Məhkəmə qərarları › İş №e-2(004)-3459/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3459/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3459/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahdan anadan olmuş 17 iyun 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ¼ hissəsi alimentin və mediasiya təşkilatına İddiaçı tərəfindən ödənilən xərclərin 57,75 (əlli yeddi manat yetmiş beş qəpik) manat tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 29 sentyabr 2016-cı il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir övladları anadan olmuşdur: 1.X3 – 17 iyun 2017-ci il təvəllüdlü. Daha sonra İddiaçı cavabdehə qarşı nikahın pozulmasına və alimentin tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə zamanı iddia tələbinin azaldılması ilə müraciət etmiş (yalnız nikahın pozulmasına dair), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(001)-13869/2017 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29 sentyabr 2016-cı il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» mərkəzinin Qeydiyyat şöbəsində bağlanılmış, 1821 №-li qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahdan olan 17 iyun 2017-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində qalması müəyyən edilməsi qət edilmişdir. Bu müddət ərzində cavabdeh ümumiyyətlə uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərməmiş, halbuki, İddiaçı nikahın pozulması ilə məhkəməyə müraciət etdiyi zaman, tərəflərin aralarında razılıq olmuşdur ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərəcək. Bu səbəbdən də, İddiaçı nikahın pozulması ilə bağlı iddia ərizəsinə baxıldığı zaman, iddia tələbinin azaldılması ilə məhkəməyə müraciət etmişdir (yalnız nikahın pozulması). Qeyd edir ki, bu günə kimi cavabdeh tərəfindən uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərilməmiş, uşaq artıq «Baku-Oxford School» məktəbinin 1-ci sinif şagirdidir. Uşağın ancaq təhsil xidmətlərinin göstərilməsi üçün olan məbləğ 16.000 (on altı min) manat pul vəsaiti təşkil edir. İddiaçı cari ilin əvvəlində alimentin tutulması ilə bağlı sənədləri mediasiya təşkilatına göndirdiyi zaman, cavabdeh iddiaçı ilə əlaqə saxlamış, əmək haqqısından ¼ hissəsini uşağın saxlanılması üçün ödəməyə razılaşmışdır. Bundan sonra cavabdeh yalnız 1-2 dəfə pul ödəmiş, sonra ümumiyyətlə uşağın saxlanılmasına görə heç bir köməklik göstərməmişdir. Bildirir ki, cavabdeh «SOCAR» neft şirkətində çalışır və əmək haqqı yüksəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13869/2017 saylı 23 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 29 sentyabr 2016-cı il taridə Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1821 nömrə ilə qeydə alınmış nikahın pozulması və birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 277801 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir və bu barədə 23 dekabr 2017ci il tarixdə 523 nömrə ilə qeyd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsində “sədrin köməkçisi” vəzifəsində çalışır və əmək haqqı 5000 manat təşkil edir. Bakı şəhəri 15 saylı Mediasiya Təşkilatının 16 yanvar 2024-cü il tarixli 100189 nömrəli qəbzindən görünür ki, 57,75 manat məbləğində mediasiyaya rüsum ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X3 vardır. Tərəflər arasında olan nikah pozulmuşdur. xx.xx.2017-ci il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı yanında qalır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Beləliklə, məhkəmə qanunvericilik normalarını, uşağın yüksək mənafeyini, cavabdehin iddia tələbi ilə bağlı razlığını nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, bildirir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 57,75 (əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 57,75 (əlli yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar