Məhkəmə qərarları › İş №e-2(004)-1638/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1638/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1638/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə evin təmirinə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə evin təmirinə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 62.4 m olan mənzili birgə nikah dövründə əldə edilən vəsait hesabına təmir etdiyindən, təmirə çəkdiyi xərclərdən ona düşən 25000 manat payın müəyyən edilərək cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən 25000 manatın əsaslı təmir xərcinin ½ hissəsinin (12500 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xasiyyəti uyğun gəlmədiyindən nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-860/2023 nömrəli qətnaməsi ilə nikahımız pozulmuşdur. Rəsmi nikahdan daxil olmamışdan 6 ay əvvəl, yəni 9 dekabr 2006-cı il Cavabdeh ilə Mənzil Tikinti Kooperativi ilə Kooperativ Binada Mənzil Tikintisi haqqında 121 nömrəli müqavilə bağlamış, Kooperativ Bakı şəhəri, Yeni Yasamal massivi, D.Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində olan ümumi sahəsi 62.4 m, dəyəri 29 min 328 ABŞ dolları olan 115 saylı mənzilini Cavabdeh verməyi öz üzərinə götürmüşdür. Mənzili alan zaman mənzil təmirsiz olmuş, müqavilədə də bu öz əksini tapmışdır. Onlar evləndikdən sonra 9 ay müddətində İlqarın xalasıgildə-İnşaatçılar metrosu yaxınlığında yaşamışlar. Evin təmiri 9 ay çəkmişdir. Təmir bitdikdən sonra ünvan 2 ünvanında yerləşən təmir olunmuş evinə köçüb, orada yaşamışlar. Təmir müddətində evə 25000 manatdan çox xərc qoymuşlar. Evin təmiri bir neçə ustalar tərəfindən həyata keçirilmişdir. Təmirdən sonra evin dəyəri xeyli artmışdır. Təmirə sərf etdiyi məbləğin 2024-cü ilə uyğun indeksasiya olunaraq hesablanmasını və ona düşən payın cavabdeh tərəfindən ödənilməsini istəyir. ünvan 2 ünvanındakı ev xx.xx.2019-cu ildə MTK-nin 103 nömrəli protokolu ilə keçmiş əri Cavabdeh adına rəsmiləşdirilmiş və mənzil onun tam mülkiyyətinə verilmişdir. Bundan sonra isə, 2020-2021-ci il tarixləri arasında evi qaynanası Əliyeva Zakirənin adına keçirdi. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tamamilə əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil birgə nikah dövründə özgəninkiləşdirilmişdir. Ona verilən məlumata görə ev birinci dəfə birgə nikahdan əvvəl təmir edilmişdir. Hətta iddia ərizəsində qeyd edilən kimi təmirin 2007-ci ildə aparıldığı güman edilsə belə, tərəflər 15 il həmin evdə yaşamış və təmirdən də faydalanmışlar. 2021-ci il həmin təmirli ev bağışlanan zaman iddiaçı da buna razılıq vermişdir. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Daha sonra evin hazırki mülkiyyətçisi tərəfindən ev yenidən tam təmir edilmişdir. İddianın əsası olmadığından təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 121 nömrəli 09 dekabr 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə və Vİİ Alatava küçələrinin kəsişməsində tikiləcək binanın ümumi sahəsi 62.4 m olan 115 saylı mənzili Cavabdeh verməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 29328 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 103 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Cavabdeh MTK-ya üzv qəbul olunması və ona MTK-nın ünvan 1 ünvanında yerləşən 62.4 m olan mənziliin tam mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ilə X4 arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil X2 bağışlanmışdır. İş materiallarında olan İddiaçı Bakı şəhəri 42 saylı Notariat ofisinə göndərilən **********213 nömrəli ərizədən görünür ki, İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-860/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında başlanmış Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2007-ci il tarixdə 782 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanmaları və Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-860/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin mübahisəli mənzil 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh tərəfindən X2 bağışlanmışdır. Müqavilə bağlanan vaxt İddiaçı ərizə ilə notariusa müraciət edərək mənzilin bağışlanmasına etiraz etməmişdir. Hazırda isə İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən 25000 manat əsaslı təmir xərcinin ½ hissəsinin (12500 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Göründüyü kimi, mübahisəli mənzil nikahdan əvvəl cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müqavilə əsasında alınmış, Cavabdeh tərəfindən bağışlama müqaviləsi əsasında X2 bağışlanmış və İddiaçı bu zaman bağışlanmaya etirazı olmamış, həmçinin iddiaçı 2007-ci ildə ünvan 2 ünvanında yerləşən mənzilin təmirinə çəkilən 25000 manat əsaslı təmir xərcinin ½ hissəsinin (12500 manat) cavabdehdən tutulmasını xahiş etsə də, ilk növbədə həmin təmirin birgə nikah dövründə aparılması iş materialları ilə sübuta yetmir. Eləcə də, məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı təmirin 2007-ci ildə evlənən zaman, 9 ay müddətinə edildiyini qeyd edir. Məhkəmə hesab edir ki, 2007-ci ildə təmir olunmuş olsa belə, 15 ilə yaxın müddətdə tərəflər sözügedən mənzilin faydalı xüsusiyyətlərindən, yəni təmirindən yaşamaqla faydalanmışlar. Ən əsası isə mənzil təmir olunmuş və 15 il müddətində həmin təmirli mənzildən istifadə edildikdən sonra iddiaçının da razılığı ilə mənzil üçüncü şəxsin adına özgəninkiləşdirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 2007-ci ildə ünvan 2 ünvanında yerləşən mənzilində aparılmış həmin təmir xərclərinin dəyəri tərəflərin əmlak aktivi kimi qiymətləndirilməli, onlar arasında bölünməməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən 25000 manat əsaslı təmir xərcinin ½ hissəsinin (12500 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən 25000 manat əsaslı təmir xərcinin ½ hissəsinin (12500 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar