Məhkəmə qərarları › İş №e-2(004)-149/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-149/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-149/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2, X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı (Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin etibarsız hesab edilməsi, uşaqların atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı Cavabdeh1 ilə aralarında cavabdeh Bakı 13 X9 rəsmiləşdirilmiş 10 iyul 2023-cü il tarixli MŞB/13/2023-000959 nömrəli “barışıq sazişi”-nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və İddiaçı adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi və 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X11 himayəsinə verilməsi və uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə aralarında Bakı 13 X9 10 iyul 2023-cü il tarixdə MŞB/13/2023-000959 nömrəli “barışıq sazişi“ bağlanmışdır. Həmin qeyd olunan sazişdə 11 iyun 2015-ci il tarixdə cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə, birgə nikahlarından doğulmuş 20 avqust 2017-ci il təvəllüdlü X32 və 21 iyul 2019-cu il təvəllüdlü X27 adlı övladlarının cavabdehin yanında qalmasına və onların yetkinlik yaşına çatana qədər ondan aliment tələb edilməməsi barədə razılığa gəlindiyi göstərilir. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onunla cavabdeh arasında bağlanılmış 10 iyul 2023-cü il tarixli MŞB/13/2023- 000959 nömrəli “Barışıq sazişi” formal xarakter daşıyır. Belə ki, həmin barışıq sazişində uşaqlarının atalarının yanında saxlanılmasına dair verdiyi razılıq onun həqiqi iradə ifadəsini əks etdirmir. Bildirir ki, həmin qeyd olunan barışıq sazişində verdiyi razılığı fiziki və psixoloji məcburiyyət təsiri altında vermişdir. Belə ki, keçmiş həyat yoldaşı Cavabdeh1 uşaqlara aliment ödəməkdən boyun qaçırtmaq üçün ona psixoloji təsir göstərməklə və müxtəlif yalan bəhanələr gətirərək onu qanunsuz təsiri altına alaraq həmin barışıq sazişini ona imzalatmışdır. Həmin “barışıq sazişi” etibarsız sayılmalıdır, çünki həmin barışıq sazişində onun həqiqi iradə ifadəsi əks olunmayıb Keçmiş həyat yoldaşı birgə nikah dövründə mütəmadi olaraq onu döymüşdür. Sonuncu dəfə 03 fevral 2024-cü il tarixdə Siyəzən RPŞ-nə müraciət edərək, həmin tarixdə Siyəzən rayonu Böyük Həmyə kəndində yaşadıqları ünvanda keçmiş həyat yoldaşı X12 ilə aralarında yaranmış mübahisə zəmnində döyülməyi və sağlamlığına xəsarət yetirildiyi barədə məlumat vermişdir. Aparılmış təhqiqat zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Siyəzən RPŞ-nə daxil olmuş MTE-nın xx.xx.2024-cü il tarixli 25 saylı rəyindən görünür ki, bədəninin müxtəlif hissələrində müxtəlif qançır və xəsarət izləri aşkar edilmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh1 olğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə uyğun inzibati qaydada tədbir görülmüşdür. Birgə nikah dövrü ərzində də müxtəlif bəhanələr gətirərək onu döymüş və ona qarşı nalayiq ifadələr işlədərək şəxsiyyətini alçaltmışdır. 13 X9 barışıq sazişi bağlanmamışdan öncə keçmiş həyat yoldaşı onu ilk olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Azərhüquq” mərkəzinə aparmış və orada hüquq mərkəzinin müdiri Azər adlı şəxslə birlikdə ona hədə-qorxu gələrək onun həmin barışıq sazişinə razı olmağını tələb etmişlər. Belə ki, əgər onlarla razılaşmayacağı təqdirdə övladlarına hər hansı fiziki və ya mənəvi, habelə barəsində şəxsi və ailə həyatı sirri olan məlumatları yayacaqları, rüsvay edəcəkləri barədə hədələyərək onu 13 saylı Mediasiya Təşkilatına aparmışlar. Məcburiyyət təsiri altında çarəsiz qalaraq övladlarının atalarının yanında qalmalarına dair “barışıq sazişinə” qol çəkməyə məcbur olmuşdur. Övladlarından imtina etmək istəməmişdir, onların onun yanında qalmalarını və onların tərbiyə edilməsi və saxlanılmaları ilə özü məşğul olmaq istəyir. Belə ki, uşaqlarının onun yanında qalması onların mənafelərinə uyğundur, habelə onların mənəvi, psixi və fiziki inkişafına müsbət təsir göstərəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Uşaqlarla müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı hər həftənin bazar günü 4 saat görüşür. Uşaqlarla görüşərkən uşaqlar ona qarşı aqressiv davranmır, onu istəmədiklərini bildirmirlər. Anası, atası, qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşayır. Onlarla münasibəti yaxşıdır. Əvvəl Siyəzən rayonunda, Cavabdeh1 məxsus olan evdə yaşamışdır. Onun atası və anası da həmin evdə yaşamışdır. Qardaşı ilə münasibətləri yaxşıdır. X15 nitqində qüsur yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı ona xəyanət etmişdir. Bununla bağlı onda səs yazıları və mesajlar, özünün etirafı var. Buna görə də iddiaçı uşaqların onun himayəsində saxlanılmasına razılaşmışdır. İddiaçı başqa kişi ilə münasibətinin olmasını etiraf etmişdir. Həmin şəxs Siyəzən rayonunda yerləşən internat məktəbində mühafizəçi işləyirdi. İddiaçı onunla nikahda olduğu dövrdə ona xəyanət etmişdir. Yenidən ailə həyatı qurmamışdır. Anasının 60 yaşı var. Yeməyi anası bişirir. Qonşuları və qardaşının həyat yoldaşı uşaqlara baxmağa kömək edirlər. Məhkəmə iclasında iştirak edən psixoloq X24 izahatında bildirmişdir ki, dindirilmə əsasında 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 himayəsində saxlanıldıqları şəxslər tərəfindən psixoloji təzyiqə məruz qalmaları aşkar edilir. Cavabdeh Bakı 13 saylı Mediasiya Təşkilatının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh Bakı 13 saylı Mediasiya Təşkilatı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı 13 saylı Mediasiya Təşkilatının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı X7 xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 03 fevral 2024-cü il tarixdə Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan İddiaçı ərizə ilə Siyəzən RPŞ-nə müraciət edərək, həmin tarixdə, saat 14:30 radələrində Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşadığı ünvanda həyat yoldaşı Cavabdeh1 ilə aralarında yaranmış mübahisə zəmnində sonuncunun onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Sözügedən qərarla HK-1/130 saylı material üzrə Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişinə əsasən: 1. Tərəflər, 11 iyun 2015-ci il tarixində aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlmişlər. 2. İkinci tərəf İddiaçı birgə nikahlarından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 atası Cavabdeh1 yanında qalmasına razıdır, buna etiraz etmir. 3. Tərəflər razılaşırlar ki, Cavabdeh1 birgə nikahlarından dünyaya gəlmiş övladları - xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatana qədər İddiaçı aliment tələb etmir. İş materiallarında olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı 942094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 290 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 324036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 5318 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, uşaqların mənafeyini, uşaqların bir-birlərinə və atalarına olan bağlılığını, uşaqların inkişafı və tərbiyəsi üçün yaradılmış şəraiti, İddiaçı Komissiyaya yazdığı 16 yanvar 2024-cü il tarixli izahatını, Cavabdeh1 Komissiyaya yazdığı 16 yanvar 2024-cü il tarixli izahatını nəzərə alaraq 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 ataları Cavabdeh1 himayəsinə verilməsini məqsədə müvafiq hesab edirlər. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-17/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə İddiaçı arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3821/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli, 2(105)-1026/2024 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki işin icraatına 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 iddiaçının himayəsində saxlanması tələbinə aid hissədə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, uşaqların mənafeyini və onların azyaşlı olmasını nəzərə alaraq 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 anaları İddiaçı himayəsinə verilməsini məqsədə müvafiq hesab edirlər. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evi ikimərtəbəlidir. İddiaçı bildirdiyinə görə fərdi yaşayış evi onun anası X1 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi giriş hissə, doqquz otaq, mətbəx, iki hamam və sanitar qovşağından ibarətdir. Evin səkkiz otağı, mətbəx, hamam və sanitar qovşaqları tam təmirli, bir otaq isə orta təmirlidir. Fərdi yaşayış evi kombi sistemi quraşdırılmış radiatorlar vasitəsilə qızdırılır. Evin su, işıq və qaz təminatı vardır. Bu evdə 2 ədəd televizor, 3 ədəd divan, 4 ədəd yemək masası, 1 ədəd yazı masası, 16 ədəd stul, 3 ədəd paltar dolabı, 2 ədəd yataq dəsti, 3 ədəd çarpayı, 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, mətbəx mebeli və digər lazımi məişət əşyaları vardır. Fərdi yaşayış evindən kənarda ağaclar əkilərək bağ salınmış və həyətyanı sahədə səliqə-sahman yaradılmışdır. Bu evdə İddiaçı, onun atası X16, anası X3, bacısı X13, bacısı X14, qardaşı X21, qardaşı arvadı X17, qardaşı uşağı X22 olmaqla cəmi 8 nəfər yaşayır. Fərdi yaşayış evində yaşayanların bir-birilərinə qarşı olan münasibətləri səmimi və mehribandır. İş materiallarında olan Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, Cavabdeh1 yaşadığı fərdi yaşayış evi səkili olmaqla birmərtəbəlidir. Cavabdeh1 bildirdiyinə görə fərdi yaşayış evi və torpaq sahəsi onun atası X4 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi giriş hissə, dörd otaq, mətbəx, hamam və sanitar qovşağından ibarətdir. Evin iki otağı, mətbəx, hamam və sanitar qovşağı tam təmirli, digər iki otaq isə orta təmirlidir. Evin su, işıq və qaz təminatı vardır. Bu evdə 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd yemək masası, 1 ədəd yazı masası, 11 ədəd stul, 1 ədəd paltar dolabı, 1 ədəd yataq dəsti, 3 ədəd çarpayı, 1 ədəd uşaq beşiyi, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan maşın, mətbəx mebeli və digər lazımi məişət əşyaları vardır. Fərdi yaşayış evindən kənarda ağaclar əkilərək bağ salınmış və həyətyanı sahədə səliqə-sahman yaradılmışdır. Bu evdə Cavabdeh1, onun yetkinlik yaşına çatmayan övladları Orxan və Nurlan, atası X8 və anası X18 olmaqla cəmi 5 nəfər yaşayır. Fərdi yaşayış evində yaşayanların bir-birilərinə qarşı olan münasibətləri səmimi və mehribandır. İş materiallarında olan Yasamal Rayon İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının psixoloqu X24 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Yasamal rayon Məhkəməsində 2(004)-149/2025 saylı bildirişə əsasən baxılmış işdə dindirilmə əsasında 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 himayəsində saxlanıldıqları şəxslər tərəfindən psixoloji təzyiqə məruz qalmaları aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/766 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X20 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında gərginlik və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. xx.xx.2019-cu il təvəllüdlü X27 ekspertlə ünsiyyətə girmədiyindən, verilən sualları cavablandırmadığından, ona test və metodikaları tətbiq etmək və məhkəmə-psixoloji ekspertizasını keçirmək mümkün olmadığından barəsində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. X20 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psoxoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X20 hal-hazırda atası Cavabdeh1 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası İddiaçı bağlılığı müəyyən olunmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən 2(004)-3527/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi İddiaçı müvəqqəti olaraq övladları – 20 avqust 2017-ci il təvəllüdlü X32 və 21 iyul 2019-cu il təvəllüdlü X27 ilə hər həftənin bazar günü saat 12:00- dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş 20 avqust 2017-ci il təvəllüdlü X32 ifadəsində bildirmişdir ki, 7 yaşı var. 2-ci sinifdə oxuyur. Atası, ata nənəsi, ata babası, əmisi, əmisinin həyat yoldaşı ilə birlikdə yaşayır. Yeməyi ata nənəsi bişirir. Dərslərini yaxşı oxuyur. Atası dərslərinə köməklik edir. Anası ilə görüşür. Anası onları digər nənəsigilə aparır. Anası ilə birlikdə yaşamaq istəmir. Atası ilə birlikdə yaşamaq istəyir. Ana nənəsigildə ana nənəsi, ana babası, anası, dayısı, dayısının həyat yoldaşı yaşayır. Atası onu döymür. Anası ona dərs oxumayanda sillə vurmuşdu. Anası ilə görüşərkən anası onu döymür. Anasını çox istəmir. Atası, ata nənəsi onu, qardaşını heç vaxt döyməmişdir. Məhkəmə iclasında psixoloqun iştirakı ilə dindirilmiş 21 iyul 2019-cu il təvəllüdlü X27 ifadəsində bildirmişdir ki, 6 yaşı var. 1-ci sinifdə oxuyur. Dərslərini yaxşı oxuyur. Dərslərində nənəsi ona köməklik edir. Atası ilə yaşayır. Anası onunla birlikdə yaşamır. Anasının onunla birlikdə yaşamağını istəyir. Anası ilə görüşür. Ata nənəsi, atası onu döyür. Onlar onu dərs oxumayanda döyürlər. Anası onu döymür. Anası ilə birlikdə yaşamaq istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər İddiaçı və Cavabdeh1 11 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 dünyaya gəlmişdir. Daha sonra, tərəflər arasındakı nikah münasibətləri pozulduğundan tərəflər nikahın pozulmasından irıli gələn münasibətlərin tənzimlənməsi məqsədilə Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər arasında xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən:

1. Tərəflər, 11 iyun 2015-ci il tarixində aralarında bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlmişlər. 2. İkinci tərəf İddiaçı birgə nikahlarından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 atası Cavabdeh1 yanında qalmasına razıdır, buna etiraz etmir. 3. Tərəflər razılaşırlar ki, Cavabdeh1 birgə nikahlarından dünyaya gəlmiş övladları - xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatana qədər İddiaçı aliment tələb etmir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 2(059)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə İddiaçı arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 iyun 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Tərəflər nikah pozulduqdan sonra uşağın kimin yanında qalması və alimentlə bağlı xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli barışıq sazişi ilə razılığa gəldiklərindən, mediasiya prosesində barışıq sazişi bağladıqlarından və məhkəmə iclasında barışıq sazişini mübahisələndirmədiklərindən məhkəmə həmin məsələni həll etməmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli barışıq sazişini təzyiq, hədə-qorxu təsiri altında imzaladığına istinad edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və İddiaçı adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi və 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X11 himayəsinə verilməsi və uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilkin olaraq iddia tələbinin “Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş MŞB/13/2023-000959 nömrəli barışıq sazişinin, habelə Siyəzən Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyası üçüncü şəxs qismində mülki işə cəlb edilməklə, adı çəkilən qəyyumluq və himayəçilik komissiyasının 23 yanvar 2024-cü il tarixli rəyinin və həmin rəyə əlavə edilmiş tarixi məlum olmayan və İddiaçı adından yazılmış, lakin yazı xətti ona məxsus olayan izahatın etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinə münasibətdə iddiasını əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı 13 X9 bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-000959 nömrəli Barışıq Sazişi qanunvericilikə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq barışıq sazişinin etibarsızsızlığı üçün əsasların olmamasına baxmayaraq, iddiaçı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi ilə bağlı tələb irəli sürə bilər. İddia tələbinin “20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 Cavabdeh1 Şeybətəli oğlundan alınaraq anaları iş üzrə iddiaçı X11 himayəsinə verilməsi” hissəsinə münasibət bildirərək, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqlarına dair Konvensiyası”nın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Konvensiyanın 9cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ...Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X25rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar bu cür mübahisənin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən, uşaqların anası və ya atası ilə qalmasının gələcək inkişaflarına, tərbiyəsinə necə təsir göstərəcəyi, onun uşaqlara münasibəti, eləcə də uşaqların yaşı, kimin yanında qalmaq arzusu və kimə bağlılığı nəzərə alınmalıdır. Sözügedən məsələlərin uşaqların mənafeyi naminə həll edilməsi üçün məhkəmənin müvafiq qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü X23 və xx.xx.2019-cu il təvəllüdlü X19 valideynlərinə münasibətdə psixoloji gərginliyin olub-olmasının, psixoloji təzyiqə məruz qalıb-qalmamalarının müəyyən edilməsi üçün məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 valideynlərindən hansının yanında qalmasının yetkinlik yaşına çatmayanların mənafeyinə uyğun olmasına dair rəyin alınması Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 52-ci maddəsi əsas götürülməklə xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 psixoloqun iştirakı ilə məhkəmə iclasında dindirilməklə onların fikri öyrənilmişdir. Məhz məhkəmə araşdırması gedişində toplanmış bu sübutların müqayisəli təhlili nəticəsində məhkəmə hesab edir ki, uşaqlar ananın himayəsinə verilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/766 nömrəli ekspert rəyində xx.xx.2017-ci il təvəllüdlü X20 halhazırda psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında gərginlik və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmadığı, X20 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamağını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətlərinin müəyyən olunmadığı, X20 hal-hazırda atası Cavabdeh1 bağlılığı üzə çıxmaqla, anası İddiaçı bağlılığının müəyyən olunmadığı qeyd edilsə də, məhkəmə müvafiq rəylə razılaşmır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən rəy natamam olmaqla, xx.xx.2019-cu il təvəllüdlü X27 ilə bağlı məsələ rəydə öz əksini tapmamışdır. Rəydə xx.xx.2019-cu il təvəllüdlü X27 ilə bağlı qeyd edilmişdir ki, o, ekspertlə ünsiyyətə girmədiyindən, verilən sualları cavablandırmadığından, ona test və metodikaları tətbiq etmək və məhkəmə-psixoloji ekspertizasını keçirmək mümkün olmadığından barəsində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Bunun əksi olaraq Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində uşaqların mənafeyi və onların azyaşlı olması nəzərə alınaraq 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 anaları İddiaçı himayəsinə verilməsinin məqsədə müvafiq hesab edilməsi qeyd edeilmişdir. Həmçinin, xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 psixoloqun iştirakı ilə məhkəmə iclasında dindirilməklə onların fikri öyrənilmiş, onlar dindirilərkən yüksək həyəcan-təşviş içərisində olmaları vizual olaraq müşahidə olunmuşdur. Sözügedən fakt məhkəmə iclasında iştirak edən Yasamal Rayon İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının psixoloqu X24 tərəfindən verilmiş arayışla da təsdiq edilmişdir. Arayışla müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Yasamal rayon Məhkəməsində 2(004)-149/2025 saylı bildirişə əsasən baxılmış işdə dindirilmə əsasında 20 avqust 2017-ci il təvəllüdlü X20 və 21 iyul 2019-cu il təvəllüdlü X15 himayəsində saxlanıldıqları şəxslər tərəfindən psixoloji təzyiqə məruz qalmaları aşkar edilir. Məhkəmə iclasında dindirilən 20 avqust 2017-ci il təvəllüdlü X32 ifadəsində atası ilə qalmaq istədiyini, anasını görmək istəmədiyini bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası çərçivəsində anası ilə rahatlıqla görüşməsi, görüşdən imtina etməməsi anasını istəməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi ilə ziddiyyət yaradır. Bu isə uşağın anasının istəməməsi ilə bağlı verdiyi ifadənin kənar təsirin altında verməsini ehtimal etməyə əsas verir. Məhkəmə iclasında dindirilmiş 21 iyul 2019-cu il təvəllüdlü X27 isə ifadəsində bildirmişdir ki, anasının onunla birlikdə yaşamağını istəyir. Anası ilə görüşür. Ata nənəsi, atası onu döyür. Onlar onu dərs oxumayanda döyürlər. Anası onu döymür. Anası ilə birlikdə yaşamaq istəyir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə sübutlara məcmu halda, müqayisəli şəkildə hüquqi qiymət verərək məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmir və onunla razılaşmır. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların azyaşlı olması, hal-hazırda ana qayğısına daha çox ehtiyaclarının olması və digər mənafeləri, həmçinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, məhkəmə araşdırması zamanı uşaqlara kənar təsirin müəyyən edilməsi nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 atası Cavabdeh1 alınaraq anası İddiaçı himayəsinə verilməlidir. Məhkəmə göstərilən xüsusatları, xüsusən də uşaqların mənafelərini nəzərə almaqla hesab edir ki, uşaqların təlim-tərbiyəsinin və təhsilinin inkişafı, psixoloji travma almadan yetişməsi, bir sözlə gələcək inkişafı baxımdan analarının himayəsinə verilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “uşaqların saxlanılması üçün Cavabdeh1 Şeybətəli oğlundan hər uşağa 235 manat olmaqla ümumilkdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçın xeyrinə ödənilməsi” hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın ləğvi və aliment tələbi haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 atası Cavabdeh1 alınaraq anası İddiaçı himayəsinə verildiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün aliment Cavabdeh1 hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçıdan yetkinlik yaşına çatmayan hər uşaq üçün 235 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 235 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqlar anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 atası Cavabdeh1 alınaraq anası İddiaçı himayəsinə verilməli, xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqlar anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri 120 (yüz iyirmi) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X32 və xx.xx.2019-cu il təvəllüdlü X27 atası Cavabdeh1 alınaraq anası İddiaçı himayəsinə verilsin. xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün uşaqlar anaya təhvil verildiyi tarixdən başlayaraq Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının dəyəri 120 (yüz iyirmi) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar