Məhkəmə qərarları › İş №e-2(004)-1642/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1642/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1642/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1439,59 manat pulun və ödənilmiş 34,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Daewoo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Daewoo” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********9 nömrəli, xx.xx.2016-cı il tarixli sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" MMC-nin xx.xx.2016 və xx.xx.2017-ci il tarixli aktlarına əsasən, “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4692 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 034180, 034694 nömrəli sığorta aktlarına və 267 nömrəli, 175 nömrəli ödəniş tapşırıqlarına, əsasən sığortalanmış “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümumilikdə 4692 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh oğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş KYP seriyalı 555383 nömrəli inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Subroqasiya qaydasında dəymiş zərərə görə 500 manat azadolma (franşiza) məbləği çıxılmaqla ödənilən 4192 manat məbləğin 2752,41 manat hissəsi “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 1439,59 manat hissəsi isə zərərvuranın özü tərəfindən yazılı pretenziya və şifahi danışıqların aparılmasına rəğmən hələ də ödənilməmiş qalmışdır. İş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh oğlu tərəfindən vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 1439,59 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixdə bildirişi qəbul edərək, xx.xx.2024-cü il tarixdə iddia qarşı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələblərinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.4-cü maddəsinin tələblərinə görə məhkəmə: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması üçün əsaslar yoxdur. Belə ki, cavabdeh kiçik iddiaya qarşı etirazında iddia icraatına keçilməsi üçün əsas olan hər hansı bir halı göstərməmiş və etirazı ümumiyyətlə əsaslandırılmamışdır. Cavabdeh etirazında iddiaçının ona qarşı 8 ildən sonra iddia tələbi irəli sürdüyünü qeyd etmişdir. Həmin məsələ ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb deliktlərdən yaranmış öhdəlik münasibətləri ilə bağlıdır. Qanunverciliyə əsasən deliktlərdən yaranan öhdəlik münasibətləri ilə bağlı iddia müddəti 10 ildir və iddiaçı iddia müddətini ötürməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, etirazın dəlilləri hazırkı mülki işin iddia icraatı qaydasında baxılması üçün əsas deyil. Odur ki, məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Daewoo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Daewoo” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2016-cı il tarixli KYP seriyalı 555383 nömrəli inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, Cavabdeh oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2016 və xx.xx.2017-ci il tarixli aktlarına əsasən, “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 4692 manat ziyan dəymişdir. 034180, 034694 nömrəli sığorta aktlarına və 267 nömrəli, 175 nömrəli ödəniş tapşırıqlarına əsasən İddiaçı SŞ tərəfindən, sığortalanmış “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ümumilikdə 4692 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Belə ki, Subroqasiya qaydasında dəymiş zərərə görə 500 manat azadolma (franşiza) məbləği çıxılmaqla ödənilən 4192 manat məbləğin 2752,41 manat hissəsi “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 1439,59 manat hissəsi isə zərərvuran - Cavabdeh tərəfindən yazılı pretenziya və şifahi danışıqların aparılmasına baxmayaraq hələ də ödənilməmiş qalmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə və hadisə yerindən yayındığına görə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 1439,59 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 1439,59 manat məbləğində sığorta ödənişi və ödənilmiş 34,40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Mitsubishi L200” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 1439,59 (min dörd yüz otuz doqquz manat əlli doqquz qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 34,40 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar