Məhkəmə qərarları › İş №e-2(004)-446/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-446/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-446/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mübahisə premet barəsində müstəqil tələ irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə “müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən mənzilin təmir xərclərinə görə 25000 (iyirmi beş min) manat, maddi ziyana görə 150000 (yüz əlli min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat, cəmi 195000 (yüz doxsan beş min) manat və ödənilmiş 485 (dörd yüz səksən beş) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2011-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən kooperativin üzvülüyünə qəbul edilməyi, MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanında inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81.25 kv.metr mənzilinin ona satılması və bu barədə onunla müvafiq müqavilənin bağlanması qərara alınmışdır. Bundan sonra həmin tarixdə, yəni xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə aralarında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanında inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81.25 kv.metr mənzili ona təhvil verilməsi öhdəsinə götürmüş və o isə mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri tam icra edərək 40625 (qırx min altı yüz iyirmi beş) manat pulu cavabdehə ödəmiş, cavabdehə heç bir borcu yoxdur. Belə ki, cavabdeh ona bir mənzil təhvil vermiş, mənzili qismən təmir etmişdir və sonradan məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxsin dövlət reyestrindən çıxarışı vardır. Bundan sonra “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə” iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanında inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81.25 kv.metr mənzilinin cavabdeh: Cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1521/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021- ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MTK kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3786/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir: “Belə ki, üçüncü şəxs X4 özünə məxsusluğunu iddia etdiyi mənzilə dair iddiaları ilə bağlı baxılan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından, mənzillə əlaqədar X4 adına verilmiş hüquqmüəyənedici sənədlərdən, cavabdeh tərəfindən təqdim olunmuş arayış və digər sənədlərdən, cavabdeh tərəfin izahatlarından, habelə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış protokolundan görünür ki, X8 ilə MTK və iddiaçı ilə MTK arasında bağlanmış 1 yanvar 2011-ci il və 30 sentyabr 2011-ci il tarixli müqavilələr eyni mənzilə aiddir. Məhkəmə qərarlarına əsasən isə həmin mənzil X4 mülkiyyətinə verilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı da iddia ərizəsində məhz bu mənzilin ona təhvil verilməsini tələb edir. Beləliklə də iddia edilən mənzilin X5 məxsus olan 44 saylı mənzil, həmçinin Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34 B ünvanında inşa olunmuş binanın 1-ci girişi 9-cü mərtəbəsində yerləşən və İddiaçı xx.xx.2011-ci il tarixli “Koorperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK tərəfindən satılmış mənzil ilə eyni mənzil olduğu müəyyən olunur.” Göründüyü kimi cavabdeh eyni mənzili həm ona, həm də X3. Həmin mənzili qismən təmir edərək təmirinə 25000 (iyirmi beş min) manat xərcləmiş, mənzilin təmirinin yalnız kosmetik hissəsi qalmışdı ki, mənzil ondan geri alınmışdır. Yuxarıda qeyd etdiyi kimi cavabdehə Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metrdən ibarət mənzilə görə 40625 (qırx min altı yüz iyirmi beş) manat pul ödəmişdir. Hazırda isə həmin yerdə, 2 otaqlı, 81.25 kv.mdən ibarət mənzillərin dəyəri 150 000 (yüz əlli min) manat təşkil edir. Belə ki, cavabdehlə aralarında müqavilə bağlanmış, mənzil ona təhvil verilmiş, mənzili təmir edəndən sonra mənzil ondan alınmışdır. 13 ildir ki, bununla bağlı məhkəmə çəkişmələri davam edir, bu vaxt ərzində narahatçılıqlar, stres və gərginlik yaşamışdır. Mənəvi sarsıntı keçirmiş, dəfələrlə məhkəməyə müraciət etmiş və eləcə də məhkəmə iclaslarında vaxt sərf etmişdir. İllərdir ki, evsiz qalmış, hal-hazırda da kirayədə yaşayır. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi aşağıdakı səbəblərdən əsassızdır və təmin olunmamalıdır. Əvvəla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MTK arasında mənzillə bağlı müqavilə 2011-ci il tarixində imzalanmışdır. Beləliklə iddiaçı 2011-ci il tarixli müqaviləyə istinad edərək iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirirlər ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Vurğulamaq lazımdır ki, iddia müddətinin axımı iddia hüququ yarandığı gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən yaranır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Göründüyü kimi qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəf "xxxx" MMC ilə ilkin müqavilə bağlamış və bu vaxtadək onlara qarşı iddia irəli sürülməmişdir. Hesab edir ki, onlara aid heç bir öhdəlik yoxdur, buna görə də iddia əsassızdır. Həmçinin bildirdi ki, iş üzrə iddia müddəti otürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilsə də, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh MTK-nın maliyyə arayışına əsasən, ünvan 3 ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş 8-ci mərtəbəsində, tikinti sahəsi 81,25 kv.m. yaşayış sahəsi 36,45 kv.m olan 2 otaqlı, 38 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. - Cavabdeh MTK-nın ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokoluna əsasən, İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34 B ünvanında inşa etdiyi binanın 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzili İddiaçı satılmış və onunla bu barədə müvafiq müqavilə bağlanmışdır. - Kooperativ mənzil tikintisi haqqında xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, müqavilənin predmetini Cavabdeh MTK-ya ayrılmış ünvan 5 ünvanında İddiaçı vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 38 saylı mənzili təşkil etmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən İddiaçı hər ay 665 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə iddia tələbi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1531/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzil cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hər iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında kooperativ mənzil tikintisi haqqında xx.xx.2011-ci il tarixli müqaviləyə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanında inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81.25 kv.metr mənzil üçün Cavabdehnə 40625 (qırx min altı yüz iyirmi beş) manat pul ödəmişdir. Bu barədə cavabdeh tərəfindən maliyyə arayışı verilmişdir. Bundan sonra o, mənzili təhvil almış və və sonradan məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxsin dövlət reyestrindən çıxarışı vardır. İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə son olaraq apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən üçüncü şəxs X4 özünə məxsusluğunu iddia etdiyi mənzilə dair iddiaları ilə bağlı baxılan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından, mənzillə əlaqədar X4 adına verilmiş hüquqmüəyənedici sənədlərdən, cavabdeh tərəfindən təqdim olunmuş arayış və digər sənədlərdən, cavabdeh tərəfin izahatlarından, habelə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış protokolundan görünür ki, X8 ilə MTK və iddiaçı ilə MTK arasında bağlanmış 01 yanvar 2011-ci il və 30 sentyabr 2011-ci il tarixli müqavilələr eyni mənzilə aiddir. Məhkəmə qərarlarına əsasən isə həmin mənzil X4 mülkiyyətinə verilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. X8 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34 B ünvanında inşa olunmuş binanın 1-ci girişi 9-cü mərtəbəsində yerləşən 44 (38) saylı mənzilin mülkiyyətçisidir və onun bu əmlaka dair mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisəli mənzil MTK-nın sahibliyində deyildir, X2 isə qanunidir. Hal-hazırda iddiaçı mənzilin təmir xərcləri üçün cavabdehdən 25000 (iyirmi beş min) manat, maddi ziyana görə 150000 (yüz əlli min) manat, mənəvi ziyana görə 20000 (iyirmi min) manat, cəmi 195000 (yüz doxsan beş min) manat pul tələb edir, cavabdeh isə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş edir. Müvafiq qətnamə ilə mübahisəli mənzilin təhvil verilməsinə dair iddianın təmin olunmaması iddiaçını ayrı icranı qəbul etmək və ya bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmədiyini izah edilmişdir. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq qismən mənzilə görə ödənilmiş 40625 (qırx min altı yüz iyirmi beş) manatın təmin edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MTK-nın etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddiahəmin hissədə qismən haqlı sayılır. Belə ki, iddiaçı vurulmuş maddi ziyanın məbləği olaraq 150000 (yüz əlli min) manat tələb etsə də, məhkəməyə həmin məbləğə dair mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı uzun illərdir ki, müxtəlif instansiyalarda məhkəmə mübahisələri davam etmiş, mübahisələrin sonu iddiaçının MTK tərəfindən digər müqavilə əsasında başqa şəxsə mübahisəli daşınmaz əmlakı satması ilə əlaqədar iddiaçının xeyrinə bitməmiş, iddiaçı tərəf yeni iddia ilə, yəni vurulmuş ziyan və s. tələblə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur qalmışdır. Belə olan halda sözügedən hadisələrin fonunda iddiaçı tərəfindən mənəvi iztirab (stress və əsəb) keçirilməsi danılmazdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin məbləğini hazırki halda 3000 (üç min) manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin “mənzilə çəkilmiş təmir xərcinə görə 25000 manat pul” hissəsində təmin edilməməsi qənaətinə gəlir. Belə ki, işin mübahisəsiz halı olaraq məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs X1 və istifadəsinə verilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, hal-hazırda həmin hissədə (təmir xərci) əsassız varlanan şəxs Cavabdeh MTK deyildir. Məhkəmə hazırlıq iclasında cavabdeh qismində cəlb edilmə iddiaçı ilə müzakirə olunmuş, iddiaçı iddia üzrə bütün tələblər üzrə cavab verməli olan şəxsin Cavabdeh MTK olduğunu bildirmiş, məhkəmə öz təşəbbüsü ilə X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs kimi işə cəlb etmişdir. Məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, mübahisəli mənzilə onun tərəfindən təmir xərcinin çəkilməsi ilə bağlı əsassız varlanan şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, işi materiallarından da göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərinin icrası qaydasında mənzilin təhvil verilməsi ilə bağlı uzun müddətli məhkəmə mübahisələri 2024-cü ilin ortalarına qədər davam etmişdir. Mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia təmin edilmədiyi halda həmin mənzilə görə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı 2024-cü ilin oktyabr ayında məhkəməyə mraciət olunmuşdur. Belə olan halda məhkəmə bildirir ki, hazırkı tələblər üzrə iddiaçı iddia müddətini ötürməmişdir. Son olaraq məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh MTK üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən də olsa təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 40625 (qırx min altı yüz iyirmi beş) manat və vurulmuş mənəvi ziyana görə 3000 (üç min) manat olmaqla, cəmi 43625 (qırx üç min altı yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 485 (dörd yüz səksən beş) manat məbləğində pulun 108,50 (bir yüz səkkiz manat əlli qəpik) manat hissəsi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 40625 (qırx min altı yüz iyirmi beş) manat və vurulmuş mənəvi ziyana görə 3000 (üç min) manat olmaqla, cəmi 43625 (qırx üç min altı yüz iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 485 (dörd yüz səksən beş) manat məbləğində pulun 108,50 (bir yüz səkkiz manat əlli qəpik) manat hissəsi Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar