Məhkəmə qərarları › İş №e-2(004)-4108/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4108/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4108/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumilikdə 2950 manat məbləğində pul vəsaitinin (müştərək qaydada) tutularaq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu 201 saylı uşaq bağçasında 28 mart 2022-ci il tarixində oğurluq faktı aşkar edilmişdir, oğurluq nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2950 (iki min doqquz yüz əlli) manat maddi ziyan dəymişdir. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixində saat 23 radələrində ünvan 1 ünvanında yerləşən 201 nömrəli uşaq bağçasına daxil olub 1 ədəd 2950 manat dəyərində “SİME” markalı kombi aparatını gizli olaraq talayıb, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2950 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Yuxarıda qeyd edilən xüsusatların hər biri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(004)-314\2022 nömrəli hökmündə öz əksini tapmışdır. Həmçinin hökm öz qanuni qüvvəsini almışdır. Hesab edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti (müştərək qaydada) tutularaq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(004)-314/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən 201 saylı dövlət baxçasının giriş qapısında olan qıfılı açaraq baxçanın həyətyanı sahəsinə qanunsuz daxil olub baxçanın inzibati binasına quraşdırılmış 201 saylı baxçanın balansında olan 01 ədəd 2950 manat dəyərində “SİME” markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 saylı uşaq baxçasına 2950 manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs Cavabdeh2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 28 mart 2022-ci il tarixdə saat 23 radələrində o, İlham və Cavid ünvan 3 ünvanda yerləşən 201 saylı uşaq baxçasına gələrək baxçanın arxa tərəfində olan dəmir seyf qapının üstündə olan qıfılı dartıb açmış və İlhamla birlikdə baxçanın həyətinə daxil olmuşlar. Cavid isə onları çöldə gözləmişdir ki, gələn olsa xəbər versin. O, İlhamla birlikdə baxçanın inzibati binasına qurlaşdlırılmış kombi aparatını əlləri ilə vintləri açıb sökmüş və kombi aparatını oğurlayaraq oradan uzaqlaşmışlar. Sonra onlar oğurladıqları kombi aparatını hissələrə bölmüşdür ki, metal kimi həmin hissələri satsınlar. Ertəsi günü oğurladıqları kombi aparatını Bakı şəhəri, Yasamal rayonu, Ələkbər Ələskərov küçəsində yerləşən əlvan metalların qəbulu məntəqəsinə ümumilikdə 42 manata satmış və üçünün arasında bölmüşlər. Cinayət yolu ilə əldə etdikləri pulu öz aralarında bölərək ehtiyaclarına xərcləmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs Cavabdeh1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, Gündüz və Cavid və birlikdə 201 saylı uşaq baxçasına getmişlər. Həmin vaxt onlar görmüşdülər ki, baxçanın qapısı bağlıdır. Gündüz ona demişdir ki, o, hasardan baxçanın həyətinə daxil olsun və oradan mühafizəçini çağırsın. O, da hasardan baxçanın həyətinə daxil olaraq mühafizəçini axtarmış, lakin həmin vaxt mühafizəçini tapa bilməmişdir. Bundan sonra o, hasardan çölə keçib Gündüz və Cavidin yanına gələrək onlara demişdir ki, mühafizəçi baxçada yoxdur. Daha sonra isə Gündüz ona demişdir ki, o, baxçanın əsas qapısına getsin və oradan mühafizəçini çağırsın. O, da etiraz etməyib baxçanın əsas giriş qapısına gedərək mühafizəçini axtarmışdır. Lakin yenə də mühafizəçini tapa bilməmişdir. Bundan sonra o, yaxınlıqda yerləşən mağazaya gedərək özü üçün siqaret alıb baxçanın arxa qapısına tərəf gələdə görmüşdür ki, Gündüzlə Cavid gəlir və Gündüzün əlində kombi aparatı var. Gündüz ona demişdir ki, həmin aparalı aparıb satacaq və ona 10 manat pul verəcək. O, da onlarla birlikdə baxçadan təxminən iki kilometr aralıda yerləşən metal qəbulu məntəqəsinə getmiş, lakin o, kənarda dayanmış, Gündüzlə Cavid isə aparıb kombi aparatını satmışlar. Təxminən 20 dəqiqədən sonra Gündüz Cavidlə birlikdə onun yanına gəlmiş və Gündüz ona 10 manat pul vermişdir. O, da Gündüzdən 10 manat pulu götürüb taksi ilə Maşlağa qəsəbəsinə getmişdir. Lakin həmin vaxt onların kombi aparatını oğurlamaları barədə onun məlumatı olmamışdır. Bir neçə gün keçəndən sonra ona məlum olmuşdur ki, kombi aparatını Gündüz və Cavid 201 saylı məktəbdən oğurlamışlar. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs Cavabdeh3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 28 mart 2022-ci il tarixdə saat 19 radələrində o, Yasamal rayonu T.Şahbazi küçəsi ilə gedən zaman 201 saylı uşaq baxçasının yaxınlığında tanışları Gündüz və İlhamla görüşmüş, Gündüz ona bildirmişdir ki, 201 saylı uşaq baxçasında köhnə kombi aparatı var və həmin aparatı mühafizəçidən alacaq və aparıb satıb pulunu böləcəklər. O, da Gündüzlə razılaşmışdır. Bundan sonra o, kənarda dayanmış, Gündüzlə İlham isə 201 saylı baxçaya getmişlər. Bir neçə dəqiqə keçəndən sonra görmüşdür ki, Gündüzlə İlham gəlir və onların əlində kombi aparatı var. Həmçinin onları arxası ilə kimsə gəlir və həmin şəxsin əlində fonar var və İlhamla Gündüz tələsik gələrək taksi saxlamış və onların hər üçü taksiyə minib getmişlər. Ona məlum olmuşdur ki, İlham və Gündüz kombi aparatını baxçadan oğurlamışlar. Daha sonra isə onlar taksi ilə Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmiş, o, yenə də taksidən düşüb kənarda dayanmış, Gündüzlə İlham aparıb kombi aparatını satıb gəlmişlər. Həmin vaxt Gündüz bildirmişdir ki, kombi aparatını 42 manata satmış, Gündüz həmin pulun 10 manatını İlhama vermiş, 18 manatını ona vermiş, 14 manatı isə özünə götürmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən törədilməsi tam sübuta yetir, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin maddi zərər vurulması ilə bağlı müddəaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1113.1-ci maddəsinə görə, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə görə,zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmçinin qanunvericiliyin müddəalarına uyğun olaraq, zərər vurulması öhdəliyin yaranma əsaslarından biri kimi də çıxış edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-314/2022 nömrəli hökmü ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 mart 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən 201 saylı dövlət baxçasının giriş qapısında olan qıfılı açaraq baxçanın həyətyanı sahəsinə qanunsuz daxil olub baxçanın inzibati binasına quraşdırılmış 201 saylı baxçanın balansında olan 01 ədəd 2950 manat dəyərində “SİME” markalı kombi aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin 201 saylı uşaq baxçasına 2950 manat maddi ziyan vurmaqla oğurluq etdikləri təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu halda müəyyən olunur ki, cavabdehlər bağçanın həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, bağçanın inzibati binasına quraşdırılmış kombi aparatını oğurlayaraq, bağçaya 2950 manat məbləğində maddi zərər vurmuşlar. Ona görə iddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2950 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 49,50 (qırx doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2950 (iki min doqquz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 49,50 (qırx doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar