Məhkəmə qərarları › İş №e-2(004)-4104/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4104/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4104/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 11490,76 manat məbləğində olan aliment borcunun ödənilməsindən tamamilə azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X1 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşağın anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2005-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hər ay İddiaçı əmək haqqının 1/4 hissəsi miqdarında aliment onun işdən azad olunduğu xx.xx.2008-ci il tarixə kimi Cavabdeh xeyrinə tutulmuşdur. Həmin dövrdə Cavabdeh azyaşlı övladı ilə birlikdə Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışdır. Bundan sonra, İddiaçı Cavabdeh zəng edərək, alimenti ödəməyə hazır olduğunu bildirmiş, sonuncu isə alimenti istəmədiyini demişdir. İcra işinin olduğu Nərimanov Rayon İcra Şöbəsi də iddiaçının hər hansı aliment borcu olması barədə rəsmi bildiriş göndərməmişdir. Həmçinin, iddiaçıya azyaşlı qızı ilə görüşməyə imkan verilməmişdir. O, yalnız 2006-cı və 2008-ci ildə Moskva şəhərində və 2015-ci ildə Bakı şəhərində qızı ilə görüşə bilmişdir. Həmin dövrdə cavabdeh ondan uşağın xaricə aparıla bilməsi üçün razılıq almışdır. Əgər cavabdehin aliment tələbi olsa idi, həmin dövrdə tələb edərdi. Lakin 2022-ci ilin aprel ayına kimi belə bir tələb olmamışdır. Yalnız, 2022-ci ilin aprel ayında Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalov iddiaçıya aliment borcunun yığıldığını bildirmiş və alimentin dərhal ödənilməsini tələb etmişdir. İcra şöbəsinə getdikdə müəyyən edilmişdir ki, Cavabdeh məhkəməyə ərizə yazaraq icra sənədinin yenidən icraya yönəldilməsinə nail olmuş və guya İddiaçı 2008-ci il tarixdən 20990,76 manat məbləğində aliment ödəməli olduğunu bildirmişdir. İcra şöbəsində iddiaçıya olunan təzyiq nəticəsində o, həyəcan keçirərək qorxuya düşmüş və xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023- cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla, cəmi 9500 manat cavabdehin bank hesabına pul köçürtmüşdür. Həmin pul isə iddiaçının mülkiyyətində olan “Mercedes E240” markalı avtomaşının satılması nəticəsində ödənilmişdir. Lakin iddiaçı hesab edir ki, yerdə qalan aliment borcu kimi icra şöbəsi tərəfindən hesablanmış məbləğ (11490,76 manat) ödənilməli deyil. İşdən azad olunduğu tarixdən İddiaçı atasının qayğısına qaldığından heç bir yerdə işləməmişdir. Belə ki, onun atası xx.xx.1934-cü il təvəllüdlü Əliyev Ənvər Abbas oğlu sağlamlıq vəziyyətinə görə özünü idarə edə bilməmişdir, bu səbəbdən də heç bir yerdə işləyə bilməmişdir. Hətta bununla əlaqədar olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamı da vardır. Həmin sərəncamdan da görünür ki, X2 fəaliyyət qabiliyyətli şəxsdir, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və vəzifələrini icra etməyə qadir olmadığından, onun qayğısına oğlu İddiaçı qalır. Bununla da o, atasına patronaj təyin edilmişdir. İddiaçı ailə və maddi vəziyyəti aliment borcunu ödəməyə imkan verməmiş bununla da borc üzürlü səbəbdən əmələ gəlmişdir. Bundan başqa, nə Cavabdeh, nə də Nərimanov Rayon İcra Şöbəsi 2022-ci ilin aprel ayına kimi iddiaçıya hər hansı aliment borcu olması barədə məlumat verməmişdir. Ondan 2008-ci ildə işdən azad olunduğu tarixdən 2022-ci ilin aprel ayına qədər aliment pulu tələb edilməmiş və bu barədə rəsmi bildiriş göndərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının hazırda da işləmədiyini, dəfələrlə müraciət edilsə də, aliment borcuna dair icra şöbəsi tərəfindən rəsmi sənəd verilmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumata əsasən, iddiaçı təkərlərin təmiri xidmətlərinin göstərilməsi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur, mülkiyyətində “Peugeot karsan” markalı mikroavtobus, iki mənzil və bir torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 107. Aliment üzrə borcları ödəməkdən azad edilmə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı tərəfindən məhkəməyə aliment borcunun olmasına dair hər hansı bir sübut təqdim edilmədiyindən, habelə belə bir sübut təqdim edilsə də belə iddiaçının maddi vəziyyəti aliment borcunu ödəməyə imkan verdiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 97,37 (doxsan yeddi manat otuz yeddi qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar