Məhkəmə qərarları › İş №e-2(004)-3231/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3231/2023

25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3231/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və idda tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 371/İK/ll nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş cəmi 17365,56 manat, "Əmlak Sığortası müqaviləsi" üzrə ödənilmiş cəmi 332,20 manat, "xxxx" ASC-yə ödənilmiş cəmi 1166,76 manat sığorta haqqı olmaqla, ümumilikdə 18864,54 manat vəsaitin yarısı olan (18864,54/2=9432,26) 9432,26 manat vəsaitin tutulması, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kvadrat metr olan 2 otaqlı, 4 nömrəli mənzil üzərində hər birinin ½ hissəsində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-11219/2015 saylı qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah ləğv edilmişdir. İddiaçı tərəfindən birgə nikah dövründə ailə üzvləri ilə birlikdə yaşaması üçün xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 2 otaqlı 4 nömrəli mənzil alınmışdır. Sözügedən mənzili iddiaçı ümumilikdə 41500 manata almışdır. İddiaçı həmin mənzilin dəyərinin 6500 manat hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan 35000 manat hissəsini isə 371/İK/11 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən ğötürdüyü kredit hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən "xxxx" ASC borcalan İddiaçı təminatlılıq əsasında 35000 manat məbləğində 300 ay müddətinə kredit verir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan kreditin istifadəsinə görə illik 4 % ödəyir. Kredit müqaviləsinin təminatı olaraq, kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcıipoteka qoyan İddiaçı və satıcı X1 arasında İ-371 nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 2 otaqlı 4 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Alıcı-ipoteka qoyan İddiaçı satılan mənzili kreditor-ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmış 371/İK/11 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-11219/2015 saylı qətnaməsi ilə ləğv edildikdən sonra bugünədək 371/İK/11 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişləri İddiaçı etməkdədir. Sözügedən kredit müqaviləsi üzrə borcalan İddiaçı kreditor "xxxx" ASC-yə ilk ay 130,29 manat, qalan hər ay üçün 184,74 manat məbləğində pul ödəməlidir. İddiaçı nikaha xitam verildikdən sonra bugünədək 17365,56 manat məbləğində "xxxx" ASC-yə kredit ödəmişdir. Cavabdeh bugünədək sözügedən kredit müqaviləsinin təminatı olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m olan 2 otaqlı 4 nömrəli mənzildə, iddiaçı isə kirayə mənzildə yaşamaqdadır. Cavabdehin vəkili məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, mübahisəli mənzil ümumilikdə 41500 manata alınmışdır. Mənzilin dəyərinin 6500 manatı ilkin ödəniş kimi ödənilmiş, qalan 35000 manat hissəsi isə 371/İK/11 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən kredit götürülmüşdür. Kredit müqaviləsinin 1.1.-ci maddəsinə əsasən, "xxxx" ASC borcalan İddiaçı təminatlılıq əsasında 35000 manat məbləğində 300 ay müddətinə kredit vermişdir. Müqavilədən göründüyü kimi 35000 manat məbləğində kredit İddiaçı 300 ay müddətinə, yəni xx.xx.2035-ci ilə qədər verilmişdir. Yəni kredit tam ödənildikdən sonra yuxarıda qeyd edilən mənzil ər- arvadın birgə mülkiyyəti sayıla bilər və ondan sonra ər-arvadın ümumi əmlakının bölünməsindən, o cümlədən də ər-arvadın ümumi əmlakdakı payları müəyyən edildikdən sonra iddiaçının cavabdehə qarşı pul tələbi irəli sürməsindən söhbət gedə bilər. Buna görə də yuxarıda qeyd edilən mənzil hələ ər-arvadın birgə mülkiyyəti hesab edilmədiyindən bölünə bilməz, buna görə də iddiaçının cavabdehə qarşı nikaha xitam verildikdən sonra "xxxx" ASC-yə ödədiyi kreditin yarısının onun tərəfindən geri ödənilməsinə dair pul tələbi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İş materiallarına əlavə edilmiş: Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-11219/2015 saylı qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah ləğv edilmişdir. Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 1-371 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 41 500 manata almış, mənzilin dəyərinin 6 500 manatı iddiaçının özü tərəfindən, 35 000 manatı isə "xxxx" ASC ilə bağlanmış “15” mart 2011-ci il tarixli 371/İK/ll saylı Kredit müqaviləsinə əsasən bankdan götürdüyü kredit hesabına ödəmişdir. Bank tərəfindən iddiaçıya həmin məbləğ, yəni 35000 manat illik 4 faiz ödəməklə 25 il müddətinə verilmişdir. Eyni zamanda həmin müqavilədən göründüyü kimi, iddiaçı tərəfindən alınmış mənzil kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq banka ipotekaya qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında 4 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 avqust 2023-cü il tarixli 4112/A saylı arayışına əsasən 1-371 saylı, xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka əmlakının sığortasına dair bağlanmış xx.xx.2018-ci il tarixli M-Pİ-0464/18 və xx.xx.2021-ci il tarixli M-Pİ-0483/21 saylı sığorta müqavilələri üzrə iddiaçı tərəfindən 2018-2023-cü illər ərzində "xxxx" ASC-nin bank hesabına cəmi 332,20 manat məbləğində sığorta haqqı ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 avqust 2023-cü il tarixli arayışına əsasən iddiaçı tərəfindən P037808/15 saylı sığorta şəhadətnaməsi üzrə, kredit götürən şəxslərin həyat sığortası ilə bağlı 1166,76 manat sığorta haqqı ödənilmişdir. AFB BANK ASC-nin Sahil filialının xx.xx.2023-cü il tarixli 14033 saylı məktubuna əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 371/İK/11 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən bu günə kimi (xx.xx.2023-cü il) 17365,56 manat ödənilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birgə nikah müddətində 6500 manat və uzunmüddtli kredit müqaviləsinə əsasən mülkiyyətlərinə qəbul etdikləri 35000 manat, cəmi 415000 manata ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kvadrat metr olan 2 otaqlı, 4 nömrəli mənzili əldə etmişlər. Odur ki, məhkəmə hesab edir ki, həmin mənzilin tərəflərin birgə nikah dövründə ümumi qazancı hesabına əldə edildiyi müəyyən edildiyindən iddia həmin mənzildə tərəflərin paylarının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda tədqiq olunmuş sübutlardan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflərin nikahının pozulmasından sonra kredit müqaviləsi üzrə 17365,56 manat borc ödənilmiş, bankla bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən iddiaçı həmin mənzilin əmlak sığortası müqaviləsini və özünün həyat sığortası müqavilələrini bağlamış, həmin müqavilələr üzrə də iddia tələbində göstərilən məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə hesab edir ki, bankdan götürülmüş kredit tərəflərin ailə ehtiyaclarına, yəni mənzil alınması üçün xərcləndiyindən, sığorta xərcləri də məhz həmin mənzilin ipotekası ilə bağlı olduğundan kredit müqaviləsi və istinad olunan sığorta müqavilələri üzrə öhdəliklər tərəflərin ümumi birgə öhdəliyi kimi qəbul edilməli və həmin müqavilələr üzrə iddiaçı tərəfindən ödənilmiş iddia tələbində göstərilən məbləğlərdə iddiaçı ilə cavabdehin payları bərabər müəyyən edilərək həmin məbləğlərin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə … məcburi köçkünlər… dövlət rüsumunun ödənilməsindən azaddırlar. Məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı məcburi köçkün statusuna malikdir və dövlət rüsumunun ödənilməsindən azaddır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi və iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün 114,32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kvadrat metr olan 2 otaqlı, 4 nömrəli mənzil üzərində Cavabdeh payı ½ hissədə, İddiaçı payı ½ hissədə müəyyən edilsin. Cavabdeh 9432,26 (doqquz min dörd yüz otuz iki manat iyirmi altı qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 114,32 (yüz on dörd manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar