Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2804/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mirasdan məcburi pay) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən 116 saylı mənzilə dair pay haqqının iddiaçı tərəfindən tam ödənilməsini və cavabdehə borcunun qalmamasını təsdiq edən maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (iclas protokolundan çıxarışın) iddiaçıya təqdim etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, hüquqi xidmətə görə ödənilmiş 1500 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MTK-dan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən 116 saylı mənzili və 2-ci mərtəbədə 155 saylı avtodayanacağın qiymətini tam ödəmişdir. Yaşayış binası istismara qəbul olunmuşdur. Hal-hazırda da iddiaçı qeyd edilən mənzildə ailəsi ilə birlikdə yaşayır. İddiaçı öz mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bunun üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər tələb olunur. Həmin sənədlərin dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsində təsbit edilib: mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Beləliklə, iddiaçının sahiblik və istifadə hüququ olan mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (ümumi yığıncağın protokolundan çıxarışın) əldə olunması üçün cavabdehə dəfələrlə şifahi müraciət etmişdir. Müraciətləri cavabsız qaldığını gördükdə həmçinin yazılı müraciət etmişdir. Buna baxmayraq müsbət cavab əldə edə bilməmişdir. Buna görə də hesab edirik ki, qeyd edilən maliyyə arayışı və protokoldan çıxarışın iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh heç bir ağlabatan arqument gətirmədən bu sənədləri iddiaçıya təqim etmir. Bununla da cavabdeh faktiki olaraq qanunsuz hərəkətsizliyə yol verir. Belə ki, podrat müqaviləsi əsasında mənzilin inşasını həyata keçirib iddiaçıya təhvil verdiyi, iddiaçının da həmin mənzildə hazırki vaxta qədər yaşadığı, müqavilə ilə müəyyən edilmiş haqqın cavabdehə tam şəkildə ödənildiyi mübahisəsiz olduğu təqdirdə, tələb edilən sənədlərin verilməməsinin səbəbini anlamaq çətindir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etmədiyini, iddiaçı tərəfindən ödənişdən 2000 manat məbləğində borcun qaldığını bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulan ödəniş müqabilində Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, BW-30-31-32- 33 torpaq sahəsində yerləşən “Ağ şəhər” yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən, ümumi satış sahəsi 167,43 kv.m olan 4 otaq nəzərdə tutulmuş 116 saylı mənzili və -2 mərtəbədə 155 saylı avtodayanacağı İddiaçı mülkiyyətinə verəcəkdir.
7. xx.xx.2017-ci il tarixli razılaşma protokoluna əsasən tərəflər Cavabdeh MTK-ya ödəniləcək ümumi məbləğin 253380 manat olması barədə razılığa gəlmişlər.
8. Cavabdeh MTK-nın ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən ümumilikdə 253380 manat məbləğində ödəniş edilmişdir.
9. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
12. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
16. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.
17. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.
18. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
20. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
21. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
23. Həmin Məcəllənin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
28. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulan ödəniş müqabilində Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, BW-30-31-32-33 torpaq sahəsində yerləşən “Ağ şəhər” yaşayış kompleksinin 9-cu blok, 2ci mərtəbəsində yerləşən, ümumi satış sahəsi 167,43 kv.m olan 4 otaq nəzərdə tutulmuş 116 saylı mənzili və -2 mərtəbədə 155 saylı avtodayanacağı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri alıcı tərəfindən ödənilmiş və bu, mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Mənzilin alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da, həmin mənzilə dair iddiaçının borcunun olmamasına dair maliyyə arayışının və həmin mənzilə çıxarış alınması üçün ümumi yığıncağın qərarının təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir.
29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddiaçı tərəfindən ödənilməmiş 2000 manat məbləğində borcun qalmasını bildirsə də, lakin iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş pul iddiaçı tərəfindən tam ödənilmiş, cavabdeh isə qalıq 2000 manat məbləğində pulun hansı əsasla yarandığını və hansı ayın ödənişindən qalıq olmasını əsaslandıra bilməmiş, borcun qalması ilə bağlı müvafiq sübutlarını təqdim edə bilməmişdir.
30. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddia təmin olunmalı, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən 116 saylı mənzilə dair pay haqqının İddiaçı tərəfindən tam ödənilməsini və Cavabdeh Mənzil Tikinti Kooperativinə borcunun qalmamasını təsdiq edən maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (iclas protokolundan çıxarışın) iddiaçı X1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Belə ki, xx.xx.2025-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən nümayəndəsi və vəkili Vəkil 1500 manat məbləğində ödəniş edilmişdir.
33. Habelə, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 1500 manat hüquqi yardımla bağlı xərcə və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçı X1 ödənilməlidir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən 116 saylı mənzilə dair pay haqqının İddiaçı tərəfindən tam ödənilməsini və Cavabdeh Mənzil Tikinti Kooperativinə borcunun qalmamasını təsdiq edən maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (iclas protokolundan çıxarışın) iddiaçı X1 təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. Hüquqi xidmətə görə ödənilmiş 1500 (bir min beş yüz) manat pul və 100 (yüz) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçı X1 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil