Məhkəmə qərarları › İş №e-2(004)-2871/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2871/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2871/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin tutulması” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik çatanadək saxlanılmaları hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, hər ay cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment, habelə mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat pul müştərək qaydada nənə və baba qismində Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının keçmiş qayınatası və qaynanasıdır. Cavabdehlərin övladı X12 ilə iddiaçı arasında olan nikahın pozulması üçün məhkəməyə müraciət edilmiş və Qusar rayon Məhkəməsinin 2(029)-282/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı X8 qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, X12 ilə aralarında xx.xx.2006-cı il tarixində Qusar rayon Əcəxur kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq 04 sayla qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik çatanadək iddiaçının yanında qalmaları, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik çatanadək saxlanılmaları üçün X5 xx.xx.2015-ci il tarixindən başlayaraq hər ay hər uşağa 75 olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehlərin övladı X7 qətnamənin aliment hissəsindən apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 163/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilməmiş, Qusar rayon Məhkəməməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minərək icra olunması üçün Qusar rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Öz övladlarını saxlamaqdan boyun qaçıran cavabdehlərin övladı X12 aliment ödəməmək üçün 2016-cı ilin yay aylarında Rusiya Federasiyasına getmiş və bu günə kimi öz uşaqlarına aliment ödəməyərək dövlətin adından çıxarılan məhkəmə qətnaməsini icra etməmişdir. Qusar rayon icra və Probasiya şöbəsinin 489 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən borclu X12 aliment təyin olunan gündən bu günə kimi heç bir aliment ödənişi etməmişdir. Hal-hazırda onun 16050 manat aliment borcu qalmaqdadır (bura qədər göstərilənlər mülki işin mübahisəsiz hallarıdır). Bu illər ərzində iddiaçı uşaqları təkbaşına böyütmüş, lakin uşaqlar böyüdükcə onların tələbatları da artır. Hazırda iddiaçı himayəsində olan azyaşlı uşaqların saxlanılması üçün çətinlik çəkir. Hesab edirəm ki, cavabdehlər öz nəvələrini saxlamaqda iddiaçıya köməklik etməlidirlər. Cavabdehlər yüksək pensiya alırlar, əlavə olaraq onları övladı uşaqların atası X1 işləyərək mütəmadi olaraq valideynlərinə pul göndərir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.1983-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.1982-ci il təvəllüdlü X12 bibisi X2 övladlığına verilmişdir (mülki işin mübahisəsiz halıdır). Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X12 bibisi X2 övladlığına verilmişdir. Bununla da, onun hüquqi baxımdan öz bioloji valideynləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında övlad-valideyn münasibətlərinə xitam verilmiş, övladlığa götürən şəxslə övlad-valideyn münasibətləri yaranmışdır. Nəticə etibarilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hüquqi baxımdan bioloji nəvələri xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 nənə və babası qismində çıxış etmirlər. Həmçinin, müvafiq icra sənədi üzrə uşaqların atası X12 aliment təyin olunan gündən heç bir aliment ödənişi etməmişdir. Hal-hazırda onun 16050 manat aliment borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclunun aliment öhdəliyini icra etməməsi onun öhdəliyinin xitamına səbəb olmur. Bununla bağlı məcburi icra tədbirlərinin və digər hüquqi hərəkətlərin görülməsinin tələb edilməsi hüququ tələbkar İddiaçı izah edilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yəni, maddənin dispozitiv şərtlərinə əsasən, sözügedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırki mülki iş üzrə isə uşaqlar iddiaçı, yəni analarının yanında yaşayırlar. İddia tələbini isə məhz ana irəli sürmüşdür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar