Məhkəmə qərarları › İş №e-2(004)-3048/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3048/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3048/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “antenn dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “antenn dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-ni +**********05 nömrəsinə aid xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası antenn dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi; cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi; məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası ona məxsus olan +**********05 mobil nömrəsinin antenn (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumat almaq məqsədilə Cavabdeh MMC-yə rəsmi müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, sözügedən məlumatlar rəsmi formada, elektron və ya yazılı şəkildə təqdim olunsun və əgər bunun üçün ödəniş tələb olunursa, ödəniş məbləği və prosedurları barədə məlumat verilsin. Lakin Cavabdeh MMC müraciətinə cavab olaraq antenn dairəsi məlumatlarını təqdim etməkdən imtina etmiş və bu məlumatları əldə etmək üçün hüquqmühafizə orqanlarına müraciət etməyi tövsiyə etmişdir. Cavabdehin bu imtinası qanunsuzdur və onun qanuni hüquqlarını pozur. Cavab əsassızdır çünki: 1. Konstitusiyanın Maddə 32. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. 2. “Fərdi məlumatlar haqqında” qanunun 7.1.3 ilə abunəçi informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququ vardır. 3. “Telekommunikasiya haqqında” qanunun 48.3 maddəsi ilə operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir, abunəçi istisna olmaqla qeyd olunsa da qeyd etdiyim özümə məxsus nömrənin anten dairəsi mənə təqdim edilmədi. 4. “Fərdi məlumatlar haqqında” qanunun 12.3. maddəsi Subyekt onun barəsində toplanılmış və işlənilən məlumatlarla bağlı mülkiyyətçiyə və ya operatora sorğu ilə müraciət etdikdə, onun sorğusuna mülkiyyətçi və ya operator tərəfindən baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra edilməli, həmin məlumatda digər şəxslər barədə fərdi məlumatlar əks etdirilməməlidir. 5. “İnformasiya əldə etmək haqqında” qanunun 2. Maddəsi İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunmasıazaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasınıseçmək hüququna malikdir. Bu səbəbdən, mənəvi zərərə görə 500 manat məbləğində təzminat tələb edir. Bundan əlavə, işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh MMC 27 may 2025-ci il tarixdə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq +**********05 mobil nömrəsinin anten (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumatların rəsmi qaydada verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu məqsədlə Cavabdeh MMC-yə müraciət etmişdir. Müştəri xidmətləri tərəfindən iddiaçının sorğusu ətraflı cavablandırılaraq, ona bu məlumatları necə əldə edə biləcəyi izah edilmişdir. İddiaçının tələbləri aşağıdakı əsaslara görə faktiki və hüquqi baxımdan əsassızdır. İ. İddiaçının məlumat əldəetmə hüququ mütləq hüquq deyil və qanunda və ya müqavilədə Azercellin bununla bağlı öhdəliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 32 maddəsi V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. “Telekommunikasiya haqqında” qanunun 38.4-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. 38.5-ci maddəsində isə Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verildiyi təsbit edilmişdir. Qanunun sadalanan noralarından da aydın şəkildə görünür ki, anten üzrə qeydiyyat məlumatlarının verilməsi ilə bağlı hər hansı öhdəlik müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı qeyd etməyi vacib hesab edirlər ki, cavabdeh tərəfindən abonentlərə yalnız mobil rabitə xidmətləri təqdim edilir. Anten üzrə qeydiyyat məlumatlarını özündə əks etdirən hər hansı xidmət verilməsi Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Cavabdeh belə xidmətin təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Cavabdeh MMC-nin rəsmi saytı olan www.azercell.com–da, və ya KİV-də verilmiş elan və reklmalarda da belə xidmətin göstərilməsi barədə həç bir qeyd yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə də Cavabdeh MMC-nin üzərinə abunəçilər üçün bu cür xidmətin göstərilməsi barədə öhdəlik qoyulmamışdır. İddiaçının tələb etdiyi zənglə və sms qeydləri ilə bağlı hissədə müştəri xidmətləri tərəfindən sorğusu ətraflı cavablandırılaraq izahlı faktura əsasında daxil olan zənglər və mesajlar haqqında məlumat ala biləcəyi barədə məlumat verilmişdir. Fərdi məlumatlar haqqında Qanunun 7.1.3.maddəsinə əsasən informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq, anten məlumatları şəxsin özü barəsində toplanılmış fərdi məlumat deyil. Burada digər şəxs və ya şəxslər var. Beləliklə də iddiaçının cavabdehdən tələb etdiyi anten məlumatlarının şəxsən ona və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməsi nə abunəçi ilə münasibətləri tənzimləyən abunə müqaviləsi ilə, nə də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunmur. Beləliklə iddiaçının Cavabdeh MMC-yə qarşı tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarına istinadən, 2(004)-3048/2025 saylı mülki iş üzrə İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh MMC öz etirazında iddiaçının tələb etdiyi məlumatların (mobil nömrəyə aid anten/baz stansiyası məlumatları, zəng və SMS qeydləri) verilməsinin qanunvericiliklə nəzərdə tutulmadığını və bu məlumatların iddiaçıya təqdim edilməsi ilə bağlı öhdəliyin olmadığını bildirir. Lakin bu arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır: Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin V hissəsinə əsasən, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Cavabdehin istinad etdiyi “Telekommunikasiya haqqında” Qanunun 38.4 və 38.5-ci maddələri məlumatların açıqlanmasını məhdudlaşdıran ümumi müddəalar olsa da, bu maddələr iddiaçının özü ilə bağlı məlumatlara çıxış hüququnu tamamilə istisna etmir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) presedent qərarlarına istinadən, şəxsi məlumatlara çıxış hüququ Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində qorunur. AİHM-in “Gaskin v. Birləşmiş Krallıq” (1989) və “K.H. və digərləri v. Slovakiya” (2009) işləri üzrə qərarlarında vurğulanır ki, şəxslər özləri ilə bağlı toplanmış məlumatlara çıxış əldə etmək hüququna malikdirlər və bu hüquq yalnız ciddi ictimai maraqlar və ya üçüncü şəxslərin hüquqlarının qorunması zərurəti ilə məhdudlaşdırıla bilər. Cavabdeh belə bir məhdudiyyətin zərurətini sübut etməmişdir. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.3-cü maddəsinə əsasən, şəxs informasiya sistemində onun barəsində toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq hüququna malikdir. Cavabdehin iddia etdiyi kimi, anten/baz stansiyası məlumatlarının “fərdi məlumat” olmaması arqumenti əsassızdır. Çünki bu məlumatlar iddiaçının mobil nömrəsi ilə birbaşa bağlıdır və onun telekommunikasiya xidmətlərindən istifadəsi ilə əlaqədar toplanır. AİHM-in “Copland v. Birləşmiş Krallıq” (2007) qərarında telefon zəngləri ilə bağlı məlumatların şəxsi məlumat kimi qəbul edildiyi və AİHK-nın 8-ci maddəsi ilə qorunduğu təsbit edilmişdir. Cavabdeh abunə müqaviləsində anten məlumatlarının təqdim edilməsi ilə bağlı öhdəliyin olmadığını bildirir. Lakin Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmətlə bağlı tam və dəqiq məlumat əldə etmək hüququna malikdir. İddiaçı abunəçi kimi öz mobil nömrəsinin istifadəsi ilə bağlı məlumatları tələb etməkdə haqlıdır və cavabdeh bu məlumatları təqdim etməkdən imtina etmək üçün hüquqi əsas göstərməmişdir. Cavabdeh etirazında iddiaçının sorğusunun müştəri xidmətləri tərəfindən “ətraflı cavablandırıldığını” və məlumatların necə əldə ediləcəyinin izah olunduğunu bildirir. Lakin iddiaçı tərəfindən cavabdehə rəsmi müraciət edilmiş, lakin heç bir konkret məlumat təqdim olunmamışdır. Cavabdehin bu cür qeyri-müəyyən və ümumi cavabları iddiaçının məlumat əldə etmək hüququnu faktiki olaraq məhdudlaşdırır. Cavabdeh anten məlumatlarının təqdim edilməsinin onların xidmət siyahısında nəzərdə tutulmadığını bildirir. Lakin bu arqument texniki cəhətdən əsassızdır, çünki mobil operatorlar abunəçilərin zəng və mesaj tarixçəsini, həmçinin baz stansiyası məlumatlarını (xüsusilə cinayət işləri üzrə istintaq zamanı) saxlayır və müvafiq sorğular əsasında təqdim edə bilir. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanunun 48.2-ci maddəsində operatorların emal etdiyi məlumatlar siyahısında abunəçinin xidmətdən istifadəsi ilə bağlı məlumatlar (məsələn, xidmətdən istifadə müddəti, həcmi və s.) açıq şəkildə qeyd olunur. Anten məlumatları da bu kateqoriyaya daxildir və iddiaçının özü ilə bağlı bu məlumatları tələb etməsi qanunvericiliklə ziddiyyət təşkil etmir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Birincisi, abunəçi sms məlumatları ilə bağlı iddia ərizəsində qeyd edib, onunla bağlı qeyd etdi ki, sms məlumatları verilir, o, Cavabdeh MMC-yə müraciət edib, onları ala bilər. İkincisi abunəçi anten məlumatları ilə bağlı bir neçə qanun sadalayıb, lakin həmin qanunların heç birində anten məlumatlarının verilməsi ilə bağlı məlumat yoxdur. Abunəçi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 3cü bəndinə istinad edib, lakin həmin bənddə konkret olaraq hansı məlumatların verilməsi qeyd olunub, lakin anten məlumatları ilə bağlı heç bir məlumat yoxdur, yəni qanunda konkret bir göstəriş yoxdur. Ümumiyyətlə anten məlumatlarının verilməsi ilə bağlı Cavabdeh MMC-də elə bir xidmət yoxdur. Cavabdeh MMC yalnız istintaq orqanının və ya məhkəmənin qərarı əsasında anten məlumatlarını təqdim edə bilər. Bundan başqa anten məlumatları şəxsin hansı ərazidə danışdığını, eləcə də zəng olunan şəxsin ərazisini müəyyən edir, və bu cür məlumatların verilməsi məxfiliyi aradan qaldırır, üçüncü şəxsin hüquqlarını pozur, məxfililik olmalı, həmçinin üçüncü şəxsin razılığı olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, abunəçiyə izah olunmuşdur ki, smslər, mətnlərlə bağlı məlumatları izahlı faktura çərçivəsində ala bilər. Bu da eyni şəkildə xidmət növüdür və onlar bu xidməti göstərmirlər. Bundan başqa kütləvi informasiya vasitələrində də Cavabdeh MMC belə bir məlumat yaymayıb ki, onların belə bir xidməti var. Anten məlumatların hamısı şifrələnmiş şəkildə tərəflər arasında mübadilə olunur və belə bir məlumatı təqdim etmək üçün onlar həmin məlumatı işləməlidirlər ki, həmin məlumatlar başa düşülən olsun. Belə bir xidmət üçün resurs lazım olur, əlavə xidmət xərci tələb olunur. Beynəlxalq təcrübədə belə bir şirkətlər mövcuddur, elə xidməti ödənişli əsaslarla göstərir, lakin bizim ölkədə elə bir xidmət mövcud deyil. Həmçinin onlar istintaq orqanının və məhkəmənin qərarı əsasında belə məlumatları təqdim edə bilirlər, çünki həmin orqanlar belə bir məlumatların zəruriliyini əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (abunəçi) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən bu müqavilənin predmetini Cavabdeh MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı antenn sorğusu barədə müraciətinə əsasən sorğuda qeyd olunmuş məlumatların (antenn məlumatları, zəng qeydləri və s.) elektron və ya yazılı formada rəsmi arayış şəklində təqdim olunmasını, əgər bu məlumatlar üçün rüsum və ya ödəniş tələb edilirsə, məbləğ və ödəmə prosedurları barədə əlavə məlumat göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı mail adresinə ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, izahlı faktura son 2 kəsilmiş və 1 kəsilməmiş faktura periodunu əhatə edir. Rominqdə daxil olan zənglər barədə məlumatın İzahlı fakturada öz əksini tapması mümkündür. Lakin fakturada yalnız “Azərcell” şəbəkəsi daxilində zəng edən nömrə tam göstərilir. daxil olan zənglər və mesajlar haqqında məlumat izahlı fakturada əks olunmur. “Azercell” Ekskluziv ofislərində müvafiq formu doldurmaqla izahlı fakturanı elektron poçta ala bilərsiniz. Daxl olan zənglər və mesajlar haqda məlumat izahlı fakturada əks olunmur. Əməliyyatın həyata keçirilməsi üçün nömrə adına rəsmiləşdirilən şəxs şəxsiyyət vəsiqəsi ilə ofisə yaxınlaşa bilər. Təqdim olunan məlumatda mesajların mətni əks olunmur. Digər əldə etmək istədiyi məlumatlar üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlər arası ona məxsus olan +**********05 mobil nömrəsinin antenn (baz stansiyası) məlumatları, zəng və SMS qeydləri barədə məlumat almaq məqsədilə Cavabdeh MMC-yə rəsmi müraciət etmiş, cavabdeh isə daxil olan zənglər və mesajlar haqqında məlumatın izahlı fakturada əks olunmadığını, iddiaçının digər əldə etmək istədiyi məlumatlar üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə etmişdir. Hal-hazırda iddiaçı Cavabdeh MMC-ni +**********05 nömrəsinə aid xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arası antenn dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərini rəsmi formada təqdim edilməsi; cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi; məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla qorunur. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Qanunun 38.3-cü maddəsinə əsasən, Operatorlar, provayderlər şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyini təmin etməlidirlər. 38.4-cü maddəsinə əsasən, telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər. 38.5-ci maddəsinə əsasən, telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir. “Telekommunikasiya haqqında” Qanunun 48.1.-ci maddəsinə əsasən Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir. Həmin Qanunun 48.2.-ci maddəsinə əsasən Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir: 48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat; 48.2.2. abunəçinin ünvanı; 48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə abunəçinin ödədiyi məbləğin hesabatının aparılmasına əsas olan ölçü vahidləri; 48.2.4. istifadə edilən xidmət vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.); 48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar; 48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar. 48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC abonentlərə mobil rabitə xidməti göstərən hüquqi şəxsdir. Cavabdeh tərəfindən GSM abunə müqaviləsində antenn məlumatların təqdim edilməsi xidmətinin göstərilməsi öz əksini tapmamışdır. Eləcə də, “Telekommunikasiya haqqında” Qanunun müddəalarında da antenn məlumatlarının abunəçiyə verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Digər hissəyə, zəng və SMS qeydlərinin rəsmi formada təqdim edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya cavab məktubunda hansı hallarda və qaydada izahlı fakturanın verilməsi izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “antenn dairəsi (baz stansiyası) məlumatlarını, zəng və SMS qeydlərini rəsmi formada təqdim edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə “cavabdehdən mənəvi zərərə görə 500 manat təzminat tutulması hissəsində də iddianı əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, nəticədə iddiaçıya mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “antenn dairəsi məlumatlarının təqdim edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar