Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2648/2021 03.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştiraki ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5555,37 manat sığorta ödənişinin və 11.02.2021-ci il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin, habela ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyət hüququ əsasında ona məxsus olan “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin zərər cavabdeh "xxxx" ASC tərəfindən 750 manat məbləğində qiymətləndirilmiş və bu barədə ona mesaj göndərilmişdir. Cavabdeh tərəfindən müəyyən edilən bu məbləğ həddindən artıq aşağı məbləğdir və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün yetərli deyildir. Ona görə də o, zərərin qiymətləndirilməsi üçün “X2” MMC-yə müraciət etmişdir. Həmin şirkət tərəfindən avtomobilə dəyən zərər, görüləcək işlər və ehtiyat hissələri də daxil olmaqla zərər 5555,37 manat məbləğində müəyyən edilmiş və bu barədə 02.03.2021-ci il tarixli qiymətləndirmə rəyi tərtib edilmişdir. Cavabdehin zərəri nəyə əsasən 750 manat məbləğində qiymətləndirməsi heç başa düşülən deyil və bu barədə ona heç bir açıqlama verilməmişdir. 02.03.2021-ci il tarixli qiymətləndirmə rəyində isə avtomobilin zədələnmiş hissələri, həmin hissələrin təmiri üçün tələb olunan ehtiyat hissələri və göstəriləcək xidmətlər ətraflı şəkildə əks olunmuşdur. Bəllidir ki, cavabdeh tərəfindən tam müayinə aparılmamış, avtomobilin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələri, bu ehtiyat hissələrinin bazar qiyməti, avtomobilin təmiri zamanı görüləcək işlərin həcmi və xidmət haqqı düzgün müəyyən edilməmişdir. Ona görə də rəsmi qaydada cavabdehə müraciət edərək avtomobilə 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 5555,37 manat pulun ödənilməsini xahiş etmişdir. Lakin sığorta şirkəti bu günədək nə tələb olunan pulu ona ödəməmiş, nə də ki, müraciət məktubunu rəsmi qaydada cavablandırmamışdır. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, əsassız olaraq avtomobilə dəyən real zərəri ödəməkdən imtina etdiyinə görə cavabdeh sığorta ödənişi ilə bərabər eyni zamanda hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu da ödəməlidir. Həmçinin, hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkillə aralarında bağlanılmış hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə 500 manat məbləğində qonorar ödənilmişdir. Hesab edir ki, iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 manat məbləğində pul da cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, sığorta təşkilatı sığorta ödənişini ödəməkdən imtina etmir. Sadəcə iddiaçı tərəfindən tələb olunan məbləğ yüksəkdir. Belə ki, Avto Box servisi tərəfindən aparılmış qiymətləndirmə nəticəsində məxsus olan “Toyota Yaris” markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat dəyərinə maddi zərərin vurulması müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli ekspert rəyində isə uyğunsuzluqlar vardır. Odur ki, iddia tələbinin, qismən 750 manat məbləğində sığorta ödənişinin tutulması hissəsində təmin, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11.02.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Sığorta təşkilatı iddiaçı tərəfindən tələb olunan məbləğin yalnız 750 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3613 saylı, 16.07.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan “X2” MMC-nin 02.03.2021-ci il tarixli aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Toyota Yaris” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2311 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-1661 manat; təmir-bərpa işlərinin qiyməti 650 manatdır. Avtomobillərə Texniki Xidmət Mərkəzinin 18.02.2021-ci tarixli qüsur aktındakı məlumatlara görə isə, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1000 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 350 manat, təmir-bərpa işlərinin qiyməti - 650 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən məhkəmənin hesabına 30 manat dövlət rüsumu, hüquqi yardım üzrə xidmət haqqı olaraq, Vəkil1 hesabına 500 manat pul ödəmişdir. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. AR Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, cavabdehdən 2311 manat məbləğində sığorta ödənişi və hüquqi yardıma görə ödənilmiş 500 manat tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etsə də, hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun tutulması hissəsində iddia tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh dəymiş ziyana görə 750 manat təklif etsə də, iddiaçı bununla razılaşmamış, bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sığorta ödənişinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ödənilməməsi sübuta yetirilmir. Ona görə də, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 2311 (iki min üç yüz on bir) manat məbləğində sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul cavabdeh Xalq Siğorta” ASC-dən tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2648/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2648/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver