Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2789/2025 21.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: icarə müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğvi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə «CİTY LİFE” MMC arasında bağlanmış 12 oktyabr 2024-cü il tarixli İlkin Razılaşmanın ləğv edilməsinə, cavabdehin sökülmüş mənzilinin dəyərindən 45000 ABŞ dollarının manatla ekvivalentinin (39150 manat) tutularaq X2 ödənilməsinə, qalıq vəsaitin Cavabdehə ödənilməsinə, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair olan mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli rəyiniəsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeniçoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. «CİTY LİFE” MMC isə sözügedən Sərəncamın icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirə və ya kompensassiya müqavilələri bağlayır. Cavabdeh müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair «CİTY LİFE” MMC ilə müqavilə bağlamaq niyyətini bildirmişdir. Lakin mənzilə dair Forma 1 arayışını təqdim edəcəyi barədə vəd verdiyi üçün onunla «C İTY LİFE” MMC arasında ilkin razılaşma imzalanmışdır. Razılaşmaya əsasən Cavabdeh 19 000 manat kompensasiya ödənilmiş və Forma 1 arayışını təqdim etdikdən sonra onunla yeni tikiləcək binadan 60 m sahədən ibarət mənzil verilməsi ilə bağlı əsas müqavilə imzalanması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə vətəndaş X4 ərizə ilə bizə müraciət edərək bildirmişdir ki, sözügedən mənzil xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir və hazırki iş üzrə Cavabdehin məhkəmə qərarına əsasən ona 45000 (qırx beş min) ABŞ dolları məbləğində borcu mövcuddur və ona dəymiş ziyanın tərəfimizdən ödənilməsini tələb etmişdir. Faktiki olaraq göründüyü kimi, Cavabdeh bizimlə müqavilə bağlayarkən əmlakın İpoteka ilə yüklü olmasını gizlətmiş bununla da yüklü olan əmlakın sökülməsinə rəvac vermişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, o ipoteka saxlayandır. İpoteka və borc müqaviləsi 2007-ci ildə notarial qaydada onunla Ziyafət xanım arasında bağlanıb. 2024-cü ilin dekabr ayında xəbəri oldu ki, ev satılıb. Həmin zaman söküntü olmamışdır. 25 yanvarda xəbər tutdu ki, MTK söküntü ilə bağlı işə başlayıb. O da notarial kontoruna yaxınlaşıb ödəmə edib forma 1 sənəd çıxartdı. Borc 45000 dollar idi. O, Ziyafət xanımla razılığa gəldiklərini bilmirdi. Ümumiyyətlə onun Zifayət xanımla əlaqəsi olmayıb.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 246/4 nömrəli ilkin razılaşmaya əsasən İddiaçı MMC Cavabdeh məxsus Cabbar Qaryağdıoğlu küçəsində yerləşən, 59 saylı evdə, çıxarışa əsasən 16,4 m2, faktiki 24,81 m2 sahədən ibarət olan mənzilini sökmək məqsədi ilə Cavabdeh təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada Cavabdeh yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında güzəştli sahəni əlavə etməklə 60 m2 sahəsi olan təmirsiz mənzil və 20000 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür.
9. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
10. 17.10.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh 19000 manat məbləğində ödəniş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin iddiaçı Cavabdeh məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m.) üzərinə qoyulmuş məhdudiyyətə dair qeydin ləğv edilməsi və iddiaçı Cavabdeh məhdudlaşdırılmanın olmaması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
14. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
15. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasında birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
16. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
17. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
18. Həmin Məcəllənin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
19. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
22. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. «City Life” MMC Sərəncamın icrası təmin edilən zaman Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 246/4 nömrəli ilkin razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən İddiaçı MMC Cavabdeh məxsus Cabbar Qaryağdıoğlu küçəsində yerləşən, 59 saylı evdə, çıxarışa əsasən 16,4 m2, faktiki 24,81 m2 sahədən ibarət olan mənzilini sökmək məqsədi ilə Cavabdeh təhvil almağı və əvəzində müəyyən edilmiş qaydada Cavabdeh yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında güzəştli sahəni əlavə etməklə 60 m2 sahəsi olan təmirsiz mənzil və 20000 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən Cavabdeh 19 000 manat kompensasiya ödənilmişdir. Hazırda iddiaçı sözügedən mənzilin xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən X1 xeyrinə yüklü edildiyini bildirərək müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbi ilə xx.xx.2024-cü il tarixli razılaşmanın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
25. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(0040-5521/2013 saylı qətnaməsindən görünür ki, ... X4 ilə Cavabdeh arasında imzalanmış 09 iyun 2007-ci il tarixdə Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 3-M-3/616 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh 45000 ABŞ dolları, manata olan məzənnə ilə 39150 manat məbləğində pul götürmüş və aldığı borcun xx.xx.2007-ci il tarixədək vaxtında tam qaytarılması üçün ünvan 2 ünvanında yerləşən mənzildən 16.4 kv.m. bir otağı borcun təminatı üçün ipotekaya qoymuşdur... Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014cü il tarixli 2(103)-2411/2014 nömrəli qətnməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 5521/2013 nömrəli qətnaməsi qismən, yəni “borc üzrə tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi),59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m. olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39150 manat pulun X2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddi tələbini borcun ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunla nəzərdə tutulmuş şəkildə - notarial qaydada təsdiq olunsa da, həmin müqavilədən irəli gələn ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Müvafiq dövlət qeydiyyatı aparılmadığından bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmiş, habelə ipoteka hüququ yaranmamışdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi), 59 nömrəli evin 1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi səbəbilə və müqavilənin əhəmiyyətli dərəcədə pozulduğu qeyd edilsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi, ipoteka hüququ müqafiq qaydada dövlət qeydiyyatına alınmamış və mənzil üzərinə qoyulmuş məhdudiyyətlərə dair qeyd ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.
28. Belə olan halda hazırda iddiaçının ipoteka ilə yüklü olan əmlak barəsində müqavilə bağlamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən müqavilənin ləğv edilməsinə dair hər hansı əsas yoxdur.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil