Məhkəmə qərarları › İş №e-2(004)-3632/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3632/2023

06.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3632/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İş materiallarına əsasən əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra iddia ərizəsi dəqiqləşmə edərək tələbini “cavabdeh orqanın qərarının iddiaçıya aid olan hissədə ləğv edilməsi” kimi müəyyənləşdirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə şikayət təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə şikayət qismən təmin edilmiş, iş araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Yenidən araşdırma nəticəsində Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin müvafiq qərarında cavabdeh tərəfindən kasasiya şikayəti verilmiş, cavabdehin şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçusu statusunda işləmiş, tərəflər arasındakı əmək mübahisəsinə inzibati məhkəmədə baxılmışdır. Deməli, iddiaçı və cavabdeh arasındakı əmək münasibətləri mülki münasibət deyil, inzibati münasibətlərdir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət qulluqçusu statusunda deyil, müqavilə münasibətləri əsasında cavahden orqanda işləmiş olsaydı hüquq münasibəti mülki hüquq münasibəti kimi qiymətləndirilməli idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə müəyyən olunur ki, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqan olduğundan və iddia ərizəsində qeyd olunan mübahisə predmeti inzibati orqanın publik (hakimiyyət xarakterli) fəaliyyəti nəticəsində qəbul edilmiş qərarla əlaqədar olduğundan inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. Məhkəmə iddiaçıya izah edir ki, iddia tələbi üzrə mediasiya sessiyasında iştirak edilməmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi mediasiya prosedurasına əməl edilməsi barədə arayışa əsasən müəyyən olunur ki, həmin proses üzrə tələb vurulmuş maddi və mənəzi zərərin ödənilməsi olmuşdur. Bu səbəbdən, hazırki tələb olan “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair yenidən mediasiya sessiyasında iştirak edilməklə iddia ərizəsi müvafiq inzibati məhkəməyə təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və mediasiya prosedurasına əməl edilməklə inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ izah olunmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya mediasiya prosedurasına əməl edilməklə inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar