Məhkəmə qərarları › İş №e-2(004)-2203/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2203/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2203/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan övladı xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində, habelə X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Lakin bir müddət sonra cavabdehlə aralarındakı münasibətlər pisləşdiyindən ailə münasibətinə son qoymuşlar. Belə ki, cavabdehlə bağladıqları nikah 22 oktyabr 2024-cü il tarixində məhkəmə qaydasında pozulmuşdur. Uşaqları hələ yetkinlik yaşına çatmadığı üçün onun normal şəraitdə böyüməsini təmin etmək üçün xərclər gündən-günə artır. Buna görə də cavabdehdən uşaqlarının normal şəraitdə yaşayış və sağlam qidalanma xərclərinin qarşılanması üçün aliment alınmalıdır. Qanunla müəyyən olunmuş məbləğdə aliment ödəmək cavabdehin bir valideyn kimi borcudur. Hesab edir ki, övladlarının saxlanılması üçün ödənilən alimentin məbləği “Azərbaycan Respublikasında 2025-ci il üçün “Yaşayış minimumu” haqqında qanunda uşaqlar üçün müəyyən olunan məbləğdən, yəni – 246 manatdan az olmamalıdır. Onu da qeyd edir ki, birgə nikahdan olan xx.xx.2024-cü il təvəllüdlü X2 azyaşlı olduğuna görə qüvvədə olan qanunvericiliyə əsasən 3 yaşınadək onun saxlanması üçün iddiaçıya əlavə aliment ödənişi də ödənilməlidir. Odur ki, hesab edir ki, cavabdehdən hər ay 100 manat aliment məbləği də tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etməmişdən əvvəl yaranmış mübahisənin həlli üsulu olaraq Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Odur ki, tərəflər razılıq əldə edə bilmədiyinə görə, Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16/2025-00138 saylı xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Buna görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 16 fevral 2024cü il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 401 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

8. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, AZ-V 076070 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2024-cü il təvəllüdlü X3 adlı övladı var.

9. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.

10. Məhkəmə tərəflərin izahatlarını materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

17. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

18. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.

19. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. Belə ki, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

24. Məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini əsas götürür.

25. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə nikahın pozulması barədə qətnamə qəbul edilərkən cavabdehə qarşı aliment tələbindən imtina etmişdir. Qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini əsaslı hesab edərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.

26. Məhkəmə həmçinin qətnamənin gələcəkdə icra edilə bilən olmasını nəzərə alaraq hesab edir ki, uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissəsində iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

27. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.

28. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

29. Məhkəmə qeyd edir ki, cavabdehdən onun övladının saxlanılması üçün tutulmalı olan aliment iddiaçının aliment tələbi ilə məhkəməyə ilkin müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və dərhal icra olunmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

31. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V.Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar