Məhkəmə qərarları › İş №e-2(004)-249/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-249/2024

25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-249/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə 20.000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla, ümumilikdə 20.150 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işçisinin təqsiri üzündən yeganə oğlu X9 ölmüşdür. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçisi X5 23 sentyabr 2013-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi L200” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Nərimanov rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, 74 saylı ünvanın qarşısına düşən yol hissəsində Kamilin yolu keçdiyini gördükdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələbləri pozaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün lazimi tədbir görməyərək, avtomobilin qabaq sol tərəfi ilə oğlumu vurub, baş-beyin toxumasının əzilməsi, kəllə qapağı sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sağ ənsə nahiyyəsinin hematoması, alt çənənin əzilmiş yarası, bədənin çoxsaylı sıyrıqları kimi xəsarətlər yetirərək öldürmüşdür. X1 Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(005)-267/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2. maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ana ilə övlad arasında şəfqət və mənəvi bağlılığı izah etməyə ehtiyac yoxdur. Xüsusən bu övlad gənc ömrünü cavabdehin səhlənkarlığı üzündən itirən 22 yaşlı yeganə oğuldursa mənəvi bağlılığın necə dərin olmasını anlamamaq mümkün deyil. Bir insan, bir ana olaraq o acizdir. Çünki, Kamili görə bilmir, onunla deyib-gülə, ünsiyyətdə ola bilmir. İçi qan ağlayır, oğlu torpağın altındadır. Qəlbi sızlayır, sarsılır, iztirab çəkir və bunu hər gün yaşamaq zorunda qalmaq iztirabların, sarsıntıların dərəcəsini çox ağır və ağrılı edir. Çünki, bir ana olaraq tək oğul övladını itirmişdir. Oğlunu cansız bədəni, aldığı xəsarətləri indiyədək gözünün önündən getmir. Valideyin övladın çiynində son mənzilə yola salınar. O, əksini yaşadı. Göründüyü kimi cavabdehin işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fıziki mənəvi sarsıntı, əzab, iztirablar çəkməyi şübhəsizdir. Cavabdeh ASC iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cavabdeh ASC-yə qarşı 20000 (iyirmi min) manat məbləğində “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbini tam və bütünlüklə rədd edir. İddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, oğlu Kamil xx.xx.2013-cü il tarixdə Cavabdeh ASC-nin işçisi olmuş X5 idarə etdiyi cavabdehin xidməti maşını ilə yol hərəkəti qaydalarını kobud surətdə pozaraq avtoqəza törətmiş və nəticədə iddiaçının oğlu iki gündən sonra aldığı xəsarətdən dünyasını dəyişmişdir. Hadisəni törətməkdə təqsirli bilinən X11 məhkəmə qaydasında mühakimə edilmişdir. Mərhuma allahdan rəhmət, iş üzrə cavabdeh kimi çıxış edən anasına isə səbr diləyir. Qeyd edir ki, Cavabdeh ASC-yə məxsus avtomaşın “Paşa Sığorta” şirkətində sığortalanmış və bu səbəbdən zərərçəkmişin hüquqi varisi olan cavabdehə şığorta şirkəti tərəfindən sığorta məbləği tam ödənilmişdir. Digər tərəfdən mərhumun ailəsinə - Rəhimovlara Cavabdeh ASC tərəfindən də böyük maddi dəstək göstərilmiş, mərhumun yas mərasimləri də (yeddi, qırx və il) təşkil edilmişdir. Bununla yanaşı mərhumun atası (hazırkı iş üzrə iddiaçının əri) X10, eyni iddia tələbi üzrə xx.xx.2022-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmənin yekun qərarına əsasən 20000 (iyirmi min) manat məbləğində vəsait, “mənəvi ziyan” tələbinin əvəzi olaraq Cavabdeh ASC-dən tutularaq iddiaçı X6 ödənilməsi müəyyən edilmiş, qərar icraya yönəlmiş və tərəfimizdən icra edilmişdir. Digər tərəfdən iddiaçı iddia tələbinin 20000 (iyirmi min) manat məbləğində vəsaitin təminatı kimi, Cavabdeh ASC-nin əmlak vəziyyətinin “milyonlarla” olduğundan çox rahatlıqla təmin etməsinə istinad edir. Halbuki, məsələ heç də belə deyil. Cavabdeh ASC dövlət şirlkəti olaraq, bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin nizamnamə kapitalının “milyonlarla” ölçülməsi heç də həmin şirkətin gəlir işləməsinə dəlalət etmir. KİV vasitələrindən bildiyi kimi, bir sıra dövlət şirkətləri ziyanla işləməsi səbəbindən dövlət büdcəsindən “dotasiya” ilə yaralanır. Belə ki, Cavabdeh ASC-nin konsolidasiya edilmiş maliyyə hesabatına əsasən 2020-ci ilin yekunlarına əsasən il üzrə cəmi zərər 323,222 mln manat civarındadır. Hazırda da ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Su Agentliyi yaranmış və bnunla bağlı struktur dəyişikliklər labüddür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(005)-267/2013 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Mülki prosessual qanunverciliyinə görə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə üçün qeyd edilən hökm preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Həmin qərarda xüsusilə qeyd edilmişdir ki, ölmüş və sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Həmin Qərarda qeyd edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Qərara əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı oğlu - X3 ölümündə cavabdeh "xxxx" ASC-nin işçisi X5 təqsirli olması qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı yeganə oğlu - X7 itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki iddiaçının övladı ilə arasında qohumluq münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuş, yəni mərhum evin yeganə oğlu olduğundan iddiaçı üçün yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü olan övladının ölümü nəticəsində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Həmçinin oğlunun ölümü faktı iddiaçının mənəvi zərər çəkməsi nəticəsinə gəlmək üçün kifayətdir. Çünki övladını itirən valideynin ciddi iztirab keçirməsi, bu sarsıntının mənfi psixi reaksiyaya səbəb olmaqla ona mənəvi əzab verməsi şübhəsizdir və bununla bağlı sübuta ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli və cavabdeh "xxxx" ASC-dən mənəvi zərərə görə 20.000 manat və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 396 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ASC-dən mənəvi zərərə görə 20000 (iyirmi min) manat və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar