Məhkəmə qərarları › İş №e-2(004)-327/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-327/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-327/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-855/2020 saylı qətnaməsi ilə uşağı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 400 manat məbləğində alimentin dəyişdirilərək iddiaçının əmək haqqısının ¼ hissəsi miqdarında tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-855/2020 saylı qətnaməsi ilə uşağı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 400 manat məbləğində alimenti ödəyə bilmir. Belə ki, hal-hazırda iddiaçı "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və əmək haqqı 550 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, uşağın autizm sindromu var. Həmin xəstəliklə bağlı uşağın saxlanması xərcləri də böyükdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə–qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatlardan görünür ki; İddiaçı "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir, aylıq əmək haqqı 550 manat təşkil edir. Mülkiyyətində “Kia Rio sedan” markalı avtomobil vardır. Eyni zamanda iddiaçı fərdi sahibkardır və “Çertyojların da tərtib edilməsi daxil olmaqla binaların layihələşdirilməsi” fəaliyyəti ilə məşğul olur. Cavabdeh "xxxx" ASC-də tikintidə iş icraçısı vəzifəsində işləyir, əmək haqqısı 1140 manat təşkil edir. Eyni zamanda həmkarlar ittifaqı sədri olaraq 230 manat əmək haqqı alır. Mülkiyyətində “Kia Rio xeçbek” markalı avtomobil vardır. İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-718/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 400 manat sabit pul məbləğində alimenti ödəyə bilməməsini "xxxx" MMC-də aldığı əmək haqqısının aşağı olması ilə əsaslandırmışdır. Lakin artıq yuxarıda qeyd olunduğu kimi, iddiaçı sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. İddiaçı sahibkarlıq fəaliyyətindən də əldə etdiyi gəlirlərinin onun 400 manat məbləğində alimenti ödəməyə yetərli olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-718/2020 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sona iddiaçının maddi vəziyyətində dəyişiklik olduğu və bununla əlaqədar hazırda həmin qərarla müəyyən edilmiş miqdarda alimenti ödəməyə maddi imkanı olmadığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar