Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2146/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında, yəni 2110.16, ümumilikdə isə 4138.77 manat kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2016-cı il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə təyin olunmuş, 06 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. 2016-2019-cu iş illəri üçün əsas əmək məzuniyyətindən istifadə etmiş, 2020-ci iş ili üçün isə əsas əmək məzuniyyətindən istifadə etməmiş, 19.06.2020- 05.11.2020-ci il ərzində hamiləliyə və doğuşa görə sosial məzuniyyətdə olmuşdur. Qeyd olunanlara əsasən 2020-ci iş ili üçün əsas əmək məzuniyyətindən istifadə etmədiyindən Cavabdeh MMC-dən 2028.61 manat, habelə 18 fevral 2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında, yəni 2110.16 manat, ümumilikdə isə 4138.77 manat kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək əvvəlcə cavabdehdən istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə qətnamə çıxarılan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla kompensasiyanın tutulmasını, daha sonra yenidən ərizə təqdim edərək istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə 16.07.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla 5113 manat dəbbə pulu, ümumilikdə isə 7141.61 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, əmək məzuniyyətini verilməsi barədə 05.07.2017-ci il tarixli, 07.05.2018-ci il tarixli, 25.04.2019-cu il tarixli ərizələrdəki imza və yazı ona məxsusdur və həmin ərizələrə müvafiq olaraq verilmiş əmrlərdən məlumatı var və qeyd edilən müddətdə əmək məzuniyyətindən istifadə etmişdir. Lakin 26.08.2019-cu il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədəki yazı və imza ona məxsus deyildir. Ekspert rəyi ilə də ərizədəki imzanın və yazının ona məxsus olmadığı müəyyən olunmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etmədiyinə görə cavabdeh tərəfindən həmin məzuniyyət haqqının ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsininə müraciət etmiş və həmin idarədən ona cavab məktubu yazılaraq bildirilmişdir ki, X3” MMC həqiqətən də işçi ilə əmək müqaviləsinə xitam verərkən son haqq-hesabın ödənilməsini təmin etməmişdir. Bu səbəbdən həmin orqanın 26.02.2021-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin direktoru Rauf Həsənov barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən inzibati qaydada 800 manat cərimə tətbiq edilmişdir. İddiaçı iddia tələbinin əsaslı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ona 19 iyun 2020-ci il tarixində analıq məzuniyyəti ilə bağlı xəstəllik vərəqəsi verilmişdir. Sadəcə pandemiya şəraiti ilə bağlı olaraq həmin vərəqəni təhvil verə bilmədiyinə görə bir ay yarım o analıq məzuniyyətində ola-ola işləmək istəmiş və bir ay yarım artıq işləmişdir. Həmin işlədiyi dövrdə aldığı 1957 manat əmək haqqı 09 iyulda iddiaçıya ödənilmişdir. Həmin məbləğ bonus olaraq rəsmiləşdirilmişdir, çünki analıq məzuniyyətində olanda əmək haqqı kimi ödənilməsi mümkün deyildi. İki bonus əmri tərtib olunmuş və ƏƏSMNin sisteminə göndərilmışdir. İşlədiyi vaxt işlətdiyi kompüterə zərər vurmuş və həmin pulu şirkətə ödəmişdir. Bununla bağlı sənəd var və həmin sənəd onun həmin dövrdə işlədiyini sübut edir. 16.07.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında şahidlərin iki dəfə məzuniyyət hüququndan istifadə etməsinə dair ifadələrinə etiraz edərək bildirmişdir ki, o, rəsmi olaraq may ayında ərizə yazsa da, rəhbərliyin tələbinə əsasən 30 günlük məzuniyyətini 3 yerə bölərək istifadə etmişdir. Sentyabr ayında 10 gün məzuniyyətdə, qalan 20 günü işdə olmuşdur. 17.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə verdiyi izahatında iddiaçı bildirmişdir ki, X3 MMC-nin iş saatları ona uyğun olmadığından əlavə iş yeri olaraq başqa şirkətlə müqavilə bağlamış və buna görə gedib əmək kitabçasını X3 MMCdən istəmiş və əmək kitabçasını ona verməyərək bildirmişlər ki, o, işdən çıxarılacaq. Həmin vaxt keysəriyyə əməliyyatı keçirdiyi üçün ona görə ödənilməli olan məbləği X3 MMC-dən istəmişdir. Əlavə olaraq bildirmişdir ki, 4-cü ərizədən və 4-cü əmrdən xəbəri olmamışdır. Belə bir ərizə yazmamışdır, əmrdən də məlumatı olmamışdır. Mobil operatorlar anten əlaqələri və zəng qeydləri götürülərsə şahidlərin yalan ifadə verdikləri və iddiaçının sentyabr ayında işdə olmağı təsdiqini tapacaqdır. Ona görə də mobil operatorlar anten əlaqələri və zəng qeydləri götürülməsi və imzasını saxtalaşdıran şəxs barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər təmin edilməməlidir. Belə ki, iddiaçı 2016-2020-ci iş illəri üçün əsas əmək məzuniyyətindən istifadə etmiş, həmçinin analıq məzuniyyəti ərzində Nuranə xanıma ödəniş edilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. 15.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 bildirmişdir ki, analıq məzuniyyəti vaxtı pandemiya dövrünə təsadüf etdiyindən işəgötürən işçilərinin qayğısına qalaraq Nuranə xanıma iki ay dalbadal 1957 manat pul ödəmişdir. Təqdim edilən sənədlərdən görünür ki, İddiaçı başqa yerdə işləyib. Eyni zamanda pandemiya dövründə o işləyə bilməzdi. Bu mükafat sadəcə işəgötürənin qayğısına görə ödənilib. Nuranə xanım işləməyib. 17.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə verdiyi izahatında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, işçinin istifadə etmədiyi məzuniyyət növbəti ilə keçirilə bilər və ya da işçi əvəzin ödənilməsini tələb edə bilər. İddiaçı 2019-2020-ci il iş ili üçün məzuniyyət hüququndan istifadə etmədiyini iddia edir və həmin məzuniyyətə görə kompensasiya istəyir. Halbuki iddiaçının məzuniyətdə olub istifadə etmədiyi məzuniyəti qalmamışdır. Cavabdeh MMC-də məzuniyət pulu orta aylıq əmək haqqı ilə hesablandıqda məzuniyət pulu aylıq əmək haqqından az olur .Bu səbəbdən də işçilər məzuniyyət hüququndan istifadə etmək istəmirlər. Ona görə də məzuniyyət pulu tam əmək haqqı şəklində ödənilir. Bu səbəbdən də bank hesabı barədə çıxarışda məzuniyyət haqqının ödənilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı məzuniyyətdə olmasaydı başqa yerdə işləyə bilməzdi. Əmək məzuniyyətində olduğu halda başqa yerdə işə düzəlmiş və işəgötürənin bununla bağlı razılığını almamışdır. 17.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X13 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o Nuranə Xudatova X3 MMC-də işlədiyi dövrdə direktor olmuşdur. İddiaçı ona tapşırılan işləri yerinə yetirmiş və aralarında heç bir problem olmamışdır. İddiaçı analıq məzuniyyətinə getməzdən öncə işçilərə işə qayıtmayacağını demiş, lakin o iddiaçını çağırıb soruşduqda işə qayıdacağına söz vermişdir. Uşaq doğulduqdan sonra da iddiaçıya ödəniş edilmiş, hətta pula ehtiyacı olduğundan onlardan əlavə işlər də istəmişdir. O da razılıq verib iddiaçıya əlavə işlər vermiş və buna görə də əmək haqqı artırılmışdır. 2 həftə sonra isə iddiaçı işləri çatdırmadığını bildirmiş və işləri geri qaytarmışdır. Sonra isə uşağına özü baxmaq məcburiyyətində olduğunu və işdən çıxmaq istədiyini bildirmişdir. Onların Nuranəyə borcu yoxdur, əslində artıq ödənişlər ediblər. Daha sonra Nuranənin iş üçün başqa bir şirkətə rəsmi müraciət etdiyini öyrənmiş və bundan sonra aralarında narazılıq yaranmışdır. 16.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o X3 MMC-də menecer vəzifəsində işləyir və Nuranə həmin şirkətdə 2016-cı ildən işləmişdir. Hər il üçün məzuniyyət hüququndan istifadə etmiş, 2019-cu ildə 2 dəfə, hər dəfəsində 30 gün olmaqla ümumilikdə 60 gün məzuniyyətə çıxmışdır. Dəqiq tarixlər yadında qalmasa da, 1 dəfə yay fəslində, bir dəfə isə toyu ilə əlaqədar olaraq sentyabr-oktyabr aylarında məzuniyyətdə olmuşdur. 16.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X3 MMC-də X8 menecer vəzifəsində işləyir. Nuranə 2019-cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. 1 may-1 iyun tarixlərində və toyu ilə əlaqədar olaraq sentyabr ayında məzuniyyət hüququndan istifadə etmişdir. 16.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X3 MMC-də supervizor vəzifəsində işləyir. Nuranə 2019-cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. May və sentyabr aylarında hərəsində 30 gün olmaqla məzuniyyət götürmüşdür. Hətta iyul ayında bayrama düşdüyünə görə əlavə günlər də istəmişdi. Nuranənin işlərinə o nəzarət etmiş və o, məzuniyyətə gedərkən Ülviyyə adlı işçi onu əvəz etmişdir. İş materiallarında olan X3 MMC ilə İddiaçı arasında bağlanmış 16.09.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 MMC-də aylıq əmək haqqı 820,43 manat olmaqla mühasib vəzifəsinə işə qəbul olunmuş və əmək müqaviləsinin qüvvədə olma müddəti 31.12.2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan ******* №li əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı 16.09.2016-ci il tarixdə X3 MMC-yə mühasib vəzifəsinə qəbul edilmiş və 06.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) azad edilmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMCnin direktoru Rauf Həsənova müraciət edərək 06.11.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan X3 MMC tərəfindən verilmiş 06.11.2020-ci il tarixli 36/2020 №-li əmrə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) azad edilmişdir. İş materiallarında olan 05.07.2017-ci il, 07.05.2018-ci il, 25.04.2019-cu il tarixli ərizələrdən və onlara müvafiq olaraq verilmiş eyni tarixli əmrlərə əsasən müəyyən olunur ki, İddiaçı əmək məzuniyyəti hüququndan istifadə etmişdir. İş materiallarında olan 26.08.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı əmək məzuniyyətindən istifadə etmək üçün X3 MMC-yə müraciət etmiş və X3 MMC tərəfindən verilmiş 26.08.2019-cu il tarixli 09/2020 №-li əmrdən görünür ki, İddiaçı 16.09.2019-15.09.2020ci iş ili üçün 32 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 05.03.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC həqiqətən də işçi ilə əmək müqaviləsinə xitam verərkən son haqqhesabın ödənilməsini təmin etməmişdir. Nəticədə Cavabdeh MMC-nin direktoru Rauf Həsənov barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 26.02.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin direktoru Rauf Həsənov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati qaydada 800 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 26.02.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı Cavabdeh MMC-nin şikayəti əsasında mübahisləndirilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarı ilə ləğv edilərək inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə icraata xitam verilmişdir. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının adından yazılmış 26.08.2019-cu il tarixli məzuniyyət ərizəsinin kserosurətində əks ounmuş əlyazma mətni və həmin ərizədəki “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 (iki min üç yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, İddiaçı 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi və İddiaçı istifadə etmədiyi əsas əmək məzuniyyəti əvəzinə kompensasiya verildiyi iş materialları ilə müəyyən edilməmişdir. Əmək Məcəlləsinin tələbinə əsasən işçinin əmək məzuniyyəti barədə işəgötürənin əmri ilə işçi tanış edilməlidir. İş materialları ilə işəgötürənin qanunun bu tələbinə riayət etmədiyi məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddiaçının 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi barədə cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrini mötəbər hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı işdən azad edilərkən ona cavabdeh tərəfindən son haqq-hesabın ödənilməsinin təmin edilməməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müəyyən olunmuşdur. Lakin həmin qərar müddətin keçməsinə görə məhkəmə tərəfindən ləğv edilmişdir. Həmçinin iddiaçının qeyd edilən tarixdə əmək məzuniyyətində olması tərəflərin təqdim etdiyi iddiaçıya məxsus hesab kartının çıxarışından da müəyyən edilmir. Beləliklə, məhkəmə hesab edir ki, istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat məbləğində pulun cavabdeh X3” MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Dəbbə pulu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, dəbbə pulu əsas məbləğə mütənasib olmadığından azaldılaraq 300 manat məbləğində tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğimdə dövlət rüsumu cavabdeh X3” MMC-dən tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin « d » bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 (iki min üç yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci Cavabdeh MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-2146/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2146/2021
12.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver