keçirdikdən sonra müəyyən etmişdir. Hətta, iddiaçı cavabdehin anasının cavabdehə saxlanc məqsədləri üçün verilmiş 3 qızıl qolbağı da götürmüşdür ki, cavabdeh həmin qolbaqların qaytarılmasını tələb etsə də, iddiaçı həmin qolbaqları cavabdehə qaytarmamışdır. Həmçinin, boyunbağının dəyəri iddiaçının göstərdiyi kimi 6500 manat deyil və xeyli aşağıdır ki, iddiaçı iddia ərizəsində şişirdilmiş dəyər göstərmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabehə məxsus olan mənzildə iddiaçıya məxsus olan cehiz əşyaları və bir ədəd qızıl zinət əşyası qaldığından, onlar həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İcra mərhələsində cavabdeh iddiaçıya məxsus olan cehiz əmlaklarının götürülməsinə etiraz etməmişdir. Buna görə də Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin müvafiq aktı ilə icra vərəqəsində qeyd olunan cehiz əmlakları cavabdehə məxsus olan mənzildən götürülmüşdür. Lakin icra vərəqəsində qeyd olunmuş və cavabdehlə iddiaçı arasında olan toy ərəfəsində iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyası olan bir ədəd dəst boyunbağını cavabdeh iddiaçıya verməmiş və bildirmişdir ki, həmin əşya yoxdur. Hesab edir ki, həmin qızıl-zinət əşyası cavabdehdədir. Məhkəməyə təqdim edilən whatsapp yazışmasından görünür ki, qeyd olunan qızıl-zinət əşyası cavabdehdədir. Cavabdeh hətta yazışmalarda boyunbağının qızıl qolbaqlarla dəyişdirilməsini təklif etmişdir. Həmçinin, həmin yazışmalarda həmin qızıl-zinət əşyasının alınması da qeyd olunmuşdur. Cavabdeh whatsapp yazışmalarının ona aid olduğunu etiraf edir. Hesab edir ki, iddia əsaslıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin müvafiq aktı ilə icra vərəqəsində qeyd olunan cehiz əmlaklar cavabdehə məxsus olan mənzildən götürülmüşdür. Lakin, həmin qızıl-zinət əşyası aşkar edilməmişdir. Çünki həmin qızıl-zinət əşyası cavabdehdə deyil. Onlar iddiaçı ilə cavabdeh arasında həmin whatsapp yazışmalarının olduğunu təsdiq edirlər. Lakin qeyd etdiyi kimi iddiaçı 24 sentyabr tarixində evi tərk etmiş, 06 oktyabr tarixində mediatorun təyin edilməsi ilə bağlı məlumat vermişdir. İddiaçı evi tərk edərkən artıq bilirdi ki, boşanma ilə bağlı iddia ərizəsi ilə müraciət edəcək. Boşanma ilə bağlı məhkəmə iclasında cavabdeh dəfələrlə barışmaq istədiyini bildirmişdir. İddiaçı evi tərk edərkən boşanacağını bildiyindən bütün qızıl-zinət əşyalarını götürmüşdür. Whatsapp yazışmalarında iddiaçının üzük və qolbaqları götürdüyü qeyd edilmişdir. Bu bir daha iddiaçının qızıl-zinət əşyalarını götürdüyünü təsdiq edir. Cavabdeh kompektin evdə olduğunu düşündüyündən iddiaçıya komplekti qaytaracağını bildirmiş, lakin sonradan komplekti evdə aşkar etməmişdir. Komplektin qiyməti yazışmalarda qeyd olunsa da, məhz həmin komplektin alınması ilə bağlı iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. O, israrla bildirir ki, cavabdehin iddiaçıya aldığı komplekt whatsapp yazışmalarında göndərilən fotoşəkildəki komplekt deyil. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 24 sentyabr tarixində, 10 gün dincəldikdən sonra iddiaçı ilə Türkiyədən bal ayından qayıtmışlar. Həmin gün evlərinə gəldikdən sonra iddiaçı qardaşına zəng etmiş və qardaşı gəlib onu aparmışdır. O, iddiaçıya anasıgilə getməyi təklif etsə də, iddiaçı yorulduğunu və öz anasıgilə gedəcəyini bildirmişdir. O da, anasıgilə getmiş və evə qayıtdıqda iddiaçı evdə olmamışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkilinin və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, whatsapp yazışmalarını qəbul edir. Onlar şəkildə göstərilən sırğanı almamışlar. Toyda olan fotoşəkillərdə olan sırğa sadəcə olaraq həmin sırğaya bənzəyir. Həmin qızıl-zinət əşyası onda deyildi. İddiaçı ondan komplekti istədiyindən, o komplektin evdə olduğunu düşünmüşdür. O, iddiaçının yalnız qolbaqları və üzüyü apardığını, komplekti evdə saxladığını düşünürdü. Türkiyəyə gedərkən iddiaçı yalnız üzükləri özü ilə aparmışdı. Komplekt evdə idi. Qızıl-zinət əşyasının alınması ilə bağlı whatsapp yazışması iyul ayına, komplektlə bağlı yazışma iddiaçı evi tərk etdikdən sonrakı tarixə aiddir. İddiaçı 24 sentyabr tarixində evdən gedərkən yalnız gündəlik istifadəsində paltarlarını aparmışdı. Amma sonradan gəldikdə onun aldığı bütün əşyaları yığıb aparmışlar. İddiaçı qolbaqları ona qaytarmamışdır. O, iddiaçının komplekti evdə qoyduğunu düşünürdü, lakin sonradan komplektin evdə olmadığını görmüşdür. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6132/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 20 iyul 2022-ci il tarixində 1507 nömrəli akt qeydi ilə bağlanmış- nikahın pozulması qət edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh arasında olan whatsapp yazışmalarının məzmunundan görünür ki, Cavabdeh 12 oktyabr 2022-ci il tarixdə İddiaçı ünvanladığı mesajında “təklif edirəm ki, üzüyü özündə saxlayasan, mənə 3 ədəd qolbaqı mənə qaytarasan. Onda komplekti sənə verərərəm və gəlib cehiz əşyalarını götürə bilərsən” qeyd etmişdir. Həmçinin İddiaçı komplektin qiymətinin 6500 manat olduğunu və qiymətin aşağı salınacağını qeyd etmişdir. İş materiallarında olan borclunun əmlakı üzərinə həbsin qoyulması və siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzildə qızıl-zinət əşyası-komplekt aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdeh onun oğludur. Toydan sonra iddiaçı və cavabdeh Türkiyəyə dincəlməyə getmişlər. Onlar oğlu ilə ayrı evlərdə yaşayırdılar. O, oğlugilin evlərinə getmirdi. Oğlugil özləri hərdən onlara gəlirdilər. Sonra iddiaçı getmək istədiyini bildirərək, bütün əşyalarını götürüb getmişdir. İddiaçı özü üçün 6500 manatlıq komplekt seçmişdi. Pulları çatmadığından 3000 manatlıq komplekt seçərək almışlar. 6500 manatlıq komplektlə onların aldıqları 3000 manatlıq komplekt bir-birinə bənzəyirdi. Whatsapp yazışmalarında 6500 manatlıq komplektin seçilməsi və qiymətinin aşağı salınması ilə bağlı bildirmək istəyir ki, həmin kompektə pul çatmadı. Toyun xərcləri də çox idi. Komplekti toydan qabaq almışlar. Qolbaqları nişandan sonra iddiaçıya vermişdi. İddiaçı ilə heç bir düşmənçililikləri olmamışdır. İddiaçı evdən sentyabr ayında çıxıb getmişdir. Onun evdən getmək istəməyinin səbəbini müəyyən etmək üçün Elçin özü iddiaçının ata-anasını çağırmışdır. Ata-anası onun işlərinə qarışa bilmədiklərini bildirmişlər. İddiaçı evdən gedəndə Elçin evdə olmuşdur. İddiaçı bütün əşyalarını yığıb çıxıb getmişdir. O, iddiaçı çıxıb getdikdən sonra onların evinə getmişdir. İddiaçının evdən getdiyi barədə Elçin ona məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı hazırkı iddia tələbində ona məxsus ümumi dəyəri 6500 manat olan qızıl-zinət əşyasının ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyanın dəyərinin 6500 manat olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Whatsapp yazışmalarında komplektin qiymətinin 6500 manat göstərilsə də, əvvəla iddiaçı özü qiymətin aşağı salınacağını qeyd etmişdir. Bundan başqa, cavabdeh həmin qızıl-zinət əşyasının deyil, ona oxşar və qiyməti aşağı olan qızıl-zinət əşyasının alındığını iddia edir. İddiaçı isə məhz həmin dəyəri 6500 manat qızıl-zinət əşyasının alınması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı sözügedən qızıl-zinət əşyasının cavabdeh tərəfindən götürülməsinə, satılmasına və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən ayrılan zaman boyunbağının cavabdehə məxsus olan və birlikdə yaşadıqları mənzildə qaldığını bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı mənzildə yalnız cavabdehlə birlikdə yaşamış, ona məxsus qızıl-zinət əşyaları onun istifadəsində və sərəncamında olmuş, evdən boşanma niyyəti ilə çıxıb getmişdir. İddiaçının evi birdəfəlik tərk edərək valideynlərinin evinə getməsi və geri qayıtmaması, bundan az müddət sonra nikahın pozulması ilə bağlı mediatora müraciət etməsi bu halı təsdiq edir. Belə olan halda, onun qızıl-zinət əşyalarının hamısını götürmək imkanı da olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan görünür ki, qızıl-zinət əşyaları cavabdehdə deyil, birgə yaşaqdıqlar evdə olmuş, iddiaçının digər qızıl-zinət əşyaları ilə birlikdə dəstə daxil olan boyunbağını da götürmək imkanı olmuşdur. Məhkəmə qeyd edir ki, yalnız whatsapp yazışmasında cavabdeh tərəfindən qeyd edilən “mənə 3 ədəd qolbaqı mənə qaytarasan. Onda komplekti sənə verərərəm və gəlib cehiz əşyalarını götürə bilərsən” məzmunlu mesajı komplektin onda olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, qızıl zinət əşyasının iddiaçıya məxsus olmaqla onun istifadəsində olması və onun tələb etdiyi halda cavabdehin həmin qızıl-zinət əşyasının mənzildə olmasını zənn etməsi ağlabatandır. Məhkəmə hesab edir ki, iddiaçının evdən getdiyi şərait, habelə qızıllarından istifadədə və onlar üzərində sərəncam vermə məsələsində ona hər hansı maneə yaradıldığının müəyyən olunmaması qızıl-zinyət əşyaları ilə bağlı tələbinin inandırıcı olması qənaətinə gəlməyə imkan vermir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyasının cavabdehdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, bununla da iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1052/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1052/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver