Məhkəmə qərarları › İş №e-2(004)-1615/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1615/2024

15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1615/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı alimentin 50%-nin uşağın adına açılmış hesaba köçürülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin 50%-nin uşağın adına açılmış hesaba köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında Cavabdeh xeyrinə ödədiyi alimentin 50%-nin övladı X1 adına açılmış bank hesabına ödənilməsi və həmin vəsait üzərində sərəncamın X2 yetkinlik yaşına çatdıqdan sonra, onun özü tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından göründüyü kimi iddiaçı ödədiyi alimentin 50%-nin övladı X1 adına açılmış bank hesabına ödənilməsi və həmin vəsait üzərində sərəncamın X2 yetkinlik yaşına çatdıqdan sonra, onun özü tərəfindən verilməsini xahiş etməklə, iddia tələbinin əsasını artıq qəbul olunmuş və qüvvədə olan qətnamə təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərardadına əsasən Ailə Məcəlləsinin 55.3cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İstinad edilən maddənin məzmunundan göründüyü kimi, aliment məbləğinin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hansı prosessual icraat çərçivəsində baxılmalı olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsinin Plenumu) “MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar, o cümlədən bütövlükdə hüquq münasibətləri aid edilir. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi; 2) hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər və ya 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər. Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan, ilk növbədə Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan “tələb”in müstəqil maddi-hüquqi tələb olub-olması məsələsinə aydınlıq gətirilməlidir. Məlumdur ki, uşağın saxlanması üçün aliment tələbinə dair iddianın predmetini birgə nikahdan doğulmuş və valideynlərdən birinin yanında qalan uşağın saxlanması üçün digər valideyndən vəsaitin tutulması, obyektini isə tutulmalı olan aylıq aliment məbləği təşkil edir. Göründüyü kimi, iddianın predmetini təşkil edən müstəqil maddi-hüquqi tələb qismində alimentin tutulması çıxış etdiyindən, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi, qətnamə ilə tutulan alimentin bir hissəsinin uşağın mənafeləri baxımından bank hesabına köçürülməsi təmin etmək imkanıdır (hüququdur). Bu hüququn məhkəmə vasitəsi ilə reallaşdırılması üsulu isə mahiyyət etibarilə təyin olunmuş alimentin tutulması barədə məhkəmə qərarının icrası qaydalarının təsiri altına düşür. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Odur ki, yuxarıda qeyd edilənlər baxımından Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Aliment məbləğinin bir hissəsinin aliment ödəyən şəxsin tələbi üzrə uşağın adına açılmış bank hesabına köçürülməsinə dair Ailə Məcəlləsinin 55.3-cü maddəsindəki şərt yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir. Çünki, normada qeyd olunan “tələb” ifadəsi prosessual mənada iddianın irəli sürülməsini deyil, bu məsələyə dair müraciət etmək imkanını nəzərdə tutur. Göründüyü kimi iddiaçı, aliment məbləğinin bir hissəsinin, tələbi üzrə uşağın adına açılmış bank hesabına köçürülməsini mübahisələndirdiyindən, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alimentin 50%-nin uşağın adına açılmış hesaba köçürülməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı aliment məbləğinin bir hissəsinin, uşağın adına açılmış bank hesabına köçürülməsi bərədə ərizə ilə məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət edə bilər. xx.xx.2024-cü il tarixli (Qəbz nömrəsi: **********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar