Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3380/2020 08.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxx” MMC-yə qarşı “əmək haqqının, son haqq-hesabın, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxx” MMC-yə qarşı “əmək haqqının, son haqq-hesabın, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, onun işdən azad olunduğu vaxtdan hesablanmış 5.379,16 manat əmək haqqı, ödənilməmiş əmək haqqında gündəlik 1 faiz ödənc kimi 6.347,40 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat pul cavabdeh “xxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək, İddiaçı işdən azad olunduğu vaxtdan hesablanmış 4.879,16 manat əmək haqqı, ödənilməmiş əmək haqqına gündəlik 1 faiz ödənc kimi 10.689,85 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat pul cavabdeh “xxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh “xxxxxxx” MMC-nin təsisçisi Emin Əsgərov 2019-cu ildə İddiaçı iş təklif etmiş və bu səbəbdən iddiaçı əvvəlki iş yerindən çıxmışdır. Faktiki olaraq İddiaçı xx.xx.2019cu il tarixdə “xxxxxxx” MMC-də Biznesin İnkişafı Şöbəsinin müdiri vəzifəsini icra etməyə başlamışdır. Tərəflərin ilkin danışıqlarına əsasən iddiaçının aylıq əmək haqqı 4.500 manat təşkil etməli idi. xx.xx.2019-cu il tarixdə “xxxxxxx” MMC-nin baş direktoru X5 ilə İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqavilədə sınaq müddəti nəzərdə tutulmamışdır. Çünki, iddiaçının işə götürdüyü sahəsində iş stajının çox olması və həmin sahədə mütəxəssis olduğu nəzərə alınmışdır. Əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “xxxxxxx” MMC-nin Biznesin İnkişafı Şöbəsinin Rəhbəri vəzifəsinə işə götürülmüş, onun aylıq əmək haqqı 3.895 manat təşkil etmişdir. Tərəflərin şihafi razılığa əsasən əmək haqqının müəyyən hissəsi iddiaçıya nağd şəkildə ödəniləcəkdir. Yeni iş yerində əmək funksiyalarının daha effektiv icra edilməsi və iş prosesinin daha səmərəli aparılması üçün iddiaçı tabeliyində olan şöbəyə yeni kadrları dəvət etməklə, yeni komanda yaratmağa başlamışdır. Rəhbərlik tərəfindən iddiaçıya müvafiq islahat aparılmasına icazə verilsə də, müəyyən müddətdən sonra bu hal şirkətin rəhbərliyində narazılığın yaranmasına səbəb olmuşdur. Daha sonra, “xxxxxxx” MMC-nin İnsan Resursları Şöbəsinin yeni əməkdaşı Yusif Rəsulova iddiaçını işdən kənarlaşdırılması barədə tapşırıq verilmiş və Y.Rəsulov bu barədə iddiaçıya xəbərdarlıq məktubu vermişdir. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, İddiaçıla “xxxxxxx” MMC arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş sınaq müddəti bitdikdən sonra, MMC iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsini istəmir. Daha sonra isə, Yusif Rəsulov İddiaçı əmək müqaviləsinin nüsxəni göstərərək, sınaq müddəti ilə bağlı qeydin mövcud olmasını bildirmişdir. İddiaçı isə öz növbəsində onda olan əmək müqaviləsinin nüsxəni rəhbərliyinə göndərməklə, əmək müqaviləsində sınaq müddətinin nəzərdə tutulmamasını bildirmişdir. Həmçinin, bu barədə “xxxxxxx” MMC-nin keçmiş İnsan Resursları meneceri X1 ərizə verməklə, qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulmamışdır. Təzyiq altında İddiaçı MMC-nin şərtlərini qəbul edərək, könüllü şəkildə işdən çıxma barədə ərizə yazmışdır. “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq, iddiaçı işdən azad edilərkən işəgötürən MMC iddiaçının son haqq-hesabını aparmamışdır. İddiaçı bu barədə Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş və əmək haqqı üzrə bank çıxarışları göndərmişdir. Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, İdarənin aparılmış araşdırma nəticəsində Əmək və X4 Nazirliyinin elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçı ilə “xxxxxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək haqqı üzrə bank hesabı çıxarışından işəgötürənin işçiyə ödənilməli olan son haqq-hesabını ödəmədiyi məlum olmuşdur. Bununla bağlı “xxxxxxx” MMC-nin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan MMC-nin direktoru N.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin X6 ödənilməmiş son haqq-hesabın ödənilməsinin təmin edilməsi məqədilə “xxxxxxx” MMC-nin rəhbərliyinə müvafiq məktub gödərilmişdir. Nəticədə, “xxxxxxx” MMC tərəfindən iddiaçıya ümumi yaranmış 5.379,16 manat əmək haqqı borcundan cəmi 500 manat ödənişi iddiaçı məhkəməyə müraciət edəndən sonra icra etmişdir. Hazırda MMCnin iddiaçıya ödənilməmiş 4.879,16 manat əmək haqqı borcu vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırda isə, cavabdeh iddiaçıya əmək haqqının ödənilməsini gecikdirildiyindən, ödənilməmiş əmək haqqına gündəlik 1 faiz ödənc kimi cəmi 10.689,85 manat pul ödəməlidir. Cavabdeh iddiaçının son-haqq hesabını vaxtında ödəyə bilmədiyinə görə İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialından aldığı 6000 manat borcu vaxtında ödəyə bilməmiş, xx.xx.2020-ci il tarixə ümumi əsas borc 2165,63 manat, əsas borc üzrə qalıq 559,92 manat, gecikdirilmiş əsas borc 1605,71 manat; ümumi faiz borcu 109,18 manat, faiz qalığı 4,44 manat, gecikdirilmiş faiz qalığı 107,74 manat, əsas borc üzrə cərimə 35,28 manat olmaqla, cəmi 2310,09 manat borcu yaranmışdır. Nəticədə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi sarsıntılara görə iddiaçıya mənəvi zərər dəymişdir, iddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb edir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkilinin verdiyi izahatla razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxx” MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, “xxxxxxx” MMC-nin baş direktoru X5 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 1 il müddətinə “xxxxxxx” MMC-nin Biznesin İnkişafı Şöbəsinin Rəhbəri vəzifəsinə işə götürülmüş, onun aylıq əmək haqqı 3.895 manat təşkil etmişdir. İddiaçı könüllü şəkildə işdən azad olunması barədə ərizə yazmış və onunla “xxxxxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırkı mübahisə iddiaçının əmək müqaviləsinin xitam verilməsi ilə bağlı deyildir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqını tələb edir. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yəni, əmək haqqı işçiyə onun faktiki iş günlərinə görə hesablanmalı və ödənilməlidir. Hazırda isə İddiaçı onun faktiki işlədiyi günləri, yəni 2020-ci ilin yanvar və fevral ayları üzrə əmək haqqı hesablanmalı, əmək müqaviləsi bağlandığı-hüquqi qüvvəyə mindiyi vaxtdan həmin müqaviləyə xitam verilməsi anına qədər faktiki işlədiyi dövrə mütənasib istifadə etmədiyi əsas məzuniyyət günlərinə görə kompensasiya işlədiyi dövrün faktiki əmək haqqısına mütənasib hesablanmalı və son haqq-hesabı müəyyən edilməlidir. Hazırda iddiaçının tələb etdiyi ödənilməmiş əmək haqqının məbləği və son haqq-hesabının hesablanması hansı üsulla aparılması müəyyən edilməmişdir, iddiaçının tələbi həqiqətə uyğun deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları, proses iştirakçılarının izahatları və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edilmişdir ki, “xxxxxxx” MMC-nin baş direktoru X5 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 1 il müddətinə “xxxxxxx” MMC-nin Biznesin İnkişafı Şöbəsinin Rəhbəri vəzifəsinə işə götürülmüş, onun aylıq əmək haqqı 3.895 manat təşkil etmişdir. İddiaçı ərizəsinə əsasən onunla “xxxxxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı son haqq-hesabının aparılmaması barədə Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş və əmək haqqı üzrə bank çıxarışları göndərmişdir. Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu ilə İddiaçı müraciətinə cavab verilərək bildirilmişdir ki, İdarənin aparılmış araşdırma nəticəsində Əmək və X4 Nazirliyinin elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən İddiaçı ilə “xxxxxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək haqqı üzrə bank hesabı çıxarışından işəgötürənin işçiyə ödənilməli olan son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bununla bağlı “xxxxxxx” MMC-nin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 83-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan “xxxxxxx” MMC-nin direktoru N.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin X6 ödənilməmiş son haqq-hesabın ödənilməsinin təmin edilməsi məqədilə “xxxxxxx” MMC-nin rəhbərliyinə müvafiq məktub gödərilmişdir. “xxxxxxx” MMC-nin İnsan Resursları Şöbəsinin rəhbəri Yusif Rəsulov mailto:yusif.rasulov@pronet.azElektron ünvan 1 elektron email adresindən İddiaçı “Elektron ünvan 2” elektron email adresinə xx.xx.2020-ci il tarixdə saat 13:02-də cavab ünvanlayaraq bildirmişdir ki, İddiaçı yanvar ayının əmək haqqı ilə birlikdə ödəniləcək son-haqq hesab məbləği 5379,16 manat təşkil edir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, məhkəmədə iddia qaldırdıqdan sonra ona ödənilməli olan 5379,16 manatdan son-haqq hesabından 500 manatı cavabdeh tərəfindən ona ödənilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırda isə, cavabdeh iddiaçıya əmək haqqının ödənilməsini gecikdirildiyindən, iddiaçı ödənilməmiş əmək haqqına gündəlik 1 faiz ödənc kimi hesablamaqla cəmi 10.689,85 manat pul ödənilməsini tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək əmək haqqına gündəlik 1 faiz ödənc kimi cəmi 10.689,85 manat pul azaldılaraq 500 manat müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 5.379,16 manat əmək haqqı və son haqq-hesabından xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 4.879,16 manat pul, əmək haqqının gecikdirilməsinə görə 500 manat cərimə olmaqla, cəmi 5.379,16 manat pul cavabdeh “xxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni “əmək haqqının gecikdirilməsinə görə 10.189,85 manat pul və 10.000 manat mənəvi ziyanın əvəzi cavabdeh “xxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı işdən azad olunduğu xx.xx.2020-ci ilədək hesablanmış 5.379,16 manat əmək haqqı və son haqq-hesabından xx.xx.2020-ci il tarixədək ödənilməmiş qalan 4.879,16 manat pul, əmək haqqının gecikdirilməsinə görə 500 manat cərimə olmaqla, cəmi 5.379,16 (beş min üç yüz yetmiş doqquz manat on altı qəpik) manat pul cavabdeh “xxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3380/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3380/2020
08.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver