Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-422/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 məxsus “Mercedes Benz S320” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyana görə 2.937 manat, mənəvi zərərə görə 20.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi və Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə xüsusi qərar qəbul edilərək aidiyyəti istintaq orqana göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X8 özünə məxsus olan “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 17:45-də “X7”nin qarşısında saxlamış və dostu ilə birlikdə “X10” də olacağını avtomobil dayanacağa baxan nəzarətçiyə bildirmişdir. Təxminən bir saat sonra kafedən çıxıb evə gedən zaman avtomobilin sol yan güzgüsünün sındırıldığını və qapının zədələndiyini görmüş, soruşduqda nəzarətçidən güzgünün “Chevrolet Aveo” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 əli ilə vuraraq sındırdığını öyrənmişdir. Avtomobilin güzgüsünü bərpa etmək üçün 2.937 manat vəsait tələb olunur. Avtomobilin qapısı isə zədələnməmişdir. X3 ona 3.000 manat borcu vardır. Borcun əvəzində Bakı şəhəri 23 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış 3M-108 reyestr nömrəli tələb hüququnun güzəşt edilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən X2 Abdulrəhman Ramiz oğlu və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərini İddiaçı güzəşt etmiş, İddiaçı isə onun adından Cavabdeh1 və Cavabdeh2 tələb etmə hüququnun güzəştini qəbul etmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Avtomobilin güzgüsünün bərpası üçün 2.937 manat vəsait və mənəvi zərərin əvəzi olaraq 20.000 manat pul ödənilməsini cavabdehlərdən tələb edir. Cavabdeh2 avtomobilin güzgüsünü əli ilə sındırsa da, hesab edir ki, onun idarə etdiyi “Chevrolet Aveo” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 da vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, Cavabdeh1 mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və xx.xx.2020-ci il tarixdə “X7”nə kursa getmiş və avtomobili binanın qarşısında qanuni park yerində saxlayaraq binaya girmişdir. Kursunu bitirib saat 18:00 radələrində geri qayıdında avtomobilinin arxasında, yolun hərəkət hissəsində ikinci zolaqda “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşdür. O, nəzərətçiyə yaxınlaşaraq avtomobilin kimə məxsus olduğunu soruşmuş, nəzərətçi avtomobilin kimə məxsus olduğunu bilmədiyini və sahibinin “X10”yə getdiyini demişdir. Avtomobilin üzərində hər hansı bir əlaqə nömrəsi də yazılmamışdı. O, öz avtomobilinə əyləşmiş və 15-20 dəqiqə gözləmiş, fikirləşmişdir ki, sahibi tezliklə gələr və ona dayanacadan çıxmağa yol verər. Nəzərçi və o, “X10”dən avtomobilin sürücüsünü axtarsa da tapa bilməmişlər. Avtomobilin sahibi gəlmədiyinə və o, vacib iş görüşməsinə tələsdiyinə görə DİN 102 xidmətinə zəng etmiş və ona dayanacaqdan çıxmasına və avtomobilin sahibinin tapıldmasına köməklik edilməsini xahiş etmişdir. Lakin 102 xidmətindən ona bildirmişlər ki, BNA-ya müraciət etsin. O, BNA-ya zəng etmiş, lakin onlar da heç bir köməklik etməmişdir. Daha sonra 156 evakutor xidmətinə zəng etmiş və avtomobilin götürülərək kənara qoyulmasını xahiş etmişdir. Ona bildirilmişdir ki, avtomobilin sahibi olmadan götürə bilməzlər. Artıq bir saata yaxın vaxt ərzində “Mercedes Benz S320” markalı avtomobilin sahibini axtarsa da tapa bilməmiş, iş görüşməsinə də gecikmiş, işi əldən çıxmışdır. Bu səbəbdən həddindən artıq həyacanlanmış və əsəbi vəziyyətdə olmuşdur. Daha sonra onun yanında saxlamış digər avtomobil çıxdığına görə, o, qarşı tərəfdən dayanacaqdan çıxa bilmişdir. Lakin əsəbləri çox gərgin olduğuna və təklif olunan iş əlindən çıxdığına görə, avtomobili kənarda saxlayıb düşmüş və “Mercedes Benz S320” markalı avtomobiilin yanına gələrək sol güngüsünə əli ilə zərbə endirmişdir. Güzgünün korpusu yerindən çıxmışdır. O, dərhal etdiyi hərəkətdən peşman olmuş və nəzarətçiyə avtomobilin güzgüsünü sındırdığı barədə məlumat vermiş və sahibinə deməsini xahiş etmişdir. Bir saatdan artıq vaxt keçməsinə baxmayaraq “Mercedes Benz S320” markalı avtomobilin sahibi oraya gəlməmişdir. O, avtomobilini sürüb getmişdir. Axşam ona 27-ci PB-dən zəng gəlmiş və onu bölməyə çağırmışlar. O, PB-də olduğu kimi hadisə barədə məlumat vermiş və avtomobilin korpusu çıxmış güzgüsünün əvəzində yenisini və ya ikinci əl satılan yaxşı vəziyyətdə olan original güngü alıb verməyə razı olduğunu bildmişdir. Lakin “Mercedes Benz S320” markalı avtomobilin sahibi X9 razılaşmamış, onu hədələməyə başladı və başına oyun açacağını bildirdi. Avtomobilin güzgüsünün korpusuna zəroər vursa da, qapıya heç bir zədə dəyməmişdir. O, mağazalardan öyrənmiş və “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün originalının yenisinin qiyməti 100-130 manat, original işlənmişinin qiyməti isə 50-80 manat arası olduğunu öyrənmişdir. Bu barədə mağazalardan yazılı sənəd almışdır. Ban nömrəsi WDB140, WDB202, WDB210 olan “Mercedes Benz” markalı avtomobillərin yan güzgüləri eynidir və originalının qiymətləri də qeyd etdiyi kimidir. Hazırda mağazadan “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün originalının yenisini 100-130 manat, original işlənmişini 50-80 manata alaraq avtomobilin sahibi X4 və ya tələb hüququ keçmiş İddiaçı verməyə və 150 manat pul verməyə razıdır. 1998-ci il buraxılışlı işlənmiş avtomobilin yan güzgüsünün qiymətinin 2.937 manat olması absurddur və şişirdilmişdir. Bu tələbi irəli sürməklə ondan qanunsuz olaraq pul almağa çalışırlar. O, X4 hər hansı bir mənəvi zərər vurmamışdır. X1 ucbatından o, stres keçirmiş, vacib iş görüşməsi fürsətini itirmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, “Chevrolet Aveo” minik markalı, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və etibarnamə əsasında avtomobili Cavabdeh2 idarə edir. Avtomobillə hər hansı bir hadisə törədilməmişdir. O, X5 tanımır, ona məxsus olan “Mercedes Benz” markalı, 1998-ci il buraxılışlı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı bir zərər vurmamış və hadisə yerində ümumiyyətdə olmamışdır. Odur ki, ona qarşı verilmiş əsassız və absurd iddianın rədd edilməsirni xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi və Cavabdeh1 mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə “X7”nə kursa getmiş və avtomobili binanın qarşısında qanuni park yerində saxlayaraq binaya girmişdir. Kursunu bitirib saat 18:00 radələrində geri qayıdında avtomobilinin arxasında, yolun hərəkət hissəsində ikinci zolaqda “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşdür. Cavabdeh2 və nəzərətçi “Mercedes Benz S320” markalı avtomobilin sahibini axtarsalar da, tapa bilməmişlər. Avtomobilin üzərində hər hansı bir əlaqə nömrəsi də olmamışdır. Cavabdeh2 öz avtomobilinə əyləşmiş və 15-20 dəqiqə gözləmişdir, digər avtomobilin sahibi gəlib ona dayanacadan çıxmağa yol verər. Lakin həmin avtomobilin sahibi gəlmədiyinə və Cavabdeh2 vacib iş görüşməsinə tələsdiyinə görə DİN 102 xidmətinə zəng etmiş və ona dayanacaqdan çıxmasına və avtomobilin sahibinin tapıldmasına köməklik edilməsini xahiş etmişdir. Lakin 102 xidmətindən ona bildirmişlər ki, BNA-ya müraciət etsin. Cavabdeh2 BNA-ya zəng etmiş, lakin onlar da heç bir köməklik etməmişdir. Daha sonra 156 evakutor xidmətinə zəng etmiş və avtomobilin götürülərək kənara qoyulmasını xahiş etmiş, ona bildirilmişdir ki, avtomobilin sahibi olmadan götürə bilməzlər. Cavabdeh2 artıq bir saata yaxın vaxt ərzində “Mercedes Benz S320” markalı avtomobilin sahibini axtarsa da, tapa bilməmiş, iş görüşməsinə də gecikmiş, işi əldən çıxmışdır. Bu səbəbdən həddindən artıq həyacanlanmış və əsəbi vəziyyətdə olmuşdur. Daha sonra onun yanında saxlamış digər avtomobil çıxdığına görə, Cavabdeh2 qarşı tərəfdən dayanacaqdan çıxa bilmişdir. Lakin əsəbləri çox gərgin olduğuna və təklif olunan iş əlindən çıxdığına görə, avtomobili kənarda saxlayıb düşmüş və “Mercedes Benz S320” markalı avtomobiilin yanına gələrək sol güngüsünə əli ilə zərbə endirmişdir. Nəticədə avtomobilin güzgüsünə zərər dəymişdir. DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD 502975 nömrəli şəhadətnamənin surətindən müəyyən edilir ki, “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. “AZEMİS” Elektron Məhkəmə Sisteminin çıxarışından müəyyən edilmişdir ki, “Chevrolet Aveo” minik markalı, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətindədir. İddiaçı ilə X8 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış 3M-108 reyestr nömrəli tələb hüququnun güzəşt edilməsinə dair müqaviləsinin 1.1-ci bəndinə əsasən həmin müqaviləyə görə X2 Abdulrəhman Ramiz oğlu və Cavabdeh2 tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərini İddiaçı güzəşt etmiş, İddiaçı isə onun adından Cavabdeh1 və Cavabdeh2 tələb etmə hüququnun güzəştini qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh2 hərəkətləri nəticəsində “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün sınması nəticəsində X4 2.937 manat maddi zərər və 20.000 manat həcmində mənəvi zərər dəydiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X3 avtomobilinin yalnız sol yan güzgüsünə zərər vurulmuşdur. Güzgünün yenisi ilə əvəz olunmasına isə 100-150 manat vəsait tələb olunur. Yəni, X4 2.937 manat həcmində deyil, 100-150 manat həcmində maddi zərər vurulmuşdur. Məhkəmə 22 il müddətində istismar edilmiş avtomobilin bir ədəd yan güzgüsünün dəyərinin 2.937 manat təşkil etməsini qəbul etmir və qeyd edir ki, bu məbləğ reallağı əks etdirmir. Çünki, “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün originalının yenisinin qiyməti 100-130 manat, original işlənmişinin qiyməti isə 50-80 manat arası təşkil edir. Cavabdeh bu barədə mağazalardan aldığı yazılı sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəmə internet vasitəsilə ehtiyat hissələrinin satışı ilə bağlı mağazalarda olan qiymətlərdən də müəyyən etmişdir ki, Ban nömrəsi WDB140, WDB202, WDB210 olan “Mercedes Benz” markalı avtomobillərin yan güzgüləri eynidir və originalının qiymətləri də yenisi 100-150 manat, ikinci əl işlənmiş originalının qiyməti isə 50-80 manat arasında dəyişir. Məhkəmə ustanın zəhmət haqqı ilə birlikdə real maddi zərəri 200 manat qiymətləndirir və hesab edir ki, bu məbləğ Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Hadisə nəticəsində X4 har hansı bir mənəvi zərər vurulmamışdır, əksinə onun qanunsuz hərəkəti (avtomobili düzgün saxlamaması) nəticəsində Cavabdeh2 təxminən bir saat müddətində öz avtomobili ilə dayanacaqdan çıxa bilməmiş, iş görüşməsi baş tutmamış, stres keçirmişdir. Hadisənin baş verməsinə X3 avtomobilini düzgün saxlamaması rəvac vermişdir. İddiaçı digər Cavabdeh1 hansı qanunsuz hərəkətləri nəticəsində X3 maddi və mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirməmiş və hansı səbəbdən Cavabdeh1 qarşı iddia verdiyini izah edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, X4 məxsus “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə vurulmuş zərərin aradan qaldırılması üçün Cavabdeh2 200 manat pul tutularaq, X8 ilə İddiaçı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilməli, iddia tələbi - Cavabdeh2 qarşı olan digər hissələrində rədd edilməlidir. İddia tələbi - Cavabdeh1 qarşı olan hissədə tam rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 məxsus “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə vurulmuş zərərin aradan qaldırılması üçün Cavabdeh2 200 (iki yüz) manat pul tutularaq, X8 ilə İddiaçı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilsin. İddia tələbi - Cavabdeh2 qarşı olan digər hissələrində rədd edilsin. İddia tələbi Cavabdeh1 qarşı olan hissədə tam rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-422/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-422/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver