Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-307/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 İlham oğlunun, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Əlı̇ yev İlqar Aqı̇ l oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Əlı̇ yev İlqar Aqı̇ l oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6.431.292 manat məbləğidə pulun müştərək qaydada tutularaq, ona ödənilməsi b barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinin verdiyi 24.01.2006-cı il tarixli, 1 saylı reyest kitabının, 1-ci səhifəsində 000004 saylı qeydiyyatı aparılmış özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsinin yerləşdiyi 10253,4 m2 torpaq sahəsi onun, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmin ərazidə bir sıra qeyri-yaşayış sahələri yerləşir ki, həmin ərazilər icarə verilərək xeyli miqdarda icarə haqqları yığılır. Belə ki, həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrindən yığılan icarə haqqlarından ona 2007-ci il tarixdə 405305 manat, 2008-ci ildə 660134 manat, 2009-cu ildə ******* manat, 2010-cu ildə ******* manat, 2011-ci ildə ******* manat, 2013-cü ildə ******* manat, 2014-cü ildə ******* manat, 2015-ci ildə 652209 manat, cəmi ******* manat ödənilmişdir. Göründüyü kimi, orta illik icarə haqqının 1134933,88 manat olduğu müəyyən olunur. Qeyd edir ki, 2016-cı ildən başlayaraq icarə haqqları cavabdehlər tərəfindən mənimsənilmiş, qanunsuz və əsassız olaraq ona ödənilməmiş, nəticədə maddi ziyan dəymişdir. Müstəqil şəkildə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, 2016-2021-ci illər üzrə mənə ödənilməli icarə haqqının məbləği ******* manat təşkil edir. Cavabdehlərin həmin məbləği mənimsəməsi onu mülkiyyətçi kimi əmlakdan gəlir etmək imkanından məhrum etməklə, ona külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 İlham oğlu məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 qızı iddia tələbini qəbul etməyərək, məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000004 saylı, 24.01.2006-cı il tarixli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə, 10253,4 m2 torpaq sahəsində yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin xüsusi mülkiyyətçiləridirlər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(006)-64/2018 saylı qətnaməsindən görünnür ki, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Bakı şəhəri İcra Hakimiyyətinə, Abşeron rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və həmin Xidmətin Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakışəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, o cümlədən, Cavabdeh1 ilə paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı yük avtomobil nəqliyyatı müəssisəsinin ərazisində fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin istifadəsindən əldə olunmuş gəlirin (o cümlədən icarə haqlarının) iddiaçının payına düşən hissəsinin 2016-cı ilin oktyabr ayı daxil olmaqla 11 ay üzrə 242000 manat vəsaitin Cavabdeh1 tutulmaqla ona ödənilməsi və sair barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, qətnamə ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.02.2020-ci il tarixli, 2(103)- 208/2020 saylı qətnaməsindən görünnür ki, İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(006)-64/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı onun və Cavabdeh1 ilə birgə mülkiyyətlərində olan əmlaklarından gəlirlərə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və yuxarıda qeyd olunduğu kimi, apellyasiya araşdırılması zamanı təyin olunmuş ekspertiza ilə də həmin gəlirin məbləğini müəyyən etmək mümkün olmadığından, birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd olunan tələbi də əsassız hesab etmişdir. Apellyasiya baxışı zamanı, iş üzrə keçirilmiş ekspertizanın 23.09.2019-cu il tarixli, 19180 saylı rəyinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan, Xırdalan şəhəri ərazisində yerləşən 40 hektar torpaq sahəsindəki əmlakların (“Riyad” Ticarət Mərkəzi) istifadəsindən və İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı yük avtomobil nəqliyyatı müəssisəsinin ərazisində fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin istifadəsindən 2016-cı ilin oktyabr ayından hesablanmaqla 11 ay müddətində əldə olunmuş gəlirin məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, göstərilən səbəblərdən əldə olunmuş gəlirin mübləğinin hansı məqsədlərə sərf olunmasını və həmin gəlirin bölünməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(006)- 64/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli, 2(004)-6748/2021 saylı qərardadı ilə 2016-cı ildən hal-hazıradək Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsinin yerləşdiyi 10253,4 m2 torpaq sahəsində yerləşən qeyri-yaşayış sahələrinə dair bağlanılmış icarə müqavilələrinin təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq dövrə dair təqdim edilmiş icarə müqavilələrinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyatı müəssisəsinin yerləşdiyi 10253,4 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqavilələri "xxxx" MMC ilə müxtəlif fiziki və hüquqi şəxslər arasında bağlanmışdır. Hazırda İddiaçı iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə, 10253,4 m2 torpaq sahəsində yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunmuş icarə haqqlarından onun payına düşən hissəsinin cavabdehlərdən alınıb ona verilməsi ilə əlaqədardır. Halbuki, eyni tərəflər arasında eyni tələbində olduğu iddia ərizəsinin təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə rədd olunan iddianın mübahsiləndirilməsini məqbul saymır. Habelə, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahlərinin icarəyə verilməsi ilə bağlı hər hansı mötəmər sübut təqdim edilməmişdir. iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. İddiaçı, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Əlı̇ yev İlqar Aqı̇ l oğluna qarşı “pul tələbinə dair” barədə iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-307/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-307/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver