Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3689/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1500 manat əmək haqqının və 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “1500 manat əmək haqqının və 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. Razılaşmaya əsasən əmək haqqı 400 manat müəyyən edilmişdir. Cavabdehin yanında 6 ay işlədikdən sonra iddiaçı işdən çıxmışdır. 2022-ci ilin iyun ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh əmək müqaviləsi bildirişini elektron sistemdə qeydiyyatdan keçirməklə iddiaçını saç ustası vəzifəsinə işə qəbul etmiş, aylıq əmək haqqı kimi 250 manat qeyd edilmiş, əmək müqaviləsi bildirişində müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyd edilmişdir. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, X1 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İddia ərizəsində göstərilən xüsusatlar və İddiaçı məhkəməyə verdiyi izahatına əsasən, iddiaçının 2022-ci il fevral ayında cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdə başlanmışdır. Göstərilən hal mülki işin mübahisəsiz halıdır. İddiaçı mübahisə üzrə xx.xx.2023-cü il tarixdə mediasiya prosesini başlatmış, xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə, iddia əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən X1 Xidmətinə müraciətlərin edilməsi iddia müddətinin dayandırılmasına münasibətdə hər hansı hüquqi əsası yaratmır və hüquqi nəticəyə səbəb olmur. İddia tələbinin digər hissəsi olan 2000 manat mənəvi zərərin ödənilməsi də əmək münasibətlərindən əmələ gələn mübahisə olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik tələb etmə müddəti bu hissəyə də aid olmalıdır. Nəzərə almaq lazımdır ki, tələbin əsasında mənəvi zərərin ödənilməsinə görə pul ödənilməsi olsa da, mahiyyəti etibarilə mübahisə mülki hüquq münasibətlərindən deyil, sahəvi əmək münasibətlərindən doğmuşdur. Bu səbəbdən, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları deyil, sahəni normativ hüquqi akt olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin dispozitiv şərtləri tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) illik iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “1500 manat əmək haqqının və 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3689/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3689/2023
25.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver