Məhkəmə qərarları › İş №e-2(004)-2337/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2337/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2337/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 317,78 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində ** UA *** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** MK *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 markalı avtonəqliyyat vasitəsi ilə cavabdehə məxsus ** UA *** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən dəymiş zərər 317,78 manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh eyni zamanda "xxxx" ASC-yə müraciət edərək ** UA *** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 220,00 manat məbləğində sığorta ödənişi almışdır. Azərbaycan Respublikası MM-nin 927.1, 931 və 936cı maddələrinə əsasən sığortalıya, yəni cavabdehə verilməli olan sığorta ödənişi məbləği icbari sığorta ödənişi məbləğində azaldılmalı idi, lakin Cavabdeh bu halı gizlətmiş və nəticədə şirkət artıq pul vəsaiti ödəməli olmuşdur. Cavabdeh "xxxx" ASC-dən 220 manat məbləğində sığorta ödənişi aldığından "xxxx" ASC 317,78 manat məbləğ həcmində subroqasiya hüququndan məhrum edilmişdir. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 317,78 manat məbləğində vəsait Cavabdeh subroqasiya qaydasında tutulmalıdır Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Odur ki, cavabdeh X.Həsənova "xxxx" ASC tərəfindən ona ödənilmiş sığorta ödənişi miqdarı ilə razı olmadığı halda həmin məbləği mübahisələndirmək hüququ olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. İşə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmışdır. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək, avtomobilinin təmirinə 670 manat pul xərclədiyini bildirmiş, ona görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş yazılı sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda,əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nın 13.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli olan hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq olan məbləğə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 317,78 (üç yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar