Məhkəmə qərarları › İş №e-2(004)-144/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-144/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-144/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 14.827 manat maddi zərər, 30 manat dövlət rüsumu, 160 manat vəkilə çəkilən xərc və 5000 manat mənəvi zərər olmaqla, ümumilikdə 20.017 manat pulun cavabdeh "xxxx" ASC-dən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 812 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 07 may 2016-cı il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ünvanda iddiaçıya məxsus olan “103” çay evi fəaliyyət göstərir. ünvan 2 ünvanında yerləşən “103” çay evinin yerləşdiyi əmlak xx.xx.2021-ci il tarixindən – xx.xx.2022-ci il tarixinədək 1 il müddətinə iddiaçı tərəfindən icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, iddiaçıya BB seriyalı, 519259 saylı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədən görünür ki, sığortaçı "xxxx" ASC olmuş, sığortalı isə İddiaçı olmuşdur. Sığorta məbləği 108554 manat müəyyən edilmişdir. Azadolma məbləği isə 150 manatdır. Sığorta haqqı 300 manat, sığortanın qüvvədə olduğu ərazi Azərbaycan Respublikası, sığorta müqaviləsinin qüvvəyə minməsi xx.xx.2021-ci il tarixdən, qüvvədən düşməsi isə xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Çay evi əvvəkli illərdə də hər il iddiaçı tərəfindən "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan, sığortalanmış əmlakda qeyri-yaşayış sahəsi “103” çay evində su basma hadisəsi baş vermiş və su basması nəticəsində iddiaçının əmlakına 12308 manat dəyərində ziyan dəymişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə dərhal hadisə ilə bağlı cavabdeh şirkətə iddiaçı tərəfindən məlumat verilmiş, növbəti gün şirkətin sığorta agenti obyektə gələrək, müəyyən sənədləşmə işlərini apararaq getmişdir. xx.xx.2021-ci il tarixdən sığorta şirkətinin qiymətləndirmə aparılması üçün İlqar adında nümayəndəsi növbəti dəfə bir sıra sənədləşmə işlərini davam etdirmişdir. Bir müddət keçdikdən sonra cavabdeh şirkətdən hər hansı bir məlumat daxil olmamışdır. İşlərin nə yerdə olması ilə əlaqədar iddiaçı dəfələrlə cavabdeh şirkətlə əlaqə yaratmağa çalışmış, lakin əlaqə yarada bilməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdeh şirkətə gedərək sığorta ödənişi ilə maraqlanmışdır. Ləman adlı işçi iddiaçıya bildirmişdir ki, hələ sənədləşmə işləri aparılır, iddiaçı ilə əlaqə yaradacaqlar. Lakin cavabdeh şirkət əlaqə yaratmamışdır. xx.xx.2021-ci il tarixdə növbəti dəfə iddiaçı şirkətə gedərək, öz narazılığını bildirmiş, bu zaman ona bildirmişlər ki, yaxın günlərdə ekspert tərəfindən obyektə baxış keçiriləcəkdir. xx.xx.2021-ci il tarixdə ekspert baxış keçirtmiş və iddiaçının dəfələrlə edilən müraciətlərindən sonra cavabdeh şirkət xx.xx.2021-ci ildə rəsmi imtina məktubunu təqdim etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, müstəqil ekspertin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakın su borularının şaxta vurma nəticəsində sıradan çıxması müəyyən olunmuşdur. İddiaçı imtinanın əsassız və qanunsuz hesab edir. Hesab edir ki, cavabdeh şirkət sığorta ödənişini ödəməkdən ötrü bəhanələr edir. Belə ki, həmin tarixdə hava şəraitində boru partlaması baş verə bilməzdi. Kombi işləyəişləyə bu proses baş vermişdir. Cavabdeh qəsdən sığorta ödənişini etməməkdən ötrü, su basma hadisəsinə bu cür qiymət vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, cavabdeh şirkət ilə müqavilə bağlanılarkən bir sıra qanun pozuntusuna yol vermişdir. Sığorta şirkəti tərəfindən təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanın, sığorta olunanın müqavilə üzrə hüquqlarının pozulması baş verdiyi hallarda Maliyyə bazarına nəzarət orqanına müraciət etməsi üçün həmin orqanın adı, ünvanı və telefon nömrəsi aydın şəkildə şəhadətnamədə göstərilməli idi, önəmli olmasına baxmayaraq iddiaçıya təqdim edilən şəhadətnamədə öz əksini tapmayıb. Cavabdeh şirkətin hərəkəti nəticəsində iddiaçıya həm maddi həm mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı sığorta ödənişinin olmaması nəticəsində əsəb keçirtmiş, məhkəməyə iddia ilə müraciət etmişdir. Mənəvi zərəri bu səbəbdən 5000 manat dəyərində qiymətləndirilir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, hadisə yerində qəza komisarı iştirak edib, sığorta olunanın bildirdiyinə və hadisə yerinə baxış zamanı kombinin borusunda soyuq hava şəraiti ilə əlaqədar donma nəticəsində subasma hadisəsinin olduğu müəyyən edilib. Hava şəraiti ilə bağlı kütləvi informasiya vasitələrində kifayət qədər ətraflı və dəqiq məlumatlar açıq şəkildə əks etdirilib. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanunun 36.3.5-ci maddəsinə əsasən suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən ekspert X3 ifadəsində bildirmişdir ki, icraatında olan işlə əlaqədar tədqiqat obyektinə baxış keçirmiş və faktiki mövcud olan qüsurları aşkar edib, bu barədə rəy hazırlamışdır. Təsdiq edir ki, həmin obyektə ziyan subasmadan olmuşdur və əgər təmir edilməmişdirsə yenə də eyni hal baş verə bilər. Boruların şaxta vurması nəticəsində partlamasını müəyyənləşdirmək onların səlahiyyətlərinin çərçivəsində deyil. Bunun üçün müvafiq qurumlara müraciət etmək lazımdır. Onlar hadisə yerinə getdikdə artıq fəsadlar aradan qaldırılmışdı. Mübahisə predmeti olan obyektin bütün mərtəbələrinə baxış keçirilib və bu rəydə öz əksini tapmışdır. Qərardadda qoyulan suallardan ikisinə cavab verilib, biri isə səlahiyyətlərindən kənarda olduğuna görə cavablandırılmayıb. Belə ki, susızmanın səbəbləri müxtəlif ola bilər. Bu hallar da rəydə öz əksini tapmışdır. Lakin konkret olaraq hansı səbəbdən baş verməsini müəyyənləşdirmək mümkün deyildir. Həmçinin hadisə yerinə baxış zamanı qüsurların çox olması aşkarlanmışdır. İstifadə olunmuş tikinti materiallarının qiymətləndirilməsi xüsusi metod vasitəsi ilə müəyyənləşdirilir. Ziyan dəymiş materialların bəzilərini təmir etmək mümkün olsa da, əksəriyyəti dəyişdirilməlidir. Susızmanın səbəbləri kimi kanalizasiya, sanitar qovşaqlarda, istilik boru xətlərində olan qüsurlardan, döşəmə altında olan istilik xətlərində olan problemlər, boruların birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, borularda olan tıxaclanmadan və s. ola bilər. Əvvəlki məhkəmə iclasında dindirilmiş mütəxəssis X4 ifadəsində bildirmişdir ki, həmin obyekti ondan öncə başqa bir mütəxəssis sığortalamışdı, daha sonra iddiaçı ilə görüşərək obyektini sığortalamışlar. Daha sonra iddiaçıya sığorta şəhadətnaməsini vermişlər. İddiaçı sığorta ödənişini ödəniş terminalı vasitəsi ilə etmişdir. Sığorta olunan obyektlər, çay evi və moyka olmuşdur. Əmlak əvəllər sığortalandığı üçün, çıxarışı iddiaçıdan tələb etməmişlər. Birinci mərtəbədəki moykanın və üçüncü mərtəbədəki çay evinin sığortalandığını təsdiq edir. Əmlak tam sığortalanmalı idi, təxminən 800-900 manat sığorta haqqı ödənilməli idi. Əgər tam sığortalansa idi əmlakın dəyəri təxminən 300000 manat dəyərləndiriləcəkdi, hazırki sığorta ödənişi ilə isə əmlakın dəyəri təxminən 150000 manat kimi qiymətləndirilməlidir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, 2011-ci ildən "xxxx" ASC-də qəza komissarı vəzifəsində işləyir. Ali təhsil almış, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Tekniki və ya inşaat sahəsində hər hansı bir təhsili yoxdur. Hal-hazırda da "xxxx" ASC-də işləyir. Onlara hadisənin baş verməsi ilə bağlı xx.xx.2021-ci il tarixində məlumat daxil olmuş və deyilmişdir ki, xx.xx.2021-ci il tarixində hadisə baş verib. Eyni zamanda, qısaca telefon vasitəsi ilə şifahi olaraq məlumat verilmişdir ki, boruların partlaması nəticəsində su basma hadisəsi olmuşdur. Vaxt təyin olunmuş və o təyin olunan vaxtda həmin əraziyə getmişdir. Ziyan dəymiş obyekt 3 mərtəbəli obyekt olmuşdur. 3-cü və ya 4-cü mərtəbədə kombi və digər avadanlıqlar var idi. Onlara göstərmişlər ki, plastik borular çat verib. Bununla bağlı qeydiyyat apardıqdan sonra zala daxil olmuş və görmüşlər ki, həmin hissəni su basıb. Yekun olaraq hadisə ilə bağlı qeydiyyat aparmış və bildirmişdir ki, bir neçə gün ərzində mütəxəssislər gəlib baxış keçirəcəklər. Həmin vaxtı onlara bir çox müraciət daxil olmuşdur. Əksəriyyəti oxşar hadisələr olmuşdur, hansı ki şaxta vurması ilə bağlı idi. Müraciətlərin çox olması səbəbilə həmin əraziyə hadisə baş verdiyi gün deyil, bir gün sonra gəlmişdir. Həmin obyektə baxış nəticəsində müəyyən etmişdir ki, borularda çatlar var. Suyun axması qeydə alınmamış, sadəcə çat olmuşdur. Zalda isə döşəmə və divarlarda su izləri olmuşdur. O, soruşduqda ona demişlər ki, sızma nəticəsində ərazini su basıb. Hadisənin baş vermə səbəbi dəqiq müəyyənləşdirilməmişdir, lakin hadisə baş verən zaman şaxta olmuşdur. Onun fikrincə, hadisə şaxta vurması səbəbilə baş verə bilər. Məhz bu hadisə ilə bağlı dəqiq olaraq deyə bilməz, lakin şaxta vurması səbəbi ilə oxşar hadisələr baş vermişdir. Belə ki, qəza komissarı olaraq hadisə yerinə ilkin baxış keçirmək, qeydiyyata aparmaq, şübhəli hallar varsa, bu barədə rəhbərliyə məlumat vermək onun vəzifəsinə daxildir. Bu hadisə ilə bağlı şübhəli hallar qeydə alınmamışdır. Hadisə nəticəsində obyektdə olan qüsuları görmüş və qeydiyyata almışdır. Hadisənin şaxta vurma nəticəsində baş verməsini sadəcə oxşar hadisələr əsasında təxmin edə bilər. Həmin gün şaxta vurma ilə bağlı 6 oxşar hadisə baş vermişdi. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan BB 519259 seriya nömrəli “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə” əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixindən – xx.xx.2022-ci il tarixinədək 1 il müddətinə icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. Sığortaçı "xxxx" ASC, sığortalı isə İddiaçıdur. Sığorta məbləği 108554 manat müəyyən edilmişdir. Azadolma məbləği isə 150 manatdır. Sığorta haqqı 300 manat, sığortanın qüvvədə olduğu ərazi Azərbaycan Respublikası, sığorta müqaviləsinin qüvvəyə minməsi xx.xx.2021-ci il tarix, qüvvədən düşməsi isə xx.xx.2022-ci il tarixidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “103” çay evi xx.xx.2021-ci il tarixdə "xxxx" ASC “Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi ilə 1 il müddətinə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı Cəmiyyətə müraciət edərək, xx.xx.2021-ci il tarixdə sığortalı əmlakda subasma hadisəsinin baş verdiyini bildirmişdir. Sığortalı əmlakda baş vermiş hadisənin səbəbini müəyyənləşdirməsi məqsədi ilə tərəflərin razılığı ilə müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspertin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, xx.xx.2021ci il tarixdə Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakın su borularının şaxta vurması nəticəsində sıradan çıxması müəyyən olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.3.5-ci maddəsinə əsasən suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halında əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. Bütün bunlar nəzərə alınaraq, AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilir. İş materiallarında olan Qaraçuxur Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 259 nömrəli arayışa əsasən müəyyən olunur ki, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən 812 kv.m-lik qeyri-yaşayış sahəsinin təxmini 300 kv.m-lik sahəsi su istilik borusunun partlaması nəticəsində su işıq naqillərinə və içindəki divarların boyasına ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsində su və istilik sisteminin partlaması nəticəsində qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbələrində ümumilikdə 3340 pm elektrik xətti sıradan çıxmışdır. Asma tavanın lambir üzlüyü dəyişdirilməsi 56 kv.m, divarın yağlı boya ilə rənglənməsi 128 kv.m, divarın kafel üzlüyü hissə-hissə dəyişdirilməsi 38 kv.m, metlax döşəmənin hissə-hissə dəyişdirilməsi 56 kv.m müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 933 saylı Ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən tikilidə “suyun borulardan şaxta vurma nəticəsində axması” hadisəsi baş vermişdir. Hadisə nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 1820 manatdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/4897 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan qeyri-yaşayış binasının fərdi qaydada inşa edildiyini, binanın tərkibindəki tikililərin planlı yerləşməsini, istilik sisteminin binanın 3-cü mərtəbəsində quraşdırıldığını, qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci mərtəbələrindəki və zirzəmi sahəsindəki tikililərin tavan və divarları üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasında istilik sisteminin borularında yaranan qüsurlar nəticəsində su basma hadisəsi baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan əmlaka dəymiş ziyanın su borularının şaxta vurması ilə əlaqədar sıradan çıxamsı nəticəsində yarana bilməsinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında su sızma nəticəsində yaranmış qüsurarın aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14827 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən: 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.3.5-ci maddəsinə əsasən suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halında əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı mülkiyyətində olan Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakda su basma hadisəsi baş vermiş və su basması nəticəsində əmlaka ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakın su borularının şatxa vurması nəticəsində sıradan çıxması müəyyən olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 36.3.5-ci maddəsinə əsasən suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halında əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. Belə ki, qanunvericiliyin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 3B ünvanında yerləşən daşınmaz əmlakda su basma hadisəsinin baş verməsi su borularında çoxlu sayda qüsürların olması nəticəsində baş vermişdir. Həmçinin məhkəmə iclasında dindirilən rəy vermiş ekspert qeyd etmişdir ki, susızmanın səbəbləri kimi kanalizasiya, sanitar qovşaqlarda, istilik boru xətlərində olan qüsurlardan, döşəmə altında olan istilik xətlərində olan problemlər, boruların birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, borularda olan tıxaclanmadan və s. ola bilər. Belə ki, suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halında əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sığorta hadisəsi hesab olunmur. “İcbari sığortalar haqqında” AR Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan hadisə sığorta hadisəsi hesab olunmadığından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar