Məhkəmə qərarları › İş №e-2(004)-3090/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3090/2025

29.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3090/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyası tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyası tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-4033/2021 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün hər ay 175 manat sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnamənin icrasının təmin edilməsi isə Mülki Prosessual Məcəllənin 13-cü Fəslində müəyyən olunmuş qaydada həyata keçirilir (Mülki Prosessual Məcəllənin 236-cı maddəsi). ... Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.”

Məhkəmənin mövqeyi

5. İlk öncə hazırkı tələb iddia icraatı qaydasında irəli sürülsə də, ərizənin mahiyyətindən aydın olur ki, ərizəçi faktiki olaraq məhkəmə qətnaməsi ilə tutulmuş alimentin indeksasiyasının həyata keçirilməsi niyyətindədir.

6. İş materiallarından isə görünür ki, Cavabdeh aliment Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-4033/2021 nömrəli qətnaməsi əsasında tutulmuşdur. Yəni, həm işə baxmış, həm də hazırda icraya nəzarət edən məhkəmə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsidir.

7. Qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası barədə işlərin aidiyyəti də MPM-ə əsasən işə baxmış məhkəmədir (MPM 232.1).

8. Digər tərəfdən, ərizə birbaşa qətnamənin icrası ilə bağlı olduğundan, bu kateqoriya işlər icraya nəzarəti həyata keçirən – işə baxmış məhkəmənin baxışından keçməlidir. Belə bir hüquqi mövqey Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarının məzmununa da uyğundur.

9. Odur ki, məhkəmə hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun verilmədiyindən geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra icra icraatı qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı alimentin indeksasiyası tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə icra icraatı qaydasında ərizə ilə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar