Məhkəmə qərarları › İş №e-2(004)-309/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-309/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-309/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9315 manat pulun və 113,15 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Tbilisi prospekti 1054-cu məhəllə ünvanında yerləşən Grand Hayat yaşayış kompleksinin 9-cu bina, 16-ci mərtəbəsində yerləşən ümumi sahəsi 103 kv.m olan 100 saylı mənzil 124.740 manat məbləğində İddiaçı satılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən həmin mənzilin qiyməti müqavilə əsasında 1 kv.m-nə görə 1350 manat müəyyən olunmusdur. xx.xx.2023-cü il tarixində DƏDRX-dən aldığı çıxarış əsasında İddiaçı məlum olmusdur ki, mənzilin ümumi sahəsi 103 kv.m deyil, 85,5 kv.m-dir. Halbuki xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzilin ümumi sahəsini 103 kv.m olaraq təhvil almışdır. Müqavilədə qeyd olunmuş kv.m-lə faktiki olaraq İddiaçı təhvil verilmiş mənzilin kv.m-i arasında 17,5 kv.m fərq mövcuddur. (103-85,5=17.5) Bundan başqa, ödəniş həyata keçirilən zaman balkon sahəsi ödənişə daxil olmadığına görə 103kv.m-10.60=92.4 kv.m sahənin ödənişi tərəflərindən həyata keçirilmişdir. 92.4-85.5=6.9 Hesablamalardan da görünür ki, tərəflərindən 6.9 kv.m ərazi üçün artıq məbləğ ödənilmişdir. 6.9x1390=9315 manat. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 9315 manat artıq ödəniş həyata keçirilmişdir. Mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 103kv.m-dir (1.1-ci bənd). Mənzilin yaşayış, yardımçı, balkon və sxemə uyğun divaraltı sahələr nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (85.50 kv.m) sahəli mənzil satması, bunun da İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. xx.xx.2015-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Tbilisi prospekti 1054-cu məhəllə ünvanında yerləşən Grand Hayat yaşayış kompleksinin 9-cu bina, 16-ci mərtəbəsində yerləşən ümumi sahəsi 103 kv.m olan 100 saylı mənzil 124.740 manat məbləğində İddiaçı satılmışdır. xx.xx.2023-cü il tarixində DƏDRX-dən alınan çıxarış əsasında İddiaçı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 103 kv.m deyil, 85,5 kv.m-dir. Ödəniş həyata keçirilən zaman balkon sahəsi ödənişə daxil olmadığına görə 92.4 kv.m sahənin ödənişi tərəflərindən həyata keçirilmişdir. Tərəflərindən 6.9 kv.m ərazi üçün artıq məbləğ ödənilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd edilən müqavilə "xxxx" MTK ilə bağlanmışdır. Cavabdeh MMC həmin binada yalnız komendant xidmətini həyata keçirir. Cavabdeh MMC hazırki iş üzrə əsl cavabdeh deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Ekspert rəyindən görünür ki, mənzilin ümumi sahəsi 103 kv.m, mənzilin faktiki sahəsi 93.3 kv.m-dir. Ali Məhkəmənin mövqeyinə əsasən mənzilin sahəsi olaraq faktiki sahə nəzərə alınmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 85,50 kv.m sahəsi olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Ödəniş üzrə çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 9-cu bina, 16-cı mərtəbədə yerləşən 2 otaqdan ibarət 100 saylı mənzilin dəyəri olan 124740 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK (icraçı) ilə İddiaçı (sifarişçi) arasında imzalanmış xx.xx.2015-ci il tarixli, A-09/458 nömrəli müqaviləyə əsasən icraçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 16-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m, o cümlədən balkon sahəsi 10,60 kv.m olan 2 otaqdan ibarət 100 saylı mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/613 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) ümumi tikintialtı sahəsinin 103,0 kv və ümumi faydalı sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) ümumi tikintialtı sahəsinin 103,0 kv.m təşkil etdiyi nəzərə alındıqda, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixdə A-09/458 nömrəli müqavilə üzrə müəyyən edilmiş sahə (103,0 kv.m) ilə uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin və digər texniki parametrlərinin mənzilə dair tərtib olunmuş Texniki Pasportun və xx.xx.2015-ci il tarixli A-09/458 saylı müqaviləyə əlavə edilmiş sxemin göstəricilərinə uyğun olduğu nəzərə alınaraq, həmin mənzildə konstruktiv dəyişikliklər edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) sahəsi yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə nəzərə alındıqda, mənzilin sahəsinin 103,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən, Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) sahəsinin 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, "xxxx" MTK (icraçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2020-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 16-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m, o cümlədən balkon sahəsi 10,60 kv.m olan 2 otaqdan ibarət 100 saylı mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini (124740) müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 1350 manat və balkon sahəsinin qiymətinin 100 faiz güzəştli hesablanmaqla 124740 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyərini tam olaraq "xxxx" MTK -ya ödəmişdir. "xxxx" MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili İddiaçı təhvil vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulmuş sahədə mənzilin təhvil verilmədiyihnə istinad edərək 9315 manat pulun və 113,15 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə münasibət bildirməzdən əvvəl hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasəm iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını, iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, xx.xx.2015-ci il tarixli, A-09/458 nömrəli müqavilə "xxxx" MTK (icraçı) ilə İddiaçı (sifarişçi) arasında imzalandığından və müqavilə üzrə "xxxx" MTK Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 16-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m, o cümlədən balkon sahəsi 10,60 kv.m olan 2 otaqdan ibarət 100 saylı mənzili sifarişçiyə təhvil vermək öhdəliyini öz üzərinə götürdüyündən cavabdeh qismində "xxxx" MTK qoyulmalı idi. Bu baxımdan iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə - Cavabdeh MMC-yə qarşı irəli sürüldüyündən hazırda təmin edilə bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb həmçinin hesab edir ki, iddia həmçinin əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”), Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində aşağıdakılar göstərilir: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/613 nömrəli ekspert rəyindən də görünür ki, Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) ümumi tikintialtı sahəsinin 103,0 kv və ümumi faydalı sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 9-cu binasının 16-cı mərtəbəsində yerləşən 15 nömrəli mənzilin (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 128, M16, m4) ümumi tikintialtı sahəsinin 103,0 kv.m təşkil etdiyi nəzərə alındıqda, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, A-09/458 nömrəli müqavilə üzrə müəyyən edilmiş sahə (103,0 kv.m) ilə uyğun olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X4 cavabdehlər X3 və "xxxx" ASC-nın X1 Consulting Company MMC-yə qarşı (Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar