Məhkəmə qərarları › İş №e-2(004)-2239/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2239/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2239/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçı̇ n qızının, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh faktiki nikahından 17.01.2020-ci il tarixdə X2 anadan olmuşdur. Onların rəsmi nikahları olmamışdır. Əvvəllər tərəflərin münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Aralarındakı münasibətlər pozulmuşdur. Hazırda onlar ayrı yaşayırlar. Övladının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Cavabdeh "xxxx" ASC-də aparıcı dizayner vəzifəsində işləyir. Ona görə də, 17.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh 17.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbini qəbul etdiyini bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddiaçının vəkilinin çıxışını dinləyib, cavabdehin ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 418744 nömrəli 15 fevral 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17 yanvar 2020-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 961 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli 41- 3718/2022 saylı arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Rəqəmsal biznes departamentinin Qrafik dizayn şöbəsində aparıcı dizayner vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği 3265 (üç min iki yüz altmış beş) manat təşkil edir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda müəyyən edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 28 mart 2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.01.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 28 mart 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar