Məhkəmə qərarları › İş №e-2(004)-1721/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1721/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1721/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 1872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məndən hər ay 220 manat aliment tutularaq X2 (hazırda X13) saxlanılması üçün iş üzrə cavabdeh X1 verilməsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 onun oğlu X9 ailə qurmuşdur. Onların faktiki nikahından 14 aprel 2016-cı il tarixində Nihad adlı bir nəfər uşaqları anadan olmuşdur. Bakı şəhəri Hacıqabul rayon İcra hakimiyyəti Başçısının sərəncamı, Hacıqabul məhkəməsinin qətnaməsi ilə oğlu, maraqlı şəxs X3 cavabdeh X8 ilə rəsmi nikahlarından 14 aprel 2016-cı il tarixində Nihad adlı uşaqları ona övladlığa verilmişdir. Uşaq övladlığa götürülərkən uşağın onun himayəsində qalacağı və ona doğrudan da övladlıq edəcəyi barədə istəyi olmuşdur. Cavabdeh X8 uşaqla onun ünsiyyətdə olmağı, valideyin kimi övladının həyatında iştirak etməyi üçün qadağa qoymuşdur. O, uşağın valideyni deyil, onun uşaqla olan, uşağın həyat şəraiti, təlimtərbiyyəsi ilə bağlı olan məsələlərdə iştirakına qadağa qoyulmalıdır. Çünki uşağı ona övladlığa verərkən maraq onun ölümündən sonra yetkinlik yaşına çatmayan uşağın, yəni 14 aprel 2016-cı il tarixində anadan olmuş Nihad adlı övladlığa götürülən uşaq onun aldığı təqaüd, pensiya və s. kimi gəlirlərdən bəhrələnsin. Bu azmış kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 mənə qarşı “Aliment tələbinə” dair iddia ilə Bakı şəhəri Yasamal rayon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Yasamal rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Onun tələbi əsasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3498/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X17 (Niçat) oğlunun ona övladlığa verilməsi ləğv edilmiş və Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı övladlığa götürülmə haqqında akt qeydi ləğv edilərək, xx.xx.2016-cı il tarixli 630 saylı doğum haqqında akt qeydinin üzərindəki əvvəlki məlumatlar bərpa edilmişdir. Övladlıq akt qeydi ləğv edildikdən sonra doğum haqqında akt qeydinin uşaq bəndində ata adı Şahzadə-dən Niçat-a, ata bəndində İddiaçı X6 dəyişiklik edilmişdir. Artıq onun X10 (hazırda X13) ilə heç bir ata-bala bağlılığı qalmamışdır. Lakin buna baxmayaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan hər ay 220 manat aliment tutularaq X2 (hazırda X13) saxlanılması üçün iş üzrə cavabdeh X1 verilməsi qət edilmişdir və hazırda qüvvədədir. Göründüyü kimi o, aliment öhdəliyindən azad edilməli və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyyən edilmiş aliment ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o aldadılmışdır. Hazırda övladlığa götürməyə xitam verilmişdir. Ona dörə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı X11, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla cavabdeh X7 qarşı “uşağın övladlığa götürülməsinin ləğv edilməsi” tələbinə dair iddia təmin edilmiş və övladlığa götürmə ləğv edilməklə, xx.xx.2022-ci il tarixli, 011484 saylı “Övladlığa götürmə haqqında” şəhadətnamə ləğv edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X5 Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı övladlığa götürmə haqqında akt qeydi ləğv edilərək xx.xx.2016-cı il tarixli 630 saylı akt qeydinin üzərindəki əvvəlki məlumatlar bərpa edilmişdir. Doğum haqqında akt qeydində uşaq bəndində ata adı “Nicat”, ata bəndində “X12” qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 134.7-ci maddəsinə əsasən məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur. Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, aliment ödənilən uşaq övladlığa götürüldükdə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir (Ailə Məcəlləsi, maddə 113.2.2). Lakin, bu məsələ məhkəmə tərəfindən aliment ödəməyə borclu olan valideynin vəsatəti əsasında ayrıca icraatda həll olunur. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının öz oğlunun övladını – nəvəsini övladlığa götürməsi və övladlığa götürdüyü uşaq üçün məhkəmə qaydasında alimentin tutulması işin mübahisəsiz halıdır. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, iddiaçının övladlığa götürməsi barədə akt məhkəmə qətnaməsinə əsasən ləğv edilmiş və onlar arasında olan valideyn-övlad münasibətlərinə xitam verilmişdir, uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında bioloji atasının adı qeyd edilmişdir. Qanunvericiliyin tələbindən müəyyən olunur ki, övladlığa götürmə zamanı yaranan valdeyn-övlad münasibətləri, dolayısı ilə bu münasibətlərdən irəli gələn hüquq və vəzifələr övladlığa götürmə ilə şərtlənir. Yəni, övladlığa götürmə ilə bağlı akt qeyd ləğv olunduğu halda bu münasibətlərdən irəli gələn hüquq və vəzifələr də öz əhəmiyyətini itirməklə ləğv olunur. Bununla da iddiaçının deyil, bioloji atanın uşağı saxlamaq və ona qulluq etmək, qayğısına qalmaq öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən, hazırkı halda iddiaçıdan övladı və ya övladlığa götürdüyü deyil, nəvəsi olan uşağa görə aliment tutulması onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, hazırda iddiaçının aliment öhdəliyi olmadığından Bakı şəhəri Yasamal rayon Məhkəməsin 03 may 2023-cü il tarixli e-2(004)-1872/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment” öhdəliyinə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsin 03 may 2023-cü il tarixli e-2(004)- 1872/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment” öhdəliyinə xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar