Məhkəmə qərarları › İş №e-2(004)-2116/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2116/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2116/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə 15.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 11.05.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 1, 6 saylı mənzil üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı ilə Cavabdeh 20.12.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 2 övladları, yəni 29.10.1997-ci il təvəllüdlü X3 və 20.09.2002-ci il təvəllüdlü X2 doğulmuşdur. Onların nikahı 19 noyabr 2019-cu il tarixdə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil alınmışdır. Birgə nikah dövründə onlar həmin ünvanda yaşamışlar. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 173289 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1, 6 saylı mənzil 13.11.2003-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin **********42 nömrəli, 14.06.2021-ci il tarixli məktubuna əsasən ünvan 1, 6 saylı mənzil 24.06.2003-cü il tarixli alğı-satqı müqaviləsi əsasında 13.11.2003-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4789/2019 saylı, 20.08.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 20.12.1996-cı il tarixdə Bakı Səadət Sarayında bağlanmış 2570 nömrəli nikahın pozulması, birgə nikahdan olan 20.09.2002-ci il təvəllüdlü X1 Qədirova (Hüseynova) Samirə Adil qızının yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.12.2019-cu il tarixli AZ-İ № 341229 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X4 arasında bağlanmış nikah 19.11.2019-cu il tarixdə 576 №-li akt qeydi ilə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Qədirov, qadına Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 30.01.2003-cü il tarixli, AZ-İ № 323192 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan 20.09.2002-ci il təvəllüdlü X2 adlı övladı vardır. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 26.12.1997-ci il tarixli, XXİ-JQ № 253120 seriyalı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan 29.10.1997-ci il təvəllüdlü X3 adlı övladı vardır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər 20.12.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 20.08.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Mübahisə predmeti olan ünvan 1, 6 saylı mənzil birgə nikah dövründə - 24.06.2003-cü il tarixdə, birgə gəlirlər hesabına əldə edilmişdir və hazırda cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaka ½ hissədə payının müəyyən edilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş ünvan 1, 6 saylı mənzil bərabər paylarla bölünməli və həmin mənzil üzərində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. (maddə 37) Qanunun mənasından göründüyü kimi ər-arvad arasında payların qeyri-bərabər bölünməsi üçün ya tərəflər arasında başqa qayda müəyyən edən müqavilə olmalı, yaxud da iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan hallarla bağlı sübutlar mövcud olmalıdır. Uşaqlaın valideynlərdən birinin himayəsində qalması həmin valideynin payının birmənalı artırılmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını və işin hallarını rəhbər tutaraq qeyd edir ki, iddia təmin olunmalı, ünvan 1, 6 saylı mənzil üzərində İddiaçı ½ hissədə pay hüququ və Cavabdeh ½ hissədə pay hüququ müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1, 6 saylı mənzil üzərində İddiaçı ½ hissədə pay hüququ və Cavabdeh ½ hissədə pay hüququ müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar