Məhkəmə qərarları › İş №e-2(004)-3338/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3338/2022

23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3338/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alıment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Yasamal rayon Məhkəməsinin 2(004)-58521 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. Nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalıblar. Onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilməz. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. . Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə olunmuş qətnamədən də görünür ki, tərəflər arasında nikahın pozulmasına səbəb Nazlı Babayevanın mənşəyinə dair şübhələr olmuşdur. Belə ki, uşağın mənşəyinin müəyyən olunması səbəbi ilə iddiaçıya dəfələrlə DNT testinin verilməsi təklif olunsa da, o, bundan imtina etmişdir və nəticə etibarı ilə Nazlı Babayevanın atasının Cavabdeh olmadığını etiraf etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını, Nazlı Babayevanın mənşəyinin müəyyən olunması üçün DNT testinin təyin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 81-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, qanununu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 58521 saylı, xx.xx.2021-ci i il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 atası qrafasında Cavabdeh və anası qrafasında İddiaçı qeyd edilmişdir. Cavabdeh uşaqlarına maddi cəhətdən kömək etmir. Cavabdeh, iddia tələbinə etiraz edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 onun övldı olmadığını göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti 31 may 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar