Məhkəmə qərarları › İş №e-2(004)-4527/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4527/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4527/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Yasəf oğluna qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: nikah haqqında şəhadətnamə, aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Yasəf oğluna qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Yasəf oğluna (bundan sonra – cavabdeh) qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yasəf oğlu ilə aralarında Bakı “Nikah evi”ndə 2946 sayla xx.xx.2010-cu il tarixlə qeydə alınmış nikahın pozulmasına, birgə nikahdan doğulan uşaqların, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmasına, Cavabdeh Yasəf oğlundan dörd uşağın saxlanması üçün hər uşağa 500 manat, cəmi 2000 manat sabit pul məbləğində alimentin və 61 manat mediasiya rüsumu, 50 manat məbləğində dövlət hesabına ödənilmiş dövlət rüsumun İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 19 noyabr 2010-cu ildə Bakı “Nikah evi”ndə 2946 saylı rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahındandan dörd övladı olmuşdur. xx.xx.2011-ci il təvəllüdlü X8; xx.xx.2014-cü il təvəllüdlü X5; xx.xx.2016-cı il təvəllüdlü X9; xx.xx.2020-ci il təvəllüdlü X6. Onlar ailə qurduqdan sonra mehriban ər-arvad münasibətində yaşamışlar. Nikahın pozulması ilə bağlı ərizə verməsinin səbəbi son vaxtlar cavabdehlə ailə münasibətləri zəminində baş verən mübahisələrin kəskinləşməsi və bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Onlar qarşılıqlı olaraq ayrılmaq qərarına gəlmişlər. Dəfələrlə mübahisələrdən sonra barışıb bir yerdə yaşamağa davam etmişlər, lakin ikisi də artıq birlikdə yaşamağın imkansız olmasını anlamışlar. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Birgə nikahdan dünyaya gələn övladları hal-hazırda onun himayəsindədirlər. O uşaqların cavabdeh ilə görüşmələrinə heç bir etiraz etmir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı Nikah Evi tərəfindən 19 noyabr 2010-cü il tarixdə verilmiş AZ-İ seriyalı 629761 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh Yasəf oğlu ilə X7 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 2946 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

8. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 757985 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları vardır.

9. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır.

10. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 813078 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladları vardır.

11. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, tərəflərin xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladları vardır.

12. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur.

15. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

16. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

17. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

18. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

19. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

24. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 2946 nömrə ilə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur və hazırda anası İddiaçı ilə yaşayır.

26. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini, cavabdehin 3 ay vaxt verilmədən nikahın pozulmasına razı olmasını, tərəflərin uzun müddət faktiki olaraq ailə münasibətlərində olmamalarını nəzərə alaraq hesab edir ki, onlar arasında Bakı Nikah evində xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikah pozulmalıdır.

27. Həmçinin uşağın ananın yanında saxlanılması cavabdeh tərəfindən mübahisələndirilməmişdir, bu səbəbdən “mülki icraatda formal həqiqətin müəyyən edilməsi” prinsipi nəzərə alınmaqla məhkəmə mülki işin mübahisəsiz halı kimi həmin hissədə ətraflı araşdırma aparmamışdır.

28. Məhkəmə tərəflər arasında birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması uşağın mənafeyinə uyğundur.

29. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının uşağın saxlanılmasına görə hər ay 500 manat miqdarında aliment ödənilməsi tələbi təmin edilməlidir.

30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

31. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh Yasəf oğlu arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və akt qeydləri kitabında 2946 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh Yasəf oğlundan hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

32. Məhkəmə qeyd edir ki, cavabdehdən onun övladının saxlanılması üçün tutulmalı olan aliment iddiaçının aliment tələbi ilə məhkəməyə ilkin müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat mediasiya rüsumu və 50 manat dövlət rüsumu Cavabdeh Yasəf oğlundan tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Yasəf oğlu arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və akt qeydləri kitabında 2946 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh Yasəf oğlundan hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 60 manat mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu Cavabdeh Yasəf oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar