Məhkəmə qərarları › İş №e-2(004)-4497/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4497/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4497/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hospitalla aralarında bağlanmış 08 mart 2025-ci il tarixli Tibbi xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin qarşılığı olan 4.590,19 manat borc məbləğinin, ödənilmiş 65,91 manat dövlət rüsumunun, ümumilikdə 4.656,1 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi Mərkəzi Hospitalının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı (bundan sonra Hospital) ilə cavabdeh X3 arasında 08 mart 2025-ci il tarixində sonuncunun qardaşı X2 müvafiq qaydada lazımi tibbi xidmətlər göstərilməsinə dair tibbi xidmət müqaviləsi bağlanmışdır. Belə ki, bağlanmış Müqaviləyə əsasən “Hospital müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir. Həmin Müqavilənin 3.2-ci yarımbəndinə əsasən, müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış v ə əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği xəstə və ya xəstə yaxını tərəfindən göstərilən qiymətlərə əlavə olaraq Hospitalın hesabına ödənilir. Hospital Müqavilə şərtlərini lazımi qaydada həyata keçirərək keyfiyyətli tibbi xidmətlər göstərilmişdir. Tibbi xidmətlərin göstərildiyi müddət ərzində ümümilikdə 31.890,19 manat dəyərində tibbi xidmət göstərilmiş, 27.300,00 manat ödənilmiş, qalan 4.590,19 manat isə tərəflərindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq, bu günə qədər ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsi kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Xəstə yaxını (qardaşı) Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini Hospitala ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 5-ci maddəsinə əsasən tərəflər arasında yaranacaq mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həll edilir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan 2(004)-4497/2025 nömrəli iş üzrə cavabdeh tərəf Cavabdeh xx.xx.2025-ci il tarixində 2000 (iki min) manat pul vəsaitini Hospitalın hesabına ödədiyindən, iddia tələbi azaldılaraq, cavabdehdən 2656.1 (iki min altı yüz əlli altı manat on qəpik) manat tutularaq DGK TXİ Mərkəzi Hospitalın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(004)-4497/2025 nömrəli iş üzrə cavabdeh tərəf Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 2000 (iki min) manat pul vəsaiti Hospitalın hesabına ödəndiyindən, 2590.19 manat borc məbləğinin, 45.91 manat dövlət rüsumunun tutularaq DGK TXİ Mərkəzi Hospitalın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, qardaşının avtomobil qəzası keçirtdiyini, Gömrük Hospitalında 14 gün müalicə aldıqdan sonra vəfat etdiyini, 27000 manatdan çox ödəniş etdiyini, lakin hazırda tam ödənişi etməyə maddi imkanının olmadığını, ödəniş üçün vaxt verilməsini və aylıq gəlirinin 420 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli tibbi xidməti müqaviləyə əsasən Hospital müvafiq tibbi xidməti həyata keçirir, Xəstə (X4) və Xəstə yaxını/nümayəndəsi isə göstərilən tibbi xidmətə görə qiymət kitabında müəyyən edilmiş məbləği Hospitala ödəyir. İş materiallarında olan X7 xx.xx.2025-ci il tarixli faktura çıxarışına əsasən xəstə X2 göstərilmiş xidmət xərcləri 19.307,00 manat və əczaxana xərcləri 12.583,19 manat olmaqla, ümumilikdə 31890,19 manat ödəniləcək məbləğ hesablanmışdır. Həmin məbləğdən 27.300 manat məbləğində ödəniş olunmuş, 4590,19 manat qalıq borc qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya (müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə) məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidmıəti İdarəsi Mərkəzi Hospitalı ilə aralarında 08 mart 2025-ci il tarixində tibbi xidmət müqaviləsi bağlandığı, həmin müqaviləyə əsasən avtoqəza nəticəsində xəsarət almış qardaşı X2 "Parçalı sümük sınığı” əməliyyatı həyata keçirildiyi və digər lazımi tibbi xidmətlər göstərildiyi, E.Fərzəliyevin Hospitalda olduğu müddət ərzində göstərilmiş tibbi xidmətin dəyəri ümümilikdə 31890,19 manat təşkil etdiyi, həmin məbləğdən 27,300 manat Hospitalın hesabına ödənildiyi, qalan 4590,19 manat isə tərəflərindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq, hazıradək ödənilmədiyi, Belə ki, hadisəni törətmiş X8 tərəfindən AR DGK TXİ Mərkəzi Hospitalın rəisi-Baş həkim Bəxtiyar Musayevə məktub ünvanlayaraq, xəstə X1 4590,10 manat borcunun 07 aprel 2025-ci il tarixədək onun özü tərəfindən ödənilməsinə dair tam zəmanət verdiyini bildirdiyini, lakin hazırki tarixədək sonuncu tərəfindən hər hansı məbləğ hesaba ödənilmədiyini nəzərə alaraq, 08 mart 2025-ci il tarixli müqaviləyə əsasən yaranmış qalıq borc 4590,19 manat pul vəsaitini ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı tam etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində sonuncunun qardaşı X2 müvafiq qaydada lazımi tibbi xidmətlər göstərilməsinə dair tibbi xidmət müqaviləsi bağlanmışdır. X2 tibbi xidmətlərin göstərildiyi müddət ərzində ümümilikdə 31.890,19 manat dəyərində tibbi xidmət (xidmət + əczaxana) göstərilmişdir. Həmin məbləğdən 27.300,00 manat ödənilmiş, qalan 4.590,19 manat isə borc olaraq qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı tam etiraf etmişdir. Daha sonra məhkəmə icraatının gedişində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın hesabına 2000 manat ödənilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi 2590.19 manat borc məbləğinin, 45.91 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının 45.91 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 45.91 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını və cavabdehin iddianı tam etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2590.19 manat və dövlət rüsumu olaraq ödənilmiş 45.91 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2590.19 (iki min beş yüz doxsan manat on doqquz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 45.91 (qırx beş manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar