Məhkəmə qərarları › İş №e-2(004)-2366/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2366/2022

30.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2366/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC- dən ödənilməmiş 12600 əmək haqqı, 1800 manat məzuniyyət pulu olmaqla, cəmi 14400 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2019cu il tarixli, 325 saylı əmək müqaviləsinə əsasən məsləhətçi- müşavir vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 4.1-ci maddəsinə görə işə götürən işçiyə müqavilənin qüvvəyə minmə tarixindən başlayaraq hər ay 400 manat məbləğində əmək haqqı ödəyir. 4.27-ci maddəsinə əsasən işçinin əsas məzuniyyətinin müddəti 30 təqvim günü kimi nəzərdə tutulmuşdur. 8.2-ci bəndinə görə əmək müqaviləsinə əlavə edilmiş və xx.xx.2019-cu ildən etibarən işçinin əmək haqqı məbləği 600 manat olaraq müəyyən olunmuşdur. 2020-ci ilin iyun ayından bu günədək (19 ay) ona hər hansı əmək haqqı ödənilməmiş və, hazırda cavabdehin ona əmək haqqı üzrə 12600 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, işə qəbul olunduğu tarixdən bu günədək əmək məzuniyyətindən istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatların dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2019-cu il tarixli, 325 saylı əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də müddətsiz əmək müqaviləsi əsasında aylıq əmək haqqı 400 manat olmaqla, məsləhətçi- müşavir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, iddiaçı MMC-nin müşavir və təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin edilmiş və əmək haqqı 600 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən 2020-ci ilin iyun ayından İddiaçı əmək haqqı ödənilməmiş, iddiaçı işə qəbul olunduğu tarixdən məzuniyyətdən istifadə etməmişdir. İş materiallarında olan mediator X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci tarixində, 11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 325 saylı əmək müqaviləsinin 4.7-ci bəndinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən şəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsini və Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməklə, Cavabdeh MMC-dən əmək haqqı ilə bağlı ödənilməmiş 12600 manat, 1800 manat məzuniyyət pulu olmaqla, cəmi 14400 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş 12600 əmək haqqı, 1800 manat məzuniyyət pulu olmaqla, cəmi 14400 (on dörd min dörd yüz) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar