Məhkəmə qərarları › İş №e-2(004)-4057/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4057/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4057/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment qismində ödənilən məbləğin 35 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment qismində ödənilən məbləğin 35 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanılması üçün iddiaçının rəsmi iş yeri üzrə əldə etdiyi qazanc və başqa gəlirlərdən aliment qismində ödədiyi məbləğin 35 faizinin qızları X1 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər əvvəl nikahda olmuşlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2122/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2010-cu il tarixdə 3074 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş 2 qızı vardır: xx.xx.2011-ci il təvəllüdlü (AZE № ********) X3 və xx.xx.2014-cü il təvəllüdlü (AZE № ********) X4. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların anaları - Cavabdeh yanında qalmaları müəyyən edilməklə, yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablanmış, alimentin tutulmasına dair icra vərəqi icraya yönəldilərək rəsmi iş yeri üzrə Baş Prokurorluğa göndərilmiş və hazırkı tarixədək ödənilməsi təmin edilmişdir. İddiaçı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru vəzifəsində işləyir və yüksək əmək haqqı alır. Tərəfindən aliment qismində cavabdehin hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 21.031 manat pul vəsaiti ödənilmiş, bundan başqa aylıq olaraq 1724 manat məbləğində pul vəsaitinin ödənilməsi davam etdirilir. Qızlarının həyat şəraiti nəzərə alınarsa bu vəsait kifayət qədər böyük vəsaitdir. Belə ki, uşaqlar ödənişsiz təhsil müəssisəsində təhsil alırlar, hazırda yaşadıqları mənzil də iddiaçı tərəfindən onlara verilmiş, bundan başqa cavabdehin özünün də daimi iş yeri olmaqla "xxxx" ASC-də Əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsində işlədiyini və uşaqların ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hesab edilir ki, uşaqların mənafeyi və gələcəyi baxımından aliment qismində ödənilən məbləğin 35 faizinin uşaqlardan hər hansı birinin adına açılmış bank hesabına köçürülməsi məqsədəuyğundur. Belə ki, uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğdən istifadə edə biləcəklər (təhsilinə və s.) Həmin dövrə qədər isə uşaqların bank hesabında külli miqdarda vəsait yığılacaqdır. Ödənilən aliment məbləğinin miqdarı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan dəfələrlə artıq olmaqla kifayət qədər yüksək olduğundan, həmin məbləğin 35%-nin uşaqlardan birinin bank hesabına köçürülməsi onların mənafeyini pozmur və uşaqların əvvəlki təminat səviyyəsinə təsir göstərmir. Əksinə, tutulan aliment məbləğinin 35%-nin bank hesabında toplanması uşaqların gələcəyi və mənafeyi baxımından daha əlverişlidir. Aliment qismində ödənilən məbləğin faiz qismi ilə bağlı (50%) mediasiya prosesi təəssüf ki, nəticə verməmişdir. Daha sonra tərəflər uşaqların saxlanılması üçün iddiaçının rəsmi iş yeri üzrə əldə etdiyi qazanc və başqa gəlirlərdən aliment qismində ödədiyi məbləğin 35 faizinin qızları X1 adına açılmış bank hesabına köçürülməsi ilə bağlı razılığa gəlmişlər və bununla bağlı tərəflər arasında notarial saziş bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd olunan tələbin məqsədi cavabdehə ödənilən pul vəsaitinin dolayı yolla məhdudlaşdırılması deyil, məhz uşaqların mənafeyi baxımından onların gələcəkdə saxlanılması, təhsil xərcləri ilə bağlı müəyyən pul vəsaitinin yığılmasıdır. Həmçinin yığılmış vəsait uşaqların özünə xərclənəcək, bunu da onların gələcəyi üçün əlverişli hesab edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini etiraf etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2122/2022 saylı, xx.xx.2022-cı il tarixli qətnaməsinə əsasən, ilkin ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə 3074 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında qalmalarının (saxlanılmaları) müəyyən edilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay qazancı və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qərara alınmışdır. İddiaçı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru vəzifəsində işləməklə, 4500 manat əmək haqqı alır və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 21.031 manat məbləğində aliment tutulmuşdur, həmçinin başqa aylıq olaraq 1724 manat məbləğində pul vəsaitinin ödənilməsi davam etdirilir. İddiaçı ilə cavabdeh arasında 16 iyun 2023-cü il tarixli alimentin ödənilməsi barədə saziş bağlanmışdır. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddia tələbinə etiraz etməmişdir. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin sadalanan normalarınından göründüyü kimi iddiaçıdan aliment şəklində tutulmalı olan onun aylıq gəlirinin məbləği «2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə uşaqların saxlanması üçün müəyyən edilmiş 220 manat yaşayış minimumu həddindən əhəmiyyətli dərəcədə artıqdır. Tutulmalı olan aliment məbləğinin 35 faizinin uşağın adına açılacaq bank hesabında yerləşdirilməsindən sonra, yerdə qalan aliment məbləği hazırkı vəziyyətdə uşağın minimal tələbatları ilə yanaşı, onun əvvəlki yaşayış şəraitinə uyğun təminatını da tam təmin etməyə imkan verir. Bu qənaətə gələrkən məhkəmə uşaqların yaşlarının az olmasını və həmin yaşa uyğun tələbat səviyyəsini nəzər alır. Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, uşaqlardan birinin adına açılacaq bank hesabında yerləşdirilən aliment məbləğinin özü də ailə qanunvericiliyinin müddəalarına görə, uşağın əmlakı sayılır və uşaq böyüdükcə, həmin hesabda toplanmış məbləğ onun artan tələbatlarının ödənilməsi məqsədilə istifadə edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndində göstərilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərətindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Plenum qeyd edir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını, eləcə də birgə nikahda anadan olmuş uşağın qanunla qorunan maraqlarını və mənafeyini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin 35 faizi X1 adına bankda açılmış hesaba köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin 35 faizi X1 adına bankda açılmış hesaba köçürülsün. Alimentin tutulma qaydasının dəyişdirilməsi məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar