Məhkəmə qərarları › İş №e-2(004)-2586/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2586/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2586/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması” tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə arasında olan nikaha Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə son qoyulmuşdur. Eyni zamanda həmin qətnamə ilə xx.xx.2009-cu il təvvəllüdlü, birgə nikahdan dünyaya gəlmiş oğlu X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin pul məbləği onun maaşından cavabdehin xeyrinə tutulur. Eyni zamanda Cavabdeh2 ona qarşı Bakı şəhər Nərimanov rayon məhkəməsində iddia qaldıraraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment tələb etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)-1367/2021 saylı qətnaməsi ilə adları qeyd olunan övladlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı Cavabdeh2 xeyrinə qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda o faktiki olaraq 3 uşağın saxlanması üçün aliment ödəyir. Daha əvvəlki nikahdan olan övladı, xx.xx.2009-cu il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsində aliment ondan tutulur. Hesab edir ki, bu düzgün hal deyildir, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətinə ziddir. Belə ki, o, faktiki olaraq 3 uşağa aliment ödəyir və bu halda ondan cavabdehin xeyrinə gəlirinin ¼ hissəsində aliment tutulması qanunsuzdur. Qeyd olunan halda AR Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, norması tətbiq edilməlidir. Hazırda nə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsini, nə də ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1367/2021 saylı qətnamələrini mübahisələndirə bilmir, çünki, artıq qanuni qüvvələrini almışdır. Digər halda isə, onun üzərində həddindən artıq aliment yükü yaranır, o, faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf edir. Buna görə də hesab edir ki, hazırda AR Ailə Məcəlləsinin 76.1.3- cü maddəsi, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, norması tətbiq edilməli, onun üzərinə məhkəmə qərarları ilə qoyulmuş aliment öhdəlikləri cavabdehlərə münasibətdə azaldılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3cü maddəsini, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, normasını tətbiq edərək, üzərinə yuxarıda qeyd olunan müvafiq məhkəmə qərarları ilə qoyulmuş aliment öhdəliklərini cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 münasibətdə azaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə Cavabdeh1 iddia ərizəsinə etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi iki cavabdehə ona və Cavabdeh2 qarşı qaldırılsa da, əslində iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsl niyyəti oğlu xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay iş üzrə iddiaçının qazanc və gəlirlərin 1/4 hissəsində tutulan aliment məbləğinin azaldılmasıdır. Çünki iş materiallarından da aydın olur ki, İddiaçı və digər Cavabdeh2 faktiki olaraq eyni ünvanda yaşamaqla, birgə təsərrüfat aparır, uşaqlarını birgə böyüdürlər, xərcləri birgə qarşılayırlar. Qeyd olunan bu halı iddia ərizəsində iddiaçı və cavabdeh yaşayış ünvanlarının eyni - yəni, ünvan 1ası da bir daha təsdiq etməkdədir. İddiaçı hər vəchlə övladı Mustafa Məmmədova münasibətdə aliment öhdəliklərini icra etməkdən bu və ya digər formada yayınmaqdadır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010cıı il tarixli icra sənədinə əsasən xx.xx.2010-cıı ildən xx.xx.2020-ci ilədək tutulmalı olan aliment borcunun 38071 (otuz səkkiz min yetmiş bir) olduğu müəyyən edilmişdir. iddiaçının ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı iddiasının əsasını xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay İddiaçı qazanc və gəlirlərin 1/4 hissəsində tutulan aliment məbləğinin azaldılmasıdır. İddiaçı qaldırdığı iddiası üzrə cavabdeh N.Nurlanaya aid olsa da o qəbul etmir. X9 böyüdükcə onun gündəlik xərcləri hər gün artır. Ölkə və dünya iqtisadiyyatında baş verən və hamıya bəlli olan bahalaşma təsirin gündəlik təlabat xərclərinin belə ödənilməsində uşağı təkbaşına böyüdən ananın çətinliklərlə qarşılaşması mübahisə olunmazdır. Digər tərəfdən övladlarının sağlam, cəmiyyətə xeyirli, hərtərəfli inkşaf etmiş bir fərd kimi formalaşması təmin etmək bir valideyn kimi onun ən əsas məqsəd və borclarındarından biridir. Bunun üçün o övladının sağlamlığının qorunması, keyfiyyətli təhsilin olunması, istirahətinin səmərəli keçirilməsi və s. üçün də mütəmadi əlavə xərclər çəkir. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olan aliment məbləği uşağı saxlanılması üçün faktiki olaraq yaranan xərcləri qarşılamır. Ona görə də müəyyənləşdirilmiş aliment məbləğinin artırılması zərurəti yaranmışdır.Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə məsələləri sektorunda baş məsləhətçi vəzifəsində işləyir və orta aylıq əmək haqqı 4200 (dörd min iki yüz ) manatdan çox təşkil edir. Buna görə də tələb edilən məbləğ cavabdeh üçün heç bir çətinlik yaratmamaqla, oğullarının layiqli həyat səviyyəsini təmin edilməsinə kömək edəcəkdir. Övladının qayğısına qalmaq hər bir valideynin borcu olduğu haldır, qarşılıqlı iddia üzrə cavabdeh nə maddi, nə də mənəvi cəhətdən bunu yerinə gətirir. Hətta hər vəchlə öz aliment öhdəliklərindən bu və ya digər qanunsuz və hüquqa və ədalətə zidd üsullarla yayınmağa çalışır. Hazırda alimentin azaldılması tələbinə dair iddianın qaldırılması da bu halın bariz nümunəsidir. Cavabdehin öz atalıq vəzifəsini mənəvi olaraq yerinə yetirməyini ona məcbur edə bilməyəcəyi nəzərə alaraq, onun maddi cəhətdən ən azından bu vəzifənin bir qismini yerinə yetirməyini tələb edə bilərik. Odur ki, ilkin iddianın iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Nurlana Nəsirulla qızının xeyrinə hər ay İddiaçı aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay sabit pul məbləğində olmaqla 250 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment alnaraq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli 3945/2011-18-21 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdən başlayaraq borclu İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa qəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq tələbkar X4 ödənilməlidir. Borcun xx.xx.2021-ci il tarixinə qədər aliment üzrə borcu cəmi 38071(otuz səkkiz min yetmiş bir manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 7775/3945/11-15-28 saylı məktubundan müəyyən olunur ki, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Abdullayev tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu olan İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi və Mercedes Benz E270 CDİ minik markalı **-ZM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 saylı icra vərəqəsindən xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa qəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq tələbkar X4 ödənilməlidir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli LS18/1525 saylı arayışından müəyyən olur ki, X9 həqiqətəndə Landau School Təhsil Kompleksinin ingilis bölməsinin 7-ci sinfində təhsil alır və illik təhsil haqqı 8000 manatdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edfildi ki, ilkin iddia üzrə iddiaçı 3 uşaq üçün aliment ödəyir. Bir uşağa görə ¼ hissədə, digər iki uşağa görə isə 1/3 hissədə aliment ödəyir. Göründüyü kimi iddiaçının ödədiyi aliment onun əmək haqqının yarısından çoxunu təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia qaldırmaqda haqlıdır. Ona görə də məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilməlidir. (4281/6=715.50) Lakin məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1367/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının azaldılması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının maaşının 1/3 hissəsi elə 2/6 hissəyə (4281/6×2=1427) bərabər olduğuna görə həmin hissədə alimentin miqdarının dəyişdirilməsinə zərurət yoxdur. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia alimentin artırılması hissəsində rədd olunmalıdır. Qarşılıqlı iddanın “uşaqla bağlı əlavə xərclərə görə hər ay sabit pul məbləğində olmaqla 250 manat məbləğində vəsaitin tutulması”na dair hissədə məhkəmə iddianı əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun məzmunundan və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərclərə valideynlər o vaxt cəlb olunur ki, uşaqlar ağır xəstə, şikəst olması ilə yanaşı bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Qarşılıqlı iddia üzrə iddiaçı isə uşağın özəl məktəbdə oxumasına dair sənədi məhkəməyə təqdim etsə də məhkəmə hesab edir ki, bu hal əlavə xərcin tutulması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.6-cı, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı 25 noyabr 2010-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı Nəsirli (Məmmədova) Nurlana Nəsirulla qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “xx.xx.2009-cu il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə cavabdehin aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay 250 manat sabit pul məbləğində vəsaitin tutulması” dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar