Məhkəmə qərarları › İş №e-2(004)-3724/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3724/2025

15.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3724/2025 15.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.000 (altmış min) manat ödənilməmiş əmək haqqının və 3052 (üç min əlli iki manat) ödənilməmiş məzuniyyət pulunun, əmək haqqının gecikdiyi hər gün üçün 1 faiz cərimənin, 500 manat vəkilə ödənilmiş pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-cü il tarixində Cavabdeh ilə əmək müqaviləsi imzalayaraq “Belarus” Ticarət Şəbəkəsinin Anbar bölməsində 4-cü dərəcəli fəhlə vəzifəsində işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsində 5 günlük iş həftəsi və gündəlik 8 saatlıq iş saatı müəyyən olunsa da iddiaçı cavabdehin əməkdaşlarının tələbi ilə daha çox iş vaxtında və həmçinin başqa işlərdə də işləmişdir. Belə ki, “Belarus” Ticarət Şəbəkəsinin Anbar bölməsi Bakı şəhəri Salyan Şossesi 2 ünvanında yerləşir. Həmin məhsuların satışının həyata keçirildiyi cəmi 6 satış nöqtələri var: N.Nərimanov205(Statistika), Nizami131A, Qara Qaraev 61 С (Neftçilər) А.İldrım30(Şüvəlan), Salyan şossesi 17B, Fətəli Xan Xoyski101C(Nərimanov). Qeyd etmək istərdik ki, cavabdehin məhsulların anbardan yuxarıda qeyd edilən satış nöqtələrinə çatdırılması üçün **-JT-***, **-JR-***, 77-JN410, **-JK-***, **-JN-*** və **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Həmin avtomobillərə yanacaq doldurulması üçün iddiaçının Azpetrol Ltd MMC-dən sifariş verdiyi 957 054693 nömrəli kart sifariş verilmiş və həmin avtomobillərə qeyd olunan kartlarda istifadə olunmaqla yanacaq doldurulmuşdur. İddiaçı iş vaxtının guya saat 09:00-dan 18:00-dək olduğu göstərilsə də, bu, faktiki iş rejiminiəks etdirmir. Belə ki, o, işinə Bazar ertəsi günü saat 09:00-da başlamış və həmin gün fasiləsiz olaraq saat 18:00-dək çalışmışdır. Axşam saatlarında məhsulları gətirən tırlar boşaldılmış, bu proses ertəsi gün - Çərşənbə axşamı səhər saat 08:00-a qədər davam etmişdir. Daha sonra məhsullar satış nöqtələrinə çatdırılmaq üçün avtomobillərə yüklənmiş, sürücülər bu məhsulları təhvil vermək üçün avtomobillərlə getmiş, anbarda işləyən fəhlələr isə saat 10:00-da evə getdikdən sonra sonra yenidən saat 18:00da işə qayıtmışlar. Bu intensiv iş rejimi Çərşənbə axşamı da eyni qaydada təkrarlanmış və tırların boşaldılması növbəti gün - Çərşənbə günü səhər saat 08:00-a qədər davam etmişdir. Növbəti mərhələdə məhsullar bir daha satış nöqtələrinə göndərilmiş, anbarda işləyən fəhlələr isə saat 10:00-da evə getdikdən sonra sonra yenidən saat 18:00-da işə qayıtmışlar. Çərşənbə saat 18:00-da yenidən iş başında olmuşlar. Proses bir daha təkrarlanaraq Cümə axşamısəhər saat 10:00-a qədər davam etmişdir. Nəhayət, Cümə günü səhər saat 07:00-da işçilər yenidən iş başında olmuş, məhsullar yığılmış, satış nöqtələrinə göndərilmiş və təxminən saat 19:00- da evə qayıtmışlar. İddiaçının iş vaxtından artıq işləməsi ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, şahid ifadələri, whatsapp yazışmaları və eynizamanda avtomobillərin hərəkət trayektoriyaları, qəza hadisəsi ilə də sübut edilə bilər. Bu faktlar onu göstərir ki, işçilər normativ iş vaxtından xeyliartıq və fasiləsizçalışmış, lakin bu əlavə iş saatları nə rəsmiləşdirilmiş, nə də əməkhaqqı ilə əhatə olunmuşdur. Bu isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Belə ki İddiaçı həftəlik 40 saat işləməli olsa da faktiki olaraq həftədə 65 saat işləmiş, eyni zamanda o il ərzində olan bayram günlərinin də yarısını işdə olmuşdur həmçinin ona bu müddət ərzində yalnız 1 dəfə əmək məzunuyyəti verilmişdir. Belə olan halda ümumi olaraq iddiaçının həftədə 70 saat işləməsini deyə bilərik. Bu isə onun faktiki işlədiyi vaxtdan 1,75 dəfə çoxdur. Ümumi olaraq onun həftəlik normadan 0,75 dəfə daha çox əlavə iş gördüyünü deyə bilərik. İddia ərizəsinə əlavə etdiyimizçıxarışdan görünür ki işlədiyi dövrdə İddiaçı cəmi 33.052 (otuz üç min əlli iki) manat əmək haqqı ödənilib. Biz onu 0.75 milsini qanunvericiliyin tələblərinə görə ikiqat hesablasaq həmin məbləğin 1.5 misli iddiaçıya ödənilməlidir. Bu isə cəmi 49.578 (qırx dorruz min beş yüz yetmiş səkkiz) manat təkil edir. Həmin işlərin bir hissəsinin gecə vaxtı görüldüyünü və buna görə daha yüskək əmək haqqının ödənilməli olduğunu da nəzərə alsaq bu məbləğin ən az 60.000 (altmış min) manat olduğunu deyə bilərik. Həmçinin iddiaçıya işlədiyi 5 ilin dörd ili üçün əmək məzuniyyəti verilməmiş bunun əvəzi də ödənilməmişdir. 4 ilə görə 84 gün üçün verilməli olan məzuniyyət pulu son haqq hesabda verilməmiş və bu məbləğ 3052.22 manat təşkil edir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır və o təmin edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd edib ki, guya o iş saatından əlavə və ya gecə vaxtı işləmişdir. Lakin bunu isbat edəcək hec bir mötəbər sübut və ya dəlil məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazışmaların işçilər tərəfindən nə məqsədlə aparıldığı bizə məlum deyil və müəssisə rəhbərliyi tərəfindən yazışmalarda göstərilən məsələlərlə bağlı heç bir göstəriş verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 475 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı “Belaruski” TŞ-nin Anbar bölməsinə 4-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 24 saylı, xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı AR Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsasəb xx.xx.2024-xx.xx.2025-ci iş dövrü üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 19 gün pul əvəzi ödənilmiş və son haqq-hesabın təmin edilməsi mühasibatlığa tapşırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 143.1-ci maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin məcəllənin 165-ci maddəsinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Həmin məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İddiaçı Cavabdeh MMC-dən iş vaxtından artıq işlədiyi vaxta görə əmək haqqı hesablanmaqla ona ödənilməsini, həmçinin məzuniyyət haqqının və dəbbə pulunun ona ödənilməsini tələb edir. İddiaçının təqdim etdiyi yazışma mətnlərindən, eyni zamanda məhkəmənin qərarı ilə əldə edilmiş "xxxx" MMC-dən daxil olmuş anten məlumatları ilə onun iş vaxtından artıq müddət ərzində iş yerində olduğu təsdiqini tapmışdır. Lakin iddiaçı iş vaxtından artıq iş yerində olsa da, həmin müddətdə məhz əmək funksiyalarının icrasına cəlb edildiyini sübut edə bilməmişdir. Həmçinin iddiaçı 2020-2024cü illər ərzində məzuniyyət pulunun ona ödənilmədiyini bildirir. Bununla bağlı, məhkəmə qeyd edir ki, qanunvericilikdə Pul və digər əmlak tələbləri ilə əlaqədar 1 illik iddia müddəti nəzərdə tutulmuşdur. Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, iddiaçı məzuniyyət pulunun hesablanması və ona ödənilməsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun ödənilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar