Məhkəmə qərarları › İş №e-2(004)-1485/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1485/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1485/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikahdan doğulmuş övladın təhsil haqqının yarısının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikahdan doğulmuş övladın təhsil haqqının yarısının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə və iddia ərizəsinə əlavə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Əlisəfa qızı tərəfindən 2023-cü ilin avqust ayında cavabdehlə birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 12 aylıq təhsil haqqı üçün ödənilmiş 16.124,50 ABŞ dollarının yarısını təşkil edən 8062,25 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7216 manatın yarısı olan 3607 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Əlisəfa qızı ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. İddiaçı 2023-cü ilin may ayından başlayaraq, Cavabdeh ayrı olaraq uşaqları ilə birlikdə yaşayır. İddiaçı Əlisəfa qızı tərəfindən 2023-cü ilin avqust ayında cavabdehlə birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 12 aylıq təhsil haqqı üçün ödənilmiş 16.124,50 ABŞ dollarının yarısını təşkil edən 8062,25 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7216 manatın yarısı olan 3607 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, xx.xx.2005-ci il təvəllüdlü X4 xarici ölkəyə gedib universitetdə oxumasına razı olmamışdır. X7 ADA Universitetinə qəbul olunmuşdu. Lakin iddiaçı, onun anası və bəzi qohumlarının israrı nəticəsində Türkiyə Respublikasında yerləşən KOÇ Universitetinə daxil olmuşdur. Onun qızının təhsil haqqını ödəməyə maddi imkanı çatmır. "xxxx" MMC-də işləsə də, ona hər hansı əmək haqqı ödənilməmiş, ordan başqa heç yerdə işləmir. Hazırda işdən çıxarılmışdır. İddiaçı özü övladını ödənişli universitetdə oxutmağı qərara almışdır və təhsil haqqını da özü ödəməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia ərizəsinə yazılı etiraz təqdim etdi və izahatında bildirdi ki, iddiaçı iddianın əsası olaraq iddia ərizəsində mahiyyəti üzrə heç bir maddi hüquq normasına istinad etməmişdir. İddiaçı özü iddia ərizəsində bildirir ki, tərəflər 2023-cü ilin may ayından birgə yaşamırlar. Onların övladı Nuray Həsənova isə 2023-cü ilin avqust və 2024-cü ilin mart aylarında, birgə yaşamadıqları, yəni övladın ananın himayəsində olan vaxtı təhsil müəssisəsinə qəbul olmuşdur. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində 235 manat aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin digər övladı xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatdığından ona münasibətdə cavabdehdən alimentin tutulması hissəsində iddia rədd edilmişdir. Təhsil haqqı vəsaiti iddiaçı tərəfindən cavabdehdən ayrı yaşadığı müddətdə öz təşəbbüsü ilə ödənilmiş, bu barədə cavabdehin razılığı alınmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. X8 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Nuray Həsənova 2023-2024 akademik təhsil ili üçün həmin universitetdə media və vizual incəsənət fakültəsinə qəbul olmuşdur. X8 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Nuray Həsənova 2023-2024 akademik təhsil ili üçün 8062,50 ABŞ dolları vəsait ödəmişdir. Təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Cavabdeh və xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə nikahlarını bağlayaraq ailə qurmuşlar, birgə nikahdan tərəflərin - xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı iki övladı var. Bakı 6 saylı Mediasiya təşkilatının verdiyi xx.xx.2024-cü il tarixli MŞB/6-00132 nömrəli arayışdan müəyyən edilir ki, tərəflərin mediasiyada iştirakı mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-98/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh və İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2012-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə aliment alınması hissəsində dərhal icra edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və sair. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarından və işin hallarından göründüyü kimi, Cavabdeh onun iştirak etmədiyi və fikri soruşulmadığı övladının təhsil müəssisəsinə qəbulla bağlı ödənilmiş təhsil haqqını tələb etmək əsassızdır. Eyni zamanda tərəflər arasında nikah münasibətlərinə hazırkı vaxtda xitam verilmişdir. Lakin iddiaçı haqsız yerə nikah münasibətləri dövründə övladına çəkilmiş xərci digər tərəfdən istəmək qərarına gəlmişdir. Qanunvericilikdə nikah dövründə ümumi mənafe üçün artıq keçmiş zamanda ödənilmiş pulun bölgüsü nəzərdə tutulmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı Əlisəfa qızı tərəfindən 2023-cü ilin avqust ayında cavabdehlə birgə nikahından doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4 Türkiyə Respublikasında yerləşən Koç Universitetində 12 aylıq təhsil haqqı üçün ödənilmiş 16.124,50 ABŞ dollarının yarısını təşkil edən 8062,25 ABŞ dollarının və Koç Universitetinin yataqxanasına 12 ay ərzində yaşayışı üçün ödənilmiş 7216 manatın yarısı olan 3607 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 211 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Əlisəfa qızına ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar