Məhkəmə qərarları › İş №e-2(004)-2103/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2103/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2103/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: nikah haqqında şəhadətnamə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021 tarixdə 1743 saylı nömrə ilə qeydə alınmış nikahın pozulması; iddiaçı və cavabdehin azyaşlı övladı X3 (d/t: xx.xx.2023) İddiaçı yanında saxlanılması; Cavabdeh azyaşlı övladları X3 (d/t: xx.xx.2023) saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində aliment tutulması, Cavabdeh iddiaçıya məxsus olan zinət əşyalarının əvəzi olan 4.400 manat pul vəsaitinin, iddiaçıya məxsus cehizin (mətbəx mebeli) əvəzi olan 1.500 manat pul vəsaitinin, ümumilikdə, 5.900 manat pulun tutularaq İddiaçı ödənilməsi; iddiaçının adına rəsmiləşdirilərək Cavabdeh tərəfindən öz şəxsi istifadəsi üçün sərf edilən Bank of Baku ASC-dən 675901 müştəri kodu ilə əldə edilən xx.xx.2023 verilmə tarixli 4250 manatlıq kredit vəsaitinin qalıq borcu olan 2.980 manat və Kapital Bank ASC-dən (Bir bank) “umico market place” xətti üzrə xx.xx.2023 tarixli, № BUMM0871811B299 kredit müqaviləsi əsasında əldə edilmiş 1.180 manatlıq kredit vəsaitinin qalıq borcu olan 433 manatın – ümumilikdə 3.413 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, vəkilə ödənilmiş 300 manat vəsait, 64 manat dövlət rüsumu, 50 manat mediasiya xərci olmaqla – ümumilikdə 414 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməs dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021 tarixdə nikah 1743 saylı nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından X5 (d/t: xx.xx.2023) anadan olmuşdur. Xasiyyətləri tutmadığına, tez-tez ailədaxili anlaşmazlıqlar yaşanmasına görə cavabdehlə bir yerdə yaşamaları baş tutmamışdır və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir və birgə təsərrüfatı idarə etmirlər. xx.xx.2024 tarixdən bəridir ki, bir evdə yaşamırlar. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Belə ki, Cavabdehin qeyri-ciddi həyat tərzi sürməsi, ailəsinə laqeyd yanaşması, iddiaçının iş yoldaşlarına vəd verməsi, lakin nəticədə onlara maddi zərər vurması, iddiaçı və atasının adına rəsmiləşdirdiyi 4 fərqli kredit xətti ilə əldə edilən pul vasitəsilə bankdan öz şəxsi istifadəsi üçün götürdüyü vəsaitləri ödəməməsi, nəticədə bu borcları iddiaçı və atasının ödəməsi və ödəməyə davam etməsi, Cavabdehin özünün iddiaçıya bildirdiyinə görə, onun törətdiyi başqa əməllərə görə tutulmaması üçün ölkədən qaçmaq istəyərkən təqsirli bilindiyi cinayət işi üzrə həbs edilməsi, ardınca barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və sair bu kimi hadisələr ailə vəziyyətinin davam etməsini qeyri-mümkün etmişdir. İddiaçı bu müddət ərzində çox əzab, iztirablara qatlaşmış, bir yandan övladını böyütmək üçün maddi, mənəvi güc sərf etmiş, digər yandan gəliri aşağı olan valideynlərinin dəstəyi ilə Cavabdehin ucbatından yükləndiyi kredit borclarının aylıq ödənişlərini icra etmiş, eyni zamanda ailəsi tərəfindən ona müxtəlif vaxtlarda hədiyyə edilmiş zinət əşyalarının Cavabdeh tərəfindən mənimsənilərək sərf edilməsinin vurduğu maddi və mənəvi zərərlə üzləşmişdir. Birgə nikahdan dünyaya gələn X3 1 yaşı yenicə tamam olmuşdur. İstər qidalanması, istərsə də qayğı və s. ehtiyaclarının təmin edilməsi cəhətdən anaya ehtiyacının olması, onun inkişafı və tərbiyəsi üçün anası ilə birgə olması əhəmiyyət daşıyır. Atasının taleyinin azadlıqda olub-olmayacağı cəhətdən qeyri-müəyyən olması, qeyri-ciddi həyat tərzi sürməsi, uşağın ehtiyacı yarandıqda dərhal atasına çata bilməyəcəyini, atası tərəfindən ailə və övlada laqeyd münasibəti, iddiaçının əlində olan toy və digər məclislərdə hədiyyə edilmiş zinət əşyalarının cavabdeh tərəfindən son qəpiyə kimi lombardlara qoyulmasını nəzərə aldıqda uşağın iddiaçının yanında qalması uşağın mənafeyi ilə birbaşa uyğunluq təşkil edir. Aşağıda qeyd edilən və ümumi dəyəri 4.400 manat təşkil edən zinət əşyaları iddiaçıya toy və müxtəlif vaxtlarda öz valideynləri və digər şəxslər tərəfindən hədiyyə edilmişdir, bütün zinət əşyaları iddiaçının məlumatı olmadan cavabdeh tərəfindən xx.xx.2023 tarixdə Nizami r, Q.Qarayev 53 ünvanda 348202 saylı girov bileti ilə M.M lombarda qoyulmuşdur və oradan əldə edilən gəlir naməlum istiqamətdə xərclənmişdir. xx.xx.2023 tarixdə zinət əşyaları Cavabdeh tərəfindən lombarddan geri götürülmüşdür, lakin sonrakı taleyi barədə İddiaçıda heç bir məlumat yoxdur (qeyd edilən detallar isə, lombard tərəfindən yaxın vaxtlarda iddiaçıya bildirilmişdir). Aşağıda iddiaçıya hədiyyə edilən sözügedən zinət əşyaları sıralanır: - İddiaçıya toy günündə qızıl materialından olmaqla ümumi dəyəri 3.000 manat olan üzük, 1 cüt sırğa, boyunbağı, bilərzik hədiyyə edilmişdir (diskdə 1 saylı video - toy məclisindən). - İddiaçıya ad günü məclisində - xx.xx.2023 tarixdə dəyəri 200 manat olan qızıl boyunbağı hədiyyə edilmişdir (diskdə 2 saylı video – ad günündən). - Toydan 1 həftə sonra ölkəmizdə adət üzrə gəlinin ailəsi oğlan evinə məclisə gəlirlər, həmin zaman iddiaçının anası tərəfindən qızıl materialından olmaqla üzük, 1 cüt qızıl sırğalar, qolbaq çəhrayi daşlı hədiyyə edilmişdir, həmçinin nikahın 1 illiyi üçün iddiaçının anası tərəfindən qızıl materialından olmaqla N yazılı boyunbağı, trosvari qolbağı hədiyyə edilmişdir – həmin bu 2 məclis üzrə edilmiş hədiyyələr 1.200 manat dəyərindədir (ərizəyə qoşma 9: fotoda lombardda masanın üzərində əşyalar). Cavabdehin təzyiqləri qarşısında İddaçının adına götürülmüş və naməlum istiqamətdə xərclənmiş kredit vəsaitlərinə dair məlumat aşağıda qeyd edilir (qalıq borcu olan kredit xətləri): - Bank of Baku ASC-dən 675901 müştəri kodu ilə xx.xx.2023 verilmə tarixli 4250 manatlıq kredit əldə edilmişdir, bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir, hazırda 2.980 manat borc qalmaqdadır. - Kapital Bank ASC-dən (Bir bank) umico market place xətti üzrə xx.xx.2023 tarixli, № BUMM0871811B299 kredit müqaviləsi əsasında 1.180 manat kredit əldə edilmişdir, bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir, hazırda 433 manat borc qalmaqdadır. İddiaçının valideynləri tərəfindən cehiz kimi mətbəx üçün mebel sifariş edilmiş və hazırlanaraq xx.xx.2023 tarixdə Cavabdehin yaşadığı Suraxanı r, Hövsan qəs, Dənizkənarı küçəsində yerləşən evdə quraşdırılmışdır, hazırlanma və quraşdırılma üçün iddiaçının valideynləri tərəfindən aidiyyəti şəxslərə 1.500 manat pul ödənmişdir. Mətbəx mebeli mətbəxin ölçülərinə (divarların çıxıntıları və s. nəzərə alınmaqla) uyğun hazırlandığı üçün onun sökülərək iddiaçı tərəfindən geri götürülməsi, götürülsə belə təyinatına zərər yetirilməməsi mümkün deyildir və Cavabdeh və onun anasıgil tərəfindən xeyli vaxtdır ki, istifadə edilir, bu səbəblə də mebelin qarşılığı olan pulun ödənilməsi labüddür. Qoşmada Cavabdehdən mebelin tələb edilməsinə dair yazışma görüntüsü, həmçinin mebelin evdə quraşdırıldıqdan sonrakı şəkilləri yerləşdirilir,eyni zamanda yazışmadan da görünür ki, Cavabdeh mebelin mövcudluğunu təsdiq edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, cavabdeh lombarda qoyulan qızılları ona deyib qoymuşdu və geri verəcəyini demişdi. Lakin xəbəri olmadan satmışdır. Kreditlə bağlı olan məsələlərdə isə birindən xəbəri var idi və ödəyəcəyini demişdi.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, nikahın pozulmasına razı deyil. Nikah pozulduğu təqdirdə uşaqların ananın himayəsində saxlanılmasına etiraz etmir. 400 manat aliment tutulmasına razı olmadığını, qızıl zinət əşyalarını iddiaçının özü tərəfindən borclarının ödənilməsi üçün ona verdiyini və həmin qızılları satdığını, mətbəx mebelinin evdə olduğunu və onu qaytarmağa razı olduğunu, kredit borclarına münasibətdə isə qalıq borcu ödəməyə razı olduğunu bildirmişdir.

7. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Bakı şəhəri 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 451475 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 1743 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Dadaşov və arvada Dadaşova soyadı verilmişdir.

10. Bakı şəhəri 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 874141 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladı vardır.

11. "xxxx" kreditinə aylıq ödəniş bildirişlərinə əsasən müəyyən edilir ki, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək 145,81 manat məbləğində ödəniş edilmişdir.

12. "xxxx" kreditinə aylıq ödəniş bildirişlərinə əsasən müəyyən edilir ki, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək 712,6 manat ödəniş edilmişdir.

13. X1 tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 348202 nömrəli girov bileti əsasında əyarı 585, ümumi çəkisi 43,89 qram olan 1 komplekt (1 cüt sırğa, 1 üzük, 1 boyunbağı, 1 qolbaq) bunlardan əlavə 2 qolbaq, 1 cüt sırğa, 1 üzük, 3 boyubağı ümumi çəkisi 43,89 qram olan zinət əşyalarını ona məxsus lombarda girov qoymaq qarşılığında 2300 manat vəsait əldə etmiş, xx.xx.2023-cü il tarixdə əldə etdiyi borc vəsaitini geri ödəyərək zinət əşyalarını lombardan geri təhvil almışdır.

14. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh rəsmi əmək müqaviləsi ilə işləmir.

15. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur.

17. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

18. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

19. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

20. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

21. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

22. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

27. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

28. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

30. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir

31. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır

32. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

33. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

34. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

36. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

37. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 17.07.21-cü il tarixdə 1743 nömrə ilə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur və hazırda anası İddiaçı ilə yaşayır.

38. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini, tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq barışıq əldə olunmadığını, tərəflərin uzun müddət faktiki olaraq ailə münasibətlərində olmamalarını nəzərə alaraq hesab edir ki, onlar arasında 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə qeydə alınmış nikah pozulmalıdır.

39. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların analarının yanında saxlanılmasının cavabdeh tərəfindən mübahisələndirilmədiyi, bu səbəbdən “mülki icraatda formal həqiqətin müəyyən edilməsi” prinsipi nəzərə alınmaqla məhkəmə mülki işin mübahisəsiz halı kimi həmin hissədə ətraflı araşdırma aparmamışdır.

40. Məhkəmə tərəflər arasında birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması uşağın mənafeyinə uyğundur.

41. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

44. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılmasına görə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment cavabdehdən tutulmalıdır.

45. İddiaçı həmçinin iddia tələbində qızıl-zinət əşyalarının əvəzi olan 4400 manat məbləğində pulun və iddiaçıya məxsus cehizin (mətbəx mebelinin) əvəzi olan 1500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir.

46. Məhkəmə hesab edir ki, hər iki tələb üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

47. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

49. Birinci dispozitiv şərtlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

50. Qeyd edilən müddəada ər-arvadın hər birinin əmlakının əldə edilməsinin hüquqi əsasları dəqiq göstərilmişdir. Ümumiyyətlə, ər-arvadın ayrıca mülkiyyəti hesab edilən əmlakı əldə edilmə vaxtına (nikahdan əvvəl və ya sonra) və əldə olunma əsaslarına (hədiyyə şəklində verilmiş, vərəsəlik və ya əvəzsiz olaraq keçmiş) görə iki qrupa bölmək olar. Həmçinin, adı çəkilən müddəa bir mənalı şəkildə əldə olunma vaxtından asılı olmayaraq ər-arvadın hər birinə hədiyyə şəklində verilən əmlakı onların ayrıca mülkiyyətinə aid etmişdir.

51. İşin mübahisəsiz halıdır ki, tərəflər ailə həyatı qurarkən iddiaçıya hədiyyə olaraq qızıl-zinət əşyaları və cehiz əşyaları alınmışdır. Cehiz əşyalarından olan mətbəx mebelinin iddiaçının qardaşı tərəfindən alınması və onun hazırda da iddiaçının gəlin köçdüyü evdə saxlanılmasını cavabdehin məhkəmə iclasında verdiyi izahatında müəyyən edilmişdir. Həmçinin, qızıl-zinət əşyalarının alınması da işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının və mətbəx mebelinin iddiaçıya məxsus olması tərəflərin izahatları ilə sübut olunur, bu isə birinci dispozitiv şərtin mövcud olmasını deməyə əsas verir.

52. İkinci dispozitiv şərtin olması, yəni əmlakın başqa şəxsin sahibliyində olması, mətbəx mebelinə münasibətdə, cavabdeh tərəfindən etiraf olunur. Qızıl-zinət əşyalarına münasibətdə isə, həm cavabdeh, həm də iddiaçı həmin qızıl-zinət əşyalarının cavabdehin borclarının ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə lombarda qoyulması üçün təqdim olunduğunu bildirirlər. Cavabdeh həmin qızıl əşyalarını lombarda qoyduqdan sonra götürdüyünü, daha sonra borclarını ödəmək üçün özü də zərgər olduğu üçün həmin qızılları əridərək satdığını bildirmişdir. İddiaçı həmin zinət əşyalarının könüllü şəkildə cavabdehin borclarının ödənilməsi məqsədilə ona verdiyini qeyd etsə də, lakin həmin qızılzinət əşyalarının satılmasına razı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarına münasibətdə həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı halları sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin halı sübut edə bilməmiş, qızıl-zinət əşyalarını könüllü şəkildə versə də, onların satılmasından məlumatı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına mübasibətdə Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan ikinci dispozitiv şərtin mövcud olması da öz təsdiqini tapmır. Belə ki, həmin qızıl-zinət əşyaları cavabdehin sahibliyində qanunsuz olmamış, iddiaçı özü könüllü həmin qızıl zinət əşyalarını ailə ehtiyaclarının ödənilməsi üçün təqdim etmişdir. İddiaçının həmin qızıl-zinət əşyalarının satılmasından məlumatının olmaması dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin əşyaları cavabdehə məhz borcların ödənilməsi üçün verdiyindən, həmin qızıl-zinət əşyalarının satılması nəticəsini əvvəlcədən görməməsi məhkəmə tərəfindən ağlabatan hesab olunmur.

53. Məhkəmə iddianın mətbəx mebelinin dəyərinin qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, mətbəx mebelinin cavabdehdə olduğu məhkəmə araşdırması zamanı müəyyən edildiyindən onların dəyərinin cavabdehdən tutulmasına zərurət yoxdur. Belə ki, məhkəmə iclasında izahat verən cavabdeh mətbəx mebelinin evdə olduğunu, həmin mebeli qaytarmağa razı olduğunu bildirmiş, dəyərinin 1500 manat olmasını isə mübahisələndirməmişdir. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, qətnamə icra olunan vaxt mətbəx mebeli cavabdehdə olmazsa, onun dəyəri olan 1500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

55. Bundan başqa iddiaçı iddia tələbində iddiaçının adına götürülmüş kredit məbləğinin qalıq hissələrinin, ümumulikdə 3413 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir.

56. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.35-ci bəndinə əsasən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

57. Həmin Qərarın 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

58. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, birgə nikah dövründə iddiaçının adına "xxxx" ASC-dən 4250 manat məbləğində, "xxxx" ASC-dən isə 1180 manat məbləğində kredit alınmışdır. Məhkəmə iclasında izahat verən cavabdeh həmin kreditləri öz borclarının ödənilməsi üçün iddiaçının adına aldığını, həmin kredit müqavilələrindən iddiaçının məlumatı olduğunu və qalıq məbləği ödəməyə razı olduğunu bildirmişdir.

59. Belə olan halda yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinadən məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixdən sonra iddiaçı tərəfindən ödənilmiş məbləğlər, yəni "xxxx" ASC-dən götürülmüş kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən sonra ödənilmiş 712,6 manat, "xxxx" ASC-dən götürülmüş kredit müqaviləsi üzrə isə xx.xx.2025ci il tarixdən sonra ödənilmiş 145,81 manat, ümumilikdə 858,41 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

60. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasıda xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1743 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, İddiaçı məxsus mətbəx mebeli, mövcud olmadıqda isə əvəzi olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 858,41 (səkkiz yüz əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

61. Məhkəmə qeyd edir ki, cavabdehdən onun övladının saxlanılması üçün tutulmalı olan aliment iddiaçının aliment tələbi ilə məhkəməyə ilkin müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

65. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

66. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

67. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən “Rifaq Həsənov və partnyorları” vəkil bürosuna 300 manat məbləğində ödəniş edilmişdir.

68. Həmçinin iddiaçı 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır.

69. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

70. Belə ki, MŞB/9/2024-01048 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdirlər.

V. Nəticə:

71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1743 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı məxsus mətbəx mebeli, mövcud olmadıqda isə əvəzi olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 858,41 (səkkiz yüz əlli səkkiz manat qırx bir qəpik) manat məbləğində pul, 300 (üç yüz) manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar