Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3522/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2500 manat pul vəsaitinin, 45 manat dövlət rüsumunun, hüquqi xidmətə görə 500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklər icraçı tərəfindən tam yerinə yetirilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə ödəniş etmək öhdəliklərini icra etməmişdir. Hesab edirlər ki, podrat müqaviləsi üzrə muzd cavabdehdən məcburi qaydada tutulmalıdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Müqavilə onun tərəfindən imzalanmamışdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə əlavə edilmiş sənədlərin onun mənzilinə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəf görülmüş işlə bağlı qaimə təqdim etməli idi. AR Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən sifarişçi işdən narazı qaldığı təqdirdə muzdu ödəməyə bilər. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçı tərəf onun evində işləməmişdir. Onlar onunla mənzilin dizayn xidmətlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlamalı idilər. Dekabr ayında onlar mənzilə gələrək, 1 ay ərzində mənzilin dizayn xidmətlərinin yerinə yetiriləcəyini bildirmişlər. Onlar işi fevral ayında təhvil verməli idilər, lakin 2024-cü ilin may ayında təhvil vermişlər. Dizayndan sonra təmirlə bağlı smeta yazılmalı idi. O qarşı tərəflə müqavilə bağlamamışdır. Müqavilədəki imza ona aid deyil. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçı sifarişçinin sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 556 saylı məhəllədə yerləşən 4-cü girişli 16 mərtəbəli yaşayış binasında yerləşən ünvanda 170 kv.m-lik sahədə interyer dizayn xidmətlərini yerinə yetirməyi, sifarişçi isə sifariş etdiyi xidmətləri icraçıdan qəbul etməyi və müqavilənin 3-cü bəndində razılaşdırılmş muzd (5000 manat) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə qiymətini ƏDV daxil 5000 manat olmaqla sifarişi icraçıya nəğd ödəyir və müqavilə üzrə görüləcək işlərə start verilir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq işlərin görülməsindən öncə hesablanmış məbləğin 50 faizi, yarı işlər görüldükdən sonra 25 faiz ödəniş və işlər bitdikdən sonra qalıq məbləğ ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən 45 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə qalıq 2500 manat borcun 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətə görə 500 manat məbləğində pul vəsaiti Femida Vəkil Bürosuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bu müqavilə ilə İddiaçı MMC Cavabdeh sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 556 saylı məhəllədə yerləşən 4-cü girişli 16 mərtəbəli yaşayış binasında yerləşən ünvanda 170 kv.m-lik sahədə interyer dizayn xidmətlərini yerinə yetirməyi, Cavabdeh isə sifariş etdiyi xidmətləri icraçıdan qəbul etməyi və müqavilənin 3-cü bəndində razılaşdırılmş muzdu, yəni 5000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər müqavilə şərtlərinə uyğun olaraq işlərin görülməsindən öncə hesablanmış məbləğin 50 faizi, yarı işlər görüldükdən sonra 25 faiz ödəniş və işlər bitdikdən sonra qalıq məbləğin ödənilməsi razılaşmışlar. Cavabdeh ilkin olaraq 2500 manat məbləğində pulu iddiaçıya ödəmiş, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş interyer dizayn xidmətlərini həyata keçirmişdir. İnteryer dizayn xidmətləri ilə bağlı iş İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan eskizlərdən də bəlli olur ki, mənzilə dair dizayn hazırlanmışdır. Lakin, cavabdeh görülmüş interyer dizayn işini təhvil alsa da, bu günədək ödənişlə bağlı vəzifəsini icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə ödənilməli olan muzdun qalıq məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında interyer dizayn xidmətləri ilə bağlı razılaşmanın olduğu, ilkin olaraq 2500 manat məbləğində pulun ödənilməsi, interyer dizayn xidmətlərinin yekunlaşdırılaraq Cavabdeh təhvil verilməsi kimi hallar tərəflər arasında olan whatsapp yazışmaları ilə bağlı çıxarışlarla da öz təsdiqini tapmışdır. Həmçinin, Cavabdeh məhkəmə iclasında iştirak edərkən izahatında əvvəlcə “iddiaçı mənə işi təhvil verməyib ki, mən ona narazılığımı bildirim” ifadəsini işlətməklə yanaşı “onlar işi fevral ayında təhvil verməli idilər, lakin 2024-cü ilin may ayında təhvil vermişlər” ifadələrini işlətməsi Cavabdeh izahatında kifayət qədər ziddiyyətlərin olmasını deməyə əsas verir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3522/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3522/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver