Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3771/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın ləğv olunması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması və birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay aylıq qazancının ¼ hissəsi və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək hər ay 200 manat məbləğində alimentin, çəkilmiş xərclərin əvəzi olaraq 3300 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə verərək bildirmişdir ki, iş üzrə iddia ərizəsində cavabdehdən aylıq gəlirinin ¼ hissəsi məbləğində aliment tələb edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı qarşı tərəf rəsmi gəlirinin iddia ərizəsində qeyd olunan məbləğdən dəfələrlə az olduğunu və əvvəlki nikahdan olan övladı üçün də aliment ödədiyini bildirmişdir. Cavabdehin gəlirinin az olması sübuta yetirildiyi təqdirdə, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin alimentin tutulması hissəsində təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı ilə cavabdeh 20 sentyabr 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan bir övladları 06 aprel 2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasında olan nikah münasibətlərinə artıq xx.xx.2021-ci il tarixdən faktiki olaraq xitam verilmişdir. Belə ki, iddiaçı 7 həftəlik hamilə olarkən cavabdeh onu tərk etmiş və bir daha ailəsi ilə maraqlanmamışdır. Artıq uzun müddətdir ki, tərəflər münasibətlərin gərginləşməsi səbəbindən faktiki olaraq ayrı yaşayırlar. Uşaq doğulandan ananın himayəsindədir. Cavabdeh nə uşağın doğuşu ilə əlaqədar, nə də doğuşdan sonrakı xərclərdə iştirak etmişdir. Cavabdeh bir dəfə də olsun uşağını görməmiş və görmək istəməmişdir. Ümumiyyətlə, cavabdeh bir ata olaraq öz vəzifələrini nə maddi, nə də mənəvi cəhətdən icra edir. Hazırda iddiaçı işsiz olduğundan azyaşlı uşağının maddi təminatlarını ödəmək iqtidarında deyil. Hesab edir ki, uşağın saxlanılması üçün cavabdeh əldə etdiyi gəlirinin ¼ hissəsi məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda bildirmək istəyir ki, cavabdeh "xxxx" MMC-də yüksək vəzifədə çalışır və əmək haqqısı 1500 manatdan yuxarıdır. Bundan başqa, hamiləlik və doğuşdan sonrakı dövrdə iddiaçının və övladlarının müalicəsinə xeyli miqdarda pul vəsaiti tələb edilmiş və hələ də tələb olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehdən ayrılmaq fikri qətidir. Nikahın pozulmasına təkid edir. Suala cavab olaraq bildirir ki, tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə ehtiyac yoxdur. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasına razıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, cavabdehin anasıdır. İddiaçının 3300 manat məbləğində əlavə xərclərin cavabdehdən onun xeyrinə tutulması tələbinə etiraz edir. O, öz evindən iddiaçıya cehiz vermişdir. Bu halda belə çıxır ki, o da tələb etməlidir. İddiaçının iki evi vardır. O evi öz problemini həll etmək üçün satmışdır. Oğlu iddiaçıya görə kredit götürmüş və hazırda onu ödəyir. Cavabdehin digər nikahdan da övladı vardır və həmin uşağa da aliment ödəyir. Birgə nikahdan olan uşağın 3 yaşı tamam olanadək iddiaçının xeyrinə əlavə alimentin ödənilməsinə maddi imkanı çatmır. Lakin ümumilikdə 193 manat sabit pul məcləğində alimentin tutulmasına etiraz etmir. Bundan artıq ödəməyə gücləri çatmır.Yoldaşı xəstədir, imkanları yoxdur. Suala cavab olaraq bildirir ki, tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə ehtiyac yoxdur. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tarixli, AZ-T № 042713 seriyalı nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X4 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 99 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Hümmətzadə, arvada Hümmətzadə soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV № 747731 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Elektron Portal çıxarış məlumatlarına əsasən Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı 496,33 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini və cavabdehin 3 ay vaxt verilmədən boşanmağa razılığını nəzərə alaraq qeyd edir ki, onlar arasında Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış nikah pozulmalıdır. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşaq azyaşlı olduğundan, o cümlədən hal-hazırda iddiaçının yanında yaşadığından və uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olmadığından xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən, nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı iddia ərizəsində cavabdehin aylıq gəlirinin ¼ hissəsi məbləğində aliment tələb etsə də, məhkəmə iclasında sabit pul məbləğində alimentin tutulmasını xahiş etdiyindən məhkəmə cavabdehin sabit pul məbləğində alimentin tutulmasına razı olmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı tamam olanadək, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85-ci maddəsinə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Məhkəmə iddiaçının hamiləlik dövrü və doğuş zamanı çəkilmiş 3300 manat xərcin cavabdehdən tutulması ilə bağlı tələbini əsassız hesab edir. Çünki, iddiaçının məhz həmin məbləğdə olan xidmətdən yararlanması onun öz seçimi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Beləliklə, iddia qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2019-cu il tarixli nikah pozulmalı, xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment, xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı tamam olanadək, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırda mübahisə məhkəmədə həll olunduğundan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(004)-12/2022 saylı qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması barədə qərardadın icrası dayandırılmalı, 193 manat sabit pul məbləğində alimentin tutulması qətnamənin çıxarıldığı gündən, 50 manat sabit pul məbləğində alimentin tutulması isə iddiaçınını məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, aliment tələbinə dair iddia təmin edildiyindən, cavabdehdən bir uşağın saxlanılmasına görə 193 manat və iddiaçıya yardım olaraq 50 manat sabit pul məbləğində aliment tutulduğundan illik hesablanmaqla 2916 ((193+50)*12=2916) manat üçün cavabdehdən 49,16 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019cu il tarixdə 99 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(004)-12/2022 nömrəli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması dayandırılsın. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamə çıxarıldığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı tamam olanadək, yəni xx.xx.2025-ci il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment alınması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 49,16 (qırx doqquz manat on altı qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-3771/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3771/2022
12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver