Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2714/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: inzibati cərimə məbləğinin lizinq verən tərəfindən ödənilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-4773 nömrəli daxili lizinq müqaviləsinə əsasən müqaviləyə 1 nömrəli əlavədə göstərilən lizinq obyekti - “Khazar LX” markalı avtomobil cavabdehin müvəqqəti istifadəsinə verimişdir.
2. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti cavabdehin istifadəsinə verilmişdir.
3. İnzibati xəta haqqında protokollardan görünür ki, Cavabdeh **-PK-*** nömrəli avtomobillə törətdiyi inzibati xətalara görə cəmi hesablanmış faizlərlə birlikdə cəmi 348 manat məbləğdə cərimə olunmuşdur.
4. Ödəniş qəbzlərindən və hesabdan çıxarışdan görünür ki, cavabdehə tətbiq edilmiş cəmi 348 manat məbləğdə cərimə iddiaçı tərəfindən ödənilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 348 manat məbləğdə pul vəsaitinin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 348,30 manat məbləğdə pulun cavabddehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehlə bağlanmış daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsində olan zaman cavabdeh inzibati xətalar ilə əlaqədar cərimələnmişdir. Şirkət qeyd edilən 348 manat məbləğdə cərimələri ödəmişdir.
b) iddiaya etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür; Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
11. İnzibati Xətalar Məcəlləsi: Maddə 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşdəki sübutlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahbliyinə və istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi səbəbindən lizinq obyekti lizinq alanın mülkiyyətinə keçmədən lizinq verənə qaytarılmışdır. Lizinq obyektinin lizinq alanda olduğu müddətdə lizinq alan barəsində müxtəlif vaxtlarda yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmiş, cavabdeh məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilmişdir. Nəticədə cavabdehin həmin cərimələrə görə 348 manat məbləğdə ödənilməmiş öhdəliyi qalmışdır.
15. Lizinq obyekti lizinq verənin sahibliyinə qaytarıldıqdan sonra öhdəlik lizinq verən tərəfindən icra edilmişdir. Bu ona görə vacibdir ki, cərimələr ödənilmədikdə lizinq obyektindən lizinq verən tərəfindən istifadə mümkünsüzdür.
16. İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.
17. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Odur ki, iddiaçı üzləşdiyi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Ödənilmiş 348 manat məbləğdə cərimənin əvəzi cavabdehdən tutulmalıdır.
19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 348 manat məbləğdə pul və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 378 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 348 manat məbləğdə pul və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 378 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə