Məhkəmə qərarları › İş №e-2(004)-3865/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3865/2025

13.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3865/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbində göstərilən xüsusatlara əsasən müəyyən edilir ki, tələb əmək münasibətlərindən yaranmış mübahisədir. Belə ki, iddia tələbi işçinin işəgötürənə qarşı olan əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi tələbidir. Deməli, mübahisənin kökündə fərdi əmək münasibətləri çıxış edir. İş materiallarında olan mediasiya arayışda mediasiya predmeti kimi yalnız “əmək müqaviləsinə xitam verilməsi” qeyd edilmişdir. Yəni, tələb üzrə əmək haqqı tələbi mediasiya prosesinin predmeti olmamışdır. Nəticə etibarilə, iddianın predmetinin təşkil edən tələblərdən biri mediasiya prosesinin predmeti olmamışdır. Beləliklə, iddia tələbi üzrə tam olaraq mediasiya prosedurasına əməl edilməmişdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar